Fevralın 19-da Mingəçevir su anbarının Samux rayonunun Qaraağaclı kəndi ərazisinə düşən hissəsində batdığı ehtimal olunan 2003-cü il təvəllüdlü İsmayıl Xaliq oğlu Şubliyevin axtarışları Fövqəladə Hallar Nazirliyi tərəfindən davam etdirilir.
Axar.az xəbər verir ki, bu barədə FHN məlumat yayıb.
Nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti və Xüsusi Riskli Xilasetmə Xidmətinin qüvvələri tərəfindən axtarışlar vətəndaşın batdığı ehtimal olunan istiqamətlər üzrə fasiləsiz olaraq həyata keçirilir.
Qeyd edək ki, fevralın 19-da Mingəçevir su anbarının Samux rayonunun Qaraağaclı kəndi ərazisinə düşən hissəsində batan 26 yaşlı İsmayılov Müşviq Rəhim oğlunun meyiti fevralın 23-də FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri tərəfindən suda tapılaraq çıxarılıb.