5 iyun - Ümumdünya Ətraf Mühitin Mühafizəsi Günü ilə
əlaqədar Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) tərəfindən 4
iyun 2016-cı il tarixində Ələt-Salyan magistral avtomobil yolunun
5-8-ci kilometrliyinin yol kənarında salınmış yaşıllıq sahəsində
iməcilik keçirilib.
Nazirliyin mətbuat xidmətindən Axar.az-a verilən məlumata görə,
iməcilikdə ekologiya və təbii sərvətlər naziri Hüseynqulu Bağırov
və ETSN-in əməkdaşları ilə yanaşı, ekoloji qeyri-hökumət
təşkilatlarının ümumilikdə 500-ə yaxın nümayəndəsi iştirak
edib.
Aksiyada 320 hektar sahədə abadlıq işləri aparılıb, yaşıllıqlara
aqrotexniki qulluq göstərilib, ağacların dibi yumşaldılıb, ərazi
alaq otlarından təmizlənib.
Qeyd edək ki, iməcilik keçirilən bu ərazidəki yaşıllıq sahəsi
2012-ci ildə salınıb. Yolboyu salınan yaşıllıq sahəsi göstərilən
aqrotexniki qulluq sayəsində artıq meşə massivinə çevrilib.
Xatırladaq ki, ETSN tərəfindən Ələt-Salyan yolunda yaşıllaşdırma
işlərinə 2010-cu ildən başlanılıb. Bu müddət ərzində 752 hektar
ərazidə müasir damcılı suvarma sistemi quraşdırılıb. Ərazidə
zeytun, şam, sərv, akasiya, oleandr, göyrüş, tuya, fıstıq şamı,
qarağac, nar, badam, tut, iydə və s. növdə 839 min ədəd ağac və kol
bitkiləri əkilərək becərilib. O cümlədən 2016-cı ilin yazında
sözügedən ərazinin 20 hektarında 17 minə qədər müxtəlif növdə ağac
əkilib.
Ərazilərin suvarılması məqsədilə Şirvan kollektorunun üzərində
hər biri 2500 m3-gün gücündə 2 ədəd duzsuzlaşdırma kompleksi
tikilib. Eyni zamanda 2013-cü ildə istifadəyə verilmiş gücü 1000 m3
olan Xəzər Dənizi Suyunun Duzsuzlaşdırma Zavodunda da bu il əlavə
olaraq gündə 1000 m3 həcmində sutəmizləyən yeni xətt tikilərək
istifadəyə verilib. Beləliklə, Şirvan kollektoru və Xəzər
dənizindən götürülərək duzsuzlaşdırılan suyun ümumi həcmi gündə
7000 m3-ə çatdırılıb ki, bu da 2016-cı və sonrakı illərdə salınacaq
300 hektardan artıq yaşıllıq sahəsinin suvarılmasına kifayət
edəcək.
Qeyd edək ki, 5 iyun - Ümumdünya Ətraf Mühitin Mühafizəsi Günü
ilə əlaqədar regionlarda da iməciliklər təşkil olunaraq
yaşıllıqlara qulluq edilib, təmizlik işləri aparılıb.