Dövlət Sərhəd Xidmətinin rəisi – Sərhəd Qoşunlarının
Komandanı general-polkovnik Elçin Quliyevin dəvəti ilə Rusiya
Federasiyasının Federal Təhlükəsizlik Xidməti Direktorunun birinci
müavini – Sərhəd Xidmətinin rəhbəri ordu generalı Vladimir
Kulişovun rəhbərlik etdiyi nümayəndə heyəti 11 mart 2016-cı ildə
ölkəmizə rəsmi səfərə gəlib.
Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən Axar.az-a verilən
məlumata görə, nümayəndə heyəti ilk olaraq Ümummilli Lider Heydər
Əliyevin və Zərifə xanım Əliyevanın məzarları önünə əklil qoyaraq
onların ruhuna hörmət və ehtiramlarını bildiriblər.
Səfər çərçivəsində Dövlət Sərhəd Xidmətinin Aparatında
Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti və Rusiya
Federasiyasının Federal Təhlükəsizlik Xidməti Sərhəd Xidmətinin
nümayəndə heyətləri arasında görüş keçirilib.
Görüş zamanı tərəflər arasında Azərbaycan-Rusiya sərhədində,
dövlət sərhədindən buraxılış məntəqələrində, o cümlədən Xəzər
dənizində vəziyyət barədə fikir mübadiləsi aparılmış, sərhəd
təhlükəsizliyinə olan təhdidlərlə mübarizə sahəsində qarşılıqlı
əlaqənin inkişaf etdirilməsi, demarkasiya işlərinin təşkili üzrə
praktiki əməkdaşlığın davamı, habelə gələcək illər üçün fəaliyyət
istiqamətlərinin müəyyən edilməsi kimi məsələlər müzakirə
edilib.
Söhbət əsnasında ikitərəfli əməkdaşlığın inkişafı müsbət
qiymətləndirilmiş, Azərbaycan və Rusiya sərhəd xidmətləri
arasındakı əlaqələrin səviyyəsinin dövlət sərhədində qanunsuz
fəaliyyətlərin qarşısının alınması üzrə məsələlərin həll edilməsinə
töhfə verdiyi vurğulanıb.
Bununla yanaşı, görüşdə Azərbaycanın dövlət sərhədindəki
əməliyyat şəraiti və mövcud təhdidlər, o cümlədən Ermənistanın
təcavüzü nəticəsində ölkə ərazisinin 20%-nin və dövlət
sərhədlərinin bir hissəsinin işğal altında qalması, işğal olunmuş
ərazilərin transsərhəd cinayətkar fəaliyyətlər üçün istifadə
edildiyi, mövcud vəziyyətin sərhəd təhlükəsizliyinə əsas təhdid
olduğu vurğulanıb, həmçinin sərhəd mühafizə sisteminin
gücləndirilməsi, müasir təlim-tədris sisteminin yaradılması
istiqamətində həyata keçirilən tədbirlər və əldə olunan
nailiyyətlər barəsində Rusiya nümayəndələrinə ətraflı məlumat
verilib.
Tədbir iştirakçıları "Şimal-Cənub" beynəlxalq nəqliyyat dəhlizi
çərçivəsində dövlət sərhədindən buraxılış məntəqələrinin müasir
standartlara uyğun təkmilləşdirilməsi, sərhəd nəzarəti
prosedurlarının sadələşdirilməsi istiqamətində zəruri addımların
atılmasının vacibliyini vurğulayılar.
Görüş dostluq və qarşılıqlı anlaşma şəraitində keçmişdir.