Amerika Birləşmiş Ştatlarının Azərbaycandakı səfiri
Riçard Morninqstar Amerikanın Səsinə müsahibəsində ABŞ-Azərbaycan
diplomatik münasibətlərinin 22-ci ildönümü, Ermənistan-Azərbaycan
cəbhəsində son gərgin durum və ölkəsinin Xəzər regionunda enerji
siyasətindən danışıb. Səfir Morninqstar onu dövlət çevrilişində
ittiham edənlərə cavab verib.
- Amerika-Azəbaycan diplomatik münasibətlərinin
yaranmasından 22 il keçir. Bu 22 ildə Amerika-Azərbaycan
münasibətlərinin müsbət və mənfi məqamları nədir?
- İlk öncə, bu münasibətlərin qurulmasından 22 il keçməsinə
inanmaq çətindir. Mən Azərbaycana 19 il bundan əvvəl ilk dəfə səfər
etmişəm. Vaxt sürətlə keçib gedir.
Ümumilikdə deyə bilərəm ki, əlaqələrimiz yaxşı olub. Ölkələrimiz
arasında bir sıra məsələlərdə ortaq maraqlar var. Bunların arasında
demokratik və iqtisadi islahatlar da var və bu sahələrdə
ölkələrimiz arasındakı əməkdaşlığı davam etdirməliyik.
Bildiyiniz kimi seçki prosesi, seçki prosesinin gedişi bizi
məyus etmişdi və bu öz-özlüyündə bir daha vurğulayır ki, biz bu
kimi sahələrdə əməkdaşlığımızı davam etdirməliyik.
Eyni zamanda ölkələrimiz arasında çoxlu ortaq maraqlar olan
sahələr var ki, bu sahələr üzrə işimizi davam etdirməliyik.
Geosiyasi, təhlükəsizlik sahələrində əməkdaşlığımız mövcuddur və
təhlükəsizlik sahəsinə aid olan məsələlər sırasında Dağlıq Qarabağ
münaqişəsinin nizamlanması, terrorizmlə mübarizə, eyni zamanda
ölkələrimiz arasında yaxşı əlaqələrin olduğu Əfqanıstan məsələsini
qeyd etmək istəyirəm. Bütün bu əlaqələr həm ABŞ, həm də
Azərbaycanın marağındadır. Bu qeyd etdiyimiz məsələlər üzrə
əməkdaşlığın davam etdirilməsi hər iki ölkənin marağındadır.
Eyni zamanda enerji məsələləri üzrə və həmçinin qeyri-enerji
sahələrində də əməkdaşlığımızı davam etdirməliyik. Buraya
Azərbaycanın Ümumdünya Ticarət Təşkilatına üzvlük məsələsi də
daxildir.
Bildiyiniz kimi, bizim ən güclü əlaqələrimiz demokratik
ölkələrlədir və bu baxımdan Azərbaycanla sıx əməkdaşlığımızı davam
etdirməliyik.
- Diplomatik əlaqələrin 22-ci ildönümündə bir sıra yerli
mətbuat orqanları Amerikanın səfirini dövlət çevrilişində
günahlandırır. Münasibətiniz?
- Mən bu ittihamları birmənalı olaraq rədd edirəm, təkzib
edirəm. Birləşmiş Ştatlar Azərbaycanda rejim dəyişikliyində,
Azərbaycanda çevriliş edilməsində maraqlı deyil. Hesab edirəm ki,
bu ittihamlar gülüncdür. Azərbaycanın siyasi gələcəyi tamamilə
Azərbaycan xalqının özündən asılıdır.
- Ermənistan-Azərbaycan cəbhəsində bu gün vəziyyət
gərgin qiymətləndirilir. Münasibətiniz necədir? Danışıqlar
prosesinə bu necə təsir edə bilər?
