Pakistanın 9-cu baş naziri (1973–1977) və 4-cü prezidenti (1971–1973) Zülfüqar Əli Bhutto hərbi çevriliş nəticəsində hakimiyyətdən uzaqlaşdırılıb və edam olunub. Buna baxmayaraq o, Pakistanın ən məşhur dövlət xadimləri sırasında yer alır. 1969-cu ildə onun “The Myth of İndependence” (Müstəqilliklə bağlı mif) adlı kitabında belə bir hissə var: "Pakistan vuruşacaq, min il vuruşacaq. Hindistan atom bombası düzəltsə, Pakistan ot və ya yarpaq yeyəcək, hətta ac qalacaq, amma biz öz atom bombamıza sahib olacağıq. Bizim başqa seçimimiz yoxdur!"
Başqa bir çıxışında isə o bu məsələyə belə bir yanaşma sərgiləmişdi: “Atom bombası xristianlarda, yəhudilərdə var idi, indi isə induslarda var. Niyə müsəlmanlarda olmasın?”
Bunu niyə xatırlatdım? 1991-ci ildə SSRİ dağılanda Ukraynada 1900 nüvə başlığı vardı. 1994-cü ildə Qərbin təkidi ilə Ukrayna, Belarus və Qazaxıstanda olan nüvə silahı Rusiyaya daşındı. Proses 1996-cı ildə yekunlaşdı. O vaxt ABŞ prezidenti olan respublikaçı Corc Buş (ata) təkid edirdi ki, nüvə silahı Rusiyaya daşınsın. Niyə? Amerika hesab edirdi ki, 4 ölkədə nüvə silahının olması gələcəkdə problem yarada bilər. Demokrat prezident Bill Klinton da bu xətti davam etdirdi...
Rəhmətlik Zülfüqar Əli Bhutto “Pakistan ot və ya yarpaq yeyəcək, hətta ac qalacaq, amma atom bombasına sahib olacaq” deyəndə nə qədər haqlı idi. İndi mən soruşuram: Ukraynada 1900 nüvə başlığı olsaydı Rusiya ora hücum edərdimi? Əlbəttə ki, yox. Rusiya Ukraynanı işğal etməyi xəyal belə etməzdi...
Eləcə də Qazaxıstan. Bəllidir ki, Rusiya Qazaxıstanın da böyük bir hissəsini işğal etmək arzusundadır. Nüvə silahı olmayan Qazaxıstan Rusiyanın qarşısında duruş gətirə bilərmi? Çətin məsələdir...
Faktiki olaraq Amerikanın yeritdiyi sərsəm siyasət Ukraynanı tərk-silah edib. Bu isə Rusiyanın iştahını artırdı. Ona görə də Amerika Ukrayna probleminə görə daha çox məsuliyyət daşıyır. Eləcə də digər Qərb ölkələri. Çünki bu məsələdə onlar da ABŞ-la həmfikir idi...
Ukraynanın o vaxtı rəhbərliyi Leonid Kravçuk (1991-1994) bu proses zamanı uzaqgörənlik nümayiş etdirə bilmədi. 1900 nüvə başlığının müqabilində Rusiyadan müəyyən qədər pul qopartmağa çalışdılar. Rusiya da elə bil ki, 100 manatlıq şeyi 5 qəpiyə aldı.
Ancaq Leonid Kravçuk sonda səhv etdiyini anladı. Və Rusiyaya verilən nüvə başlıqları müqabilində beynəlxalq qarantiya almaq üçün hərəkətə keçdi. Nəticədə Budapeşt memorandumu - 5 dekabr 1994-cü ildə Macarıstanın paytaxtı Budapeştdə keçirilən ATƏT-in konfransında Belarus, Qazaxıstan və Ukraynanın “Nüvə silahının yayılmaması” müqaviləsinə qoşulması ilə bağlı təhlükəsizlik təminatlarını təmin etmək üçün sənədlər imzalandı. Üç nüvə dövləti - Rusiya, ABŞ və Böyük Britaniya bu sənədə imza atdı. Digər nüvə gücləri sayılan Çin və Fransa isə bu sənədin nisbətən yumşaq variantına qol qoydu.
Memorandumda həmçinin Ukrayna, Belarus və Qazaxıstanın ərazi bütövlüyünə və ya siyasi müstəqilliyinə qarşı ola biləcək təhdidlərə və ya güc tətbiqinə qarşı da təhlükəsizlik təminatları öz əksini tapıb. Bu memorandum nəticəsində Belarus, Qazaxıstan və Ukrayna nüvə silahlarından imtina etməli oldu.
Ancaq bəzi analitiklər deyir ki, Budapeşt memorandumu rəsmi sənəd deyil. Ona görə də elə bir gücü yoxdur.
Ukraynada daha sonra iqtidara gələn Leonid Kuçma (1994-2005) da bu prosesi durdura bilmədi.
Siyasət elə bir şeydir ki, dövlətin başında duran adam ayıq-sayıq olmalıdır. Leonid Kravçukun o vaxt buraxdığı ölümcül səhv indi Ukraynanı yaman günə qoyub. Ölkənin 20 faizi işğal altındadır. 10 milyondan çox insan Ukraynanı tərk edib. Ölkə xarabalığa çevrilib...