Bu gün Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK)
2016/2017‑ci tədris ili üçün ali təhsil müəssisələrinə qəbul olmaq
istəyən əvvəlki illərin məzunları üçün I və IV ixtisas qrupları
üzrə qəbul imtahanı keçirir.
TQDK-dan Axar.az-a verilən məlumata görə, imtahan respublikanın
11 şəhərində - Bakı, Naxçıvan, Gəncə, Sumqayıt, Mingəçevir, Şəki,
Ağcabədi, Göyçay, Şirvan, Lənkəran və Xaçmaz şəhərlərində
ümumilikdə 24 binada aparılacaq.
İmtahan bütün binalarda eyni vaxtda – saat 11:00-da başlanacaq
və 3 saat davam edəcək.
İmtahanda 12800 abituriyentin iştirakı nəzərdə tutulur. Onlardan
11014 abituriyent I, 1786 abituriyent IV qrup üzrə imtahan verəcək.
Abituriyentlərdən 12087 nəfəri (I qrup üzrə 10405, IV qrup üzrə
1682 nəfər) Azərbaycan bölməsinin, 713 nəfəri (I qrup üzrə 609
nəfər, IV qrup üzrə 104 nəfər) isə rus bölməsinin məzunudur.
Abituriyentlərin 7951 nəfəri (I qrup üzrə 7181 nəfər, IV qrup
üzrə 770 nəfər) oğlanlar, 4849 nəfəri (I qrup üzrə 3833 nəfər, IV
qrup üzrə 1016 nəfər) isə qızlardır. 11191 nəfər orta ümumtəhsil
məktəblərinin, 157 nəfər ali təhsil müəssisələrinin, 1452 nəfər isə
orta ixtisas təhsili müəssisələrinin məzunudur. 29 abituriyent
xarici ölkələrin vətəndaşıdır. Ən yaşlı abituriyent 1959-cu ildən,
ən gənci isə 2000-ci ildəndir. Bakı şəhərində 6291, Naxçıvanda 654,
Gəncədə 1595, Sumqayıtda 929, Mingəçevirdə 462, Şəkidə 454,
Ağcabədidə 433, Göyçayda 417, Şirvanda 374, Lənkəranda 680,
Xaçmazda isə 511 abituriyentin imtahan verəcəyi gözlənilir.
İmtahanların idarə olunmasına 95 imtahan rəhbəri və orta ümumtəhsil
müəssisələrindən 1084 nəzarətçi-müəllim cəlb olunub.