Rabitə və İnformasiya Texnologiyaları Nazirliyində (RİTN)
2013-cü ilin yekunlarına dair kollegiya iclası keçirilib.
"Axar.az" "Teleqraf.com"a istinadən məlumat verir ki, iclasda
rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov prezident
İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2013-cü ilin
sosial-iqtisadi inkişafının yekunlarına və 2014-cü ildə qarşıda
duran vəzifələrə həsr olunmuş iclasında nitqindən irəli gələn
vəzifələr barədə danışıb.
Daha sonra kollegiya iclasında hesabat ili ərzində rabitə və
informasiya texnologiyaları sektorunda görülmüş işlər və əldə
olunan nəticələr barədə məruzə dinlənilib. Bildirilib ki, əvvəlki
illə müqayisədə İKT sektorunda artım tempi 14,0 faiz təşkil edib.
İKT, informasiya və poçt sektorunda əldə olunan gəlirlərin həcmi 1
632,2 milyon manat təşkil edib.
Həmçinin İKT, informasiya və poçt sektoru üzrə əldə olunan
gəlirlərin ÜDM-də payı 1,9% təşkil edib. Ölkədə əhalinin internet
xidmətlərinə tələbatının artması və yaradılmış texniki imkanların
nəticəsində beynəlxalq internet kanallarının ümumi tutumu 10 Gbit/s
artırılaraq 210 Gb/s-ə çatdırılıb. Hazırda ölkədə hər 100 nəfərə
düşən internet istifadəçilərinin sayı 70-ə, genişzolaqlı internet
istifadəçilərinin sayı isə 50-yə bərabərdir. Ölkədə hər 100 nəfərə
düşən mobil abunəçilərin sayı isə 110-a bərabərdir. Sonra məruzə
ətrafında RİTN-in bir sıra birlik və müəssisələrinin rəhbərlərinin
çıxışları dinlənilib.
Kollegiyaya yekun vuran nazir növbəri illərdə sektorun üzərinə
düşən öhdəliklər, məqsəd və gələcək hədəflərə toxunaraq, dinamik
inkişafın təmin edilməsi məqsədilə qarşıdakı dövrdə hərtərəfli
inkişaf kursunun davam etdirilməsi və daha da möhkəmləndirilməsi
üçün mühüm vəzifələrin müəyyənləşdirildiyini, həmçinin respublika
prezidentinin çıxışlarından irəli gələn tapşırıqların həyata
keçirilməsi, sahə ilə bağlı müvafiq fərman və sərəncamlar və dövlət
proqramlarında RİTN-lə bağlı tədbirlərin birmənalı şəkildə
icrasının vacibliyini diqqətə çatdırıb.
Növbəti illərdə də uğurlu inkişaf tempinin saxlanılması və
artırılmasının əsas hədəf kimi qarşıda dayandığını bildirən
Ə.Abbasov nazirliyin fəaliyyətinin səmərəli təşkili, o cümlədən
kosmik sahənin inkişafı ilə bağlı nəzərdə tutulan tədbirlərin davam
etdirilməsi və yeni layihələrin icrasına başlanılması, internet
tariflərinə yenidən baxılması və onun keyfiyyətinin daha da
yüksəldilməsi, mobil operatorlarla tariflərin tənzimlənməsi,
genişzolaqlı rabitənin təşkilinə başlanılması üçün müvafiq
tədbirlərin görülməsi, poçt xidmətlərinin çeşidinin artırılması və
əlavə xidmətlərin təşkili, elektron xidmətlərin tətbiqinin
genişləndirilməsi, poçt və telekommunikasiya şəbəkəsinin
modernləşdirilməsi, rəqəmli yayıma keçidin tam başa çatdırılması,
habelə 2015-ci ildə keçiriləcək I Avropa yay olimpiya oyunlarında
informasiya və telekommunikasiya xidmətlərinin yüksək səviyyədə
təşkili istiqamətində müvafiq tapşırıq və göstərişlərini verib.