“PKF Audit Azerbaijan” və “PKF Audit Consultinq” məhdud məsuliyyətli cəmiyyətlərin təsisçisi Ziya Hüseynzadənin cinayət işi üzrə proses yekunlaşıb.
Axar.az Teleqraf-a istinadla xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azad Məcidovun sədrlik etdiyi iclasda hökm oxunub.
Hökmə əsasən, Ziya Hüseynzadə 2 il 6 ay müəyyən vəzifə tutmaq hüququndan məhrum edilməklə 8 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
İttihama görə, “PKF Audit Azerbaijan” və “PKF Audit Consultinq” məhdud məsuliyyətli cəmiyyətlərin təsisçisi olan Ziya Hüseynzadə özü və 3-cü şəxs üçün gəlir əldə etmək naminə rəsmi sənədləri saxtalaşdırıb, dələduzluq edib.
Ziya Hüseynzadə Kənan Rəsulovla birlikdə Salyan rayonunun Yenikənd və Pambıqkənd kəndlərində təsərrüfat üçün ümumi sahəsi 9.6 hektar ərazidə yerləşən istixanalarda tərəvəz məhsullarının yetişdirilməsi üçün Avropa Yenidənqurma və İnkişaf Bankıdan 2 milyon dollar kredit almağa nail olub. O, həmin işi görməyərək quruma külli miqdarda ziyan vurub.
Bundan başqa, Ziya Hüseynzadə özünü təşkilatın rəhbəri kimi təqdim edərək, Zaur Əliyevlə əlbir Avropa Yenidənqurma və İnkişaf Bankıdan 5 milyon 600 min avro kredit alaraq, vəd verdiyi işi görməyib və həmin qurumun pulunu ələ keçirib.
Daha sonra Ziya Hüseynzadə yenidən Zaur Əliyevlə əlbir olaraq cinayətdən xəbərsiz təsisçisi olduğu MMC-nin direktoru, məlum hadisələrdən sonra vəfat etmiş Aydın Rzayevin vaxtı ilə başqa bir işlə bağlı verdiyi etibarnaməni saxtalaşdırıblar. Həmin saxtalaşdırılmış etibarnaməni "Muğan Bank"ın baş ofisinə 7 dekabr 2022-ci ildə təqdim ediblər. Bu hərəkətləri ilə onlar 30 min dəyərində vəsaiti nağdlaşdıraraq götürüblər.
Bundan başqa, Ziya Hüseynzadə aldatma və ələ keçirmə yolu ilə Kənan Rəsulovun adına iqlim çərçivəsində investisiya adı altında müvafiq qurumdan 260 min avro qrant alıb. Həmin vəsaitin 133 min avrosunu özünə götürüb. Bu hərəkətləri ilə Kənan Rəsulova həmin miqadarda ziyan vurub.
İttihamda daha sonra göstərilib ki, Ziya Hüseynzadənin "Muğan Bank"ın Xəzər rayon şöbəsindən 2 milyon dolları nağdlaşdıraraq götürüb. Bu hərəkətləri ilə Ziya Hüseynzadə barəsində Cinayət Məcəlləsinin 178.3.2 (külli miqdarda ziyan vurmaqla dələduzluq), 195.2 (qanunsuz kredit alma külli miqdarda ziyan vurduqda), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda), 313 (vəzifə saxtakarlığı), 320.1 və 320.2-ci (rəsmi sənədi saxtalaşdırmaqla bilə-bilə istifadə etmə) maddələri ilə ittiham elan edilib.
Qeyd edək ki, Ziya Hüseynzadə model Raziyyat (Razi) Əliyevanın sevgilisi olub. O, Raziyyat (Razi) Əliyevaya qarşı zorakılıqda ittiham olunur və həmin cinayət işinə hazırda Bakı Ağır Cinayətlər Məhkəməsində baxılır.
Həmin cinayət işi üzrə ittihamda göstərilib ki, 2022-ci ilin avqust ayında Ziya Hüseynzadə sevgi münasibətində olduğu Raziyyat Əliyevanın kişilərlə münasibət qurub, ona xəyanət etdiyini müəyyən edib. Buna görə Raziyyat Əliyevanın əllərini bağlayıb, ona xəsarətlər yetirib.
Bundan başqa, Ziya Hüseynzadə həmin ilin dekabr ayında yenə də Raziyyat Əliyevanın başqa kişilərlə münasibətdə olması barədə məlumat əldə edib. O, Raziyyat Əliyevanın yaşadığı Şərifzadə küçəsində yerləşən evinə gəlib. Özündə olan bıçağı Raziyyat Əliyevaya nümayiş etdirib və onu öldürməklə hədələyib.
Həmçinin Ziya Hüseynzadə həmin ilin dekabr ayının müxtəlif günlərində Raziyyat Əliyevaya işgəncə verib. Daha sonra o, birgə yaşadıqları dövrdə Raziyyat Əliyevaya bahalı hədiyyələr alması, birgə xarici səfərlərdə getməklə vəsait xərclənməsini bəhanə gətirib, ona aldığı 185 min manat dəyərində "Mersedes" markalı avtomobili hədə-qorxu yolu ilə geri tələb edib.
Ziya Hüseynzadə Raziyyat Əliyevanın anası Xadijat Əliyevanın Qaradağ rayondakı evində olduğunu müəyyənləşdirib. O, gecəyarısı həmin ünvana gedərək, Raziyyat Əliyeva və Xadijat Əliyevanın ünvanına nalayiq ifadələr işlədib.
İstintaq sənədlərində qeyd olunub ki, 2023-cü ildə Raziyyat Əliyevaya məxsus avtomobili oğurlamaqla ona 94 min manat ziyan vurub.
Ziya Hüseynzadə Cinayət Məcəlləsinin 133 (əzab vermə), 177.3 (oğurluq – yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla törədildikdə), 182.3.2 (hədə-qorxu yolu ilə tələb etmə), 186 (əmlakı qəsdən məhv etmə və ya zədələmə), 221.1 (xuliqanlıq) və başqa maddələrilə ittiham olunur.
Ziya Hüseynzadənin keçmiş baş nazir Novruz Məmmədovun qohumu olduğun iddia edilir.
Onun cinayət işi üzrə Raziyyat Əliyeva, Xadijat Əliyeva, Gülnar İsayeva zərərçəkmiş qismində tanınıblar.
Qeyd edək ki, Raziyyat Əliyeva 2017-ci ildə Azərbaycan gözəli seçilib.