- Baş verən hadisələr bizi çox narahat edir. Biz həm Azərbaycan,
həm də Ermənistan tərəfinə çox aydın şəkildə bildirmişik ki, bu baş
verənlər, təmas xəttində baş verən gərginliyin artması ölkələr
arasındakı nizamlanma prosesinə heç də köməklik etmir. Başqa sözlə
desək mənfi təsir edir. Hər zaman yanlış hesablama və yaxud da
bilməyərəkdən, istəmədən atılan addımların xoşagəlməz nəticə və
fəsadlarla yekunlaşa biləcəyi təhlükəsi var. Biz belə pis,
xoşagəlməz halların baş verməsini heç vaxt istəmirik. Biz təmas
xəttinin hər iki tərəfində faciəvi insan itkilərinə təəssüf
edirik.
Bununla bərabər noyabrda (2013-cü ildə) hər iki prezident
münaqişənin necə nizamlanması və nizamlanma yolları barədə
konstruktiv danışıqlar aparmışdılar. Biz hesab edirik ki, bu
danışıqların davam etdirilməsi və hər iki prezidentin nizamlanma
istiqamətində birgə işini davam etdirməsi çox vacibdir.
Minsk qrupunun vəzifəsi vasitəçilik etmək, kömək etmək və
ideyalar irəli sürməkdir. Biz yalnız ümid edə bilərik ki,
irəliləyiş olacaqdır.
- Bu il "Əsrin kontraktı"nın 20-ci ili tamam olur.
ABŞ-ın son 20 ildə Xəzər regionunda uğurları və uğursuzluqları nə
olub?
- İlk öncə hesab edirəm ki, ABŞ-la Azərbaycan arasındakı enerji
sahəsindəki əlaqələr əla olub və bir neçə mühüm uğurlar əldə
edilib. Bu müddət ərzində əldə edilmiş mühüm uğurlar arasında ilk
öncə Bakı-Tbilisi-Ceyhan kəmərinin adını çəkə bilərəm və mənə bu
kəmər üzərində işləmək səadəti nəsib olub.
Eyni zamanda cənub qaz dəhlizi adlandırılan layihə istiqamətində
son dövrlər uğurlar əldə olunub.
Şahdəniz layihəsi ilə bağlı kəmər seçimi və yekun investisiya
ilə bağlı qərarın qəbul olunmasının da adını çəkə bilərəm. Hesab
edirəm ki, biz cənub qaz dəhlizi ilə bağlı konstruktiv rol oynaya
bilmişik və bunu davam etdirəcəyik.
Mən bu müddət ərzində enerji sahəsində uğursuz kimi səciyyə edə
biləcəyim bir məqam qeyd edə bilmərəm və bir daha qeyd edirəm ki,
enerji sahəsində əlaqələrimiz çox yaxşıdır. Ümidvaram ki, bu belə
də qalacaq.
- Amma son 5 ildə Amerika şirkətləri Xəzər regionunda
nədənsə aktiv investisiya siyasəti yürütmür, investisiyalar qoymur.
Hətta, ConocoPhillips şirkəti Kaşaqan layihəsini tərk edib. Səbəbi
nədir?
- İlk öncə qeyd etmək istəyirəm ki, Amerika şirkətləri
tərəfindən Xəzər regionuna güclü investisiyalar yatırılıb.
Azəri-Çıraq-Günəşli layihəsində aparıcı Amerika şirkətləri iştirak
edib. Eyni sözləri Bakı-Tbilisi-Ceyhana da aid etmək olar.
Doğrudur Şahdəniz layihəsində Amerika şirkətləri tərəfdaş kimi
iştirak etmir. Amma qeyd etmək lazımdır ki, bp qlobal bir
şirkətdir, ABŞ-ın bir şirkəti ilə birləşib və Amerikada bp
şirkətinin böyük aktivləri var. Onu da əlavə etmək istərdim ki,
Amerika şirkətləri Azərbaycanda yeni layihələrdə maraqlıdır. Mən
Azərbaycandakı layihələrdə marağı olan bir sıra aparıcı Amerika
şirkətləri ilə söhbətlər aparmışam.
Qarşıdan gələn bir neçə il ərzində başlanılacaq və meydana
çıxacaq çox mürəkkəb yeni layihələrdə Amerika şirkətləri bacarıqla,
məharətlə texniki əməkdaşlıq qura bilər və eyni zamanda maliyyə
risklərini bölüşə bilərlər.
- Fikrinizcə Azərbaycanda investisiyalara əsas
təhlükələr nədir? Bu təhlükələr siyasi, iqtisadi, demokratiya,
insan haqları faktorlarının hansı ilə daha çox
bağlıdır?
- Mən hesab edirəm ki, bu məsələyə bir sıra cəhətlərdən yanaşmaq
lazımdır və şirkətlərin nöqteyi-nəzərindən iqtisadi və maliyyə
riskləri daha çox diqqət cəlb edir. Hesab edirəm ki, Amerika
şirkətlərinin yalnız enerji sahəsində deyil, qeyri-enerji sahəsində
də, məsələn informasiya texnologiyaları, kənd təsərrüfatı və digər
sahələrdə iştirakı üçün çox önəmli iqtisadi imkanlar var.
Amma Azərbaycanın üzərində işini davam etdirməli olduğu bir sıra
məsələlər də var. Bunların arasında gömrük islahatları, rəqabət
qabiliyyəti barədə məcəllənin qüvvəyə minməsinin adını çəkə
bilərəm.
Sərmayədarlar əmin olmalıdırlar ki, onlar birbaşa və şəffaf
şəkildə hökumətlə qarşılıqlı əlaqədə ola biləcəklər və eyni zamanda
xoşagəlməz rəqabətlilik prinsipləri əsasında geniş inhisarlar
tərəfindən həyata keçirilən xoşagəlməz hallarla
üzləşməyəcəklər.
Ölkənin Ümumdünya Ticarət Təşkilatına üzvlüyü də mühüm bir addım
olacaqdır. Çünki bu təşkilata üzvlük bir sıra islahatların həyata
keçirilməsini vacib edir. Bu da öz növbəsində investisiya mühitinin
yaxşılaşmasına rəvac verəcəkdir.
Siz siyasi, demokratik və insan haqları məsələlərinə toxundunuz
və mən investisiya nöqteyi-nəzərindən bu məsələləri diqqətdən
kənarda saxlaya bilmərəm. Hesab edirəm ki, investorlar bu məsələyə
daha çox uzunmüddətli aspektdən yanaşacaqlar.
Biz hesab edirik ki, demokratik və iqtisadi islahatlar
Azərbaycanın orta və uzunmüddətli sabitliyi baxımından önəmlidir.
Şirkətlər də bu cür sabitliyin marağındadırlar ki, onlar
proqnozlaşdırıla bilən mühitdə fəaliyyət göstərə bilsinlər.
Nəhayətdə sadaladığımız məsələlər bir-biri ilə qarşılıqlı şəkildə
əlaqəlidir.
- ABŞ TAP (Trans Adriatic Pipeline) layihəsini
dəstəklədiyini bəyan edib. Layihə üçün siyasi risklər yaranarsa
Amerika nə edəcək?
- Trans Adriatik kəmərindən söhbət gedəndə, burada bu kəmərin
Yunanıstan, İtaliya və bəzi Balkan ölkələrindən keçməsindən söhbət
gedir. Güman edirəm ki, siz Qafqazlarda olan risklərdən bəhs
etmirsiniz. Hesab edirəm ki, siyasi riskləri TAP layihəsini həyata
keçirənlər nəzərdən keçirməli və nəzərə almalıdırlar.
Yunanıstan və İtaliya ilə bağlı risklərə gəlincə, hesab edirəm
ki, bu risklər məqbul risklərdir. Yunanıstan və İtaliya, eyni
zamanda bəzi Balkan ölkələri bu layihədə iştirak edəcəklər, bunlar
ya artıq Avropa İttifaqının üzvləridir, ya da Avropa İttifaqı ilə
assosiativ saziş imzalayıblar və bunların hamısı bu ölkələrdə
siyasi sabitliyi təmin edəcəkdir, hətta hökumətlərdə müəyyən
dəyişikliklər olsa da belə.
Güman edirəm ki, əsas üzləşiləcək məsələlərdən biri də yerli
səviyyələrdə icazələrin alınmasıdır ki, bunlar da lazımi şəkildə
həll ediləcək.
- Transxəzər layihəsinin reallaşdırılması
perspektivlərinə necə baxırsınız, bu mümkündürmü?
- Biz buna ümidvarıq. Biz həmişə Transxəzər kəmərini
dəstəkləmişik. Mən bu kimi layihələrdə zaman-zaman, fasilələrlə
1999-cu ildən bu və ya digər şəkildə iştirak etmişəm. Ancaq bu
məsələ Avropa İttifaqı, Azərbaycan və Türkmənistan arasında
danışıqlar mövzusudur. Məsələ bu ölkələrdən asılıdır.
Ümidvaram ki, Şahdənizlə bağlı yekun investisiya qərarının
verilməsi, Bakıdan qaz təchizatı məsələsində əminlik yaradıb. Bu da
Türkmənistanın qarşıdan gələn illərdə Transxəzər kəmərinə marağının
daha da artmasına gətirib çıxaracaq. Biz inanırıq ki, Türkmənistan,
Azərbaycan və Avropa İttifaqı belə bir kəmər barəsində razılığa
gələrsə, bu kəmər reallaşdırılacaq.
- Türkmənistanla hazırda danışıqlar mövcuddurmu? İstər
Azərbaycan, istər Amerika, istərsə də Avropa İttifaqı ilə
Türkmənistan hökuməti arasında danışıqlar varmı?
- ABŞ belə bir kəmərdə maraqlıdır, amma Birləşmiş Ştatlar
danışıqlarda iştirak etmir. Danışıqlar Türkmənistan, Azərbaycan və
Avropa İttifaqı arasında aparılır. Onu da əlavə etməliyəm ki,
üçtərəfli danışıqlarda birbaşa iştirak etməsələr də Türkiyə və
Gürcüstan da bu kəmərdə maraqlıdır və onlar da bu kəmərdə söz
sahibidirlər.
- Xəzərdə enerji obyektlərinin təhlükəsizliyi, o
cümlədən texniki təhlükəsizliyi ilə bağlı Amerika layihə həyata
keçirirdi. Bu sahədə indi vəziyyət necədir, layihə davam
etdirilirmi?
- Bəli, biz Azərbaycanın enerji infrastrukturunu ən yaxşı
şəkildə müdafiə etmək yolları çərçivəsində Azərbaycanla əməkdaşlıq
edirik. Hesab edirəm ki, bu bizim əməkdaşlığımızın önəmli bir
sahəsidir.
- Amerika şirkətləri Azərbaycanda şist qazları, eyni
zamanda mezozoy çöküntüləri ilə bağlı axtarış işlərinə başlayıbmı
və ya başlaya bilərmi? Bununla bağlı vəziyyət nə
yerdədir?
- Biz bu prosesin başlanğıc mərhələsindəyik. Müəyyən Amerika
şirkətləri bu işdə maraqlıdırlar. Amma prosesin necə cərəyan
edəcəyi barədə hər hansı söz demək hələ çox tezdir.
- Hələ 90-cı illərin ortalarında Amerika Azərbaycanda
neft emalı sənayesinə, eyni zamanda neft-kimya sənayesi sahəsinə
investisiya qoymaqda maraqlı idi. İndi vəziyyət
necədir?
- Emal sənayesində, emal fəaliyyətlərində maraqlı olan şirkətlər
hələ də var və müəyyən layihələr sahəsində müəyyən işlər aparılır.
Amma mən konkret şirkət adı çəkə bilməyəcəm. Çünki burada söhbət
biznesin məxfiliyindən gedir ("amerikaninsesi.org").