Bu gün Kənd Təsərrüfatı Nazirliyində "Taxıl biçininin
qısa müddətdə və itkisiz yığımının təşkili ilə bağlı qarşıda duran
vəzifələr"ə həsr olunmuş respublika müşavirəsi
keçirilib.
Axar.az nazirliyin mətbuat xidmətindən verilən məlumata əsasən,
müşavirədə Kənd Təsərrüfatı Nazirliyinin, Rayon Kənd Təsərrüfatı
İdarələrinin, "Aqrolizinq" ASC-nin və onun regional
nümayəndəliklərinin rəhbərləri iştirak ediblər.
Müşavirəni giriş sözü ilə açan nazir Heydər Əsədov son dövrlərdə
ölkəmizdə kənd təsərrüfatı sahəsində həyata keçirilən
institutsional islahatlar, ölkə rəhbərliyinin aqrar sahəyə
göstərdiyi diqqət və qayğı, aqrar sahənin inkişafı ilə bağlı son
dövrlərdə qəbul olunmuş qərar və sərəncamlar, həmçinin hökumət
tərəfindən kənd təsərrüfatının müxtəlif sahələrinə ayrılan
subsidiyalar, ixracın stimullaşdırılması barədə gürülən tədbirlər,
eyni zamanda torpaqlardan istifadənin səