Təhsilin İnkişafı üzrə Dövlət Strategiyasına əsasən,
müəllim işləmək istəyənlərin internaturaya cəlb olunması nəzərdə
tutulur. Bunun üçün ilkin müəllim hazırlığında pedaqoji internatura
sisteminin tətbiqinə dair təkliflər hazırlanıb və bu günlərdə
Təhsil Nazirliyində müzakirə edilib.
Yenilik barədə "Axar.az"a Təhsil Problemləri İnstitutunun elmi
katibi, professor Akif Abbasov məlumat verib. Onun sözlərinə görə,
ölkəmizdə ilk dəfə tətbiq ediləcək yeni sistemin öyrənilməsi üçün
dünya təcrübəsi və elmi müəssisələrin potensialı araşdırılıb:
"Son illərdə ali məktəblərdə pedaqoji təcrübəyə ayrılan dərs
saatları azaldılıb. Belə olan halda pedaqoji internaturaya təlabat
meydana çıxır. Pedaqoji internatura – ali pedaqoji təhsil
müəssisələrinin nəzəri biliklərinin və praktik vərdişlərinin
təkmilləşdirilməsi, müəllimlik peşəsi üzrə internlərin müstəqil
fəaliyyətə hazırlanması səviyyəsinin yüksəldilməsi məqsədilə
diplomdansonrakı peşə təhsilidir. İnkişaf etmiş xarici ölkələrdə
pedaqoji təhsili olan insanların müəllimlik fəaliyyətinə başlaması
üçün onlar internaturadan keçərək müəllim işləmək üçün lisenziya
alırlar. Bizdə də bu sistemin tətbiq edilməsi nəzərdə tutulur".
Ali təhsil müddəti azaldıla bilər
Qeyd edək ki, Dünya Bankı ilə Təhsil Nazirliyinin birgə sifarişi
ilə Təhsil Problemləri İnstitutunda pedaqoji internatura sistemin
yaradılması ilə bağlı tədqiqat aparılıb. Tədqiqata rəhbərlik edən
A.Abbasovun sözlərinə görə, pedaqoji internatura təhsilinin
müddətinin 1 il olması nəzərdə tutulur:
"Hazırki sistemlə ali təhsil alan tələbələrin əlavə 1 və ya 2 il
internaturaya cəlb olunması təhsil müddətinin 7-8 ilədək uzanmasına
gətirib çıxara bilər. Bu isə müəllim hazırlığı üçün çox uzun
vaxtdır. Ona görə də mən təklif edirəm ki, yeni sistemin tətbiq
edilməsi üçün ali təhsil müddəti azaldılsın. Yəni, bakalavr təhsili
3 il, magistratura 1 il və internatura da 1 il olsun. Bu halda 5
ilə tam ixtisaslı müəllimlərin hazırlanması və işə cəlb edilməsinə
nail olmaq olar".
Oxuyacaq, həm də maaş alacaqlar
Hazırda bəzi ölkələrdə pedaqoji internatura 1 il, digərlərində 2
il müddətinə həyata keçirilir. Artıq internatura təhsili ilə bağlı
ölkəmizdə təcrübə var. Tibb təhsili alanlar üçün bu sistem tətbiq
edilir. A.Abbasov xarici təcrübə ilə yanaşı həmin sistemin
ənənələrindən də istifadə edilməsini məqbul sayır:
"Pedaqoji və psixoloji-pedaqoji təhsil sahəsində konsepsiya və
proqramların yaradılması zamanı, ilk növbədə, ali tibb təhsili
sisteminin təcrübəsi və eyni zamanda ABŞ, Almaniya, Böyük
Britaniya, Fransa kimi ölkələrin pedaqoqlarının praktik hazırlığı
təcrübəsi əsas götürülməlidir. İnternlər həm təhsil almalı və həm
də məktəbdə müəllim kimi fəaliyyət göstərməlidirlər. Başqa sözlə,
həm də işləyib maaş almalıdırlar. İnternatura gənc mütəxəssislərə
təhsil sistemində müvafiq vəzifə tutmağa, ümumi təhsil
məktəblərində dərs aparmağa imkan verəcək. İnternaturada təhsil
pedaqoji universitet və institut, yaxud ali təhsilin pedaqoji
fakültəsi məzunu ilə ali təhsil müəssisəsi arasında əmək müqaviləsi
və razılaşma əsasında təşkil olunacaq".
Yenilik qısa vaxtda işə düşəcək
Qeyd edək ki, artıq pedaqoji internaturanın tətbiqi ilə bağlı
əsasnamə də hazırlanıb. Bütün sənədlər Təhsil Nazirliyində aparılan
müzakirələrdən sonra təsdiqlənmək üçün Nazirlər Kabinetinə təqdim
ediləcək. NK-nın qərarından sonra qısa vaxtda yeni sistemin
tətbiqinə başlanılacaq.
Xatırladaq ki, Təhsil Strategiyanın əsas məqsədi ölkədə
səriştəli təhsil verənlərə, ən yeni texnologiyalara əsaslanan
infrastruktura malik, keyfiyyətcə dünya ölkələri sırasında qabaqcıl
mövqe tutan təhsil sistemi yaratmaqdır. Bu məqsədlərə çatmaq üçün
geniş Fəaliyyət Planı da hazırlanacaq və bu ilin mart ayından
etibarən həyata keçirilməyə başlanacaq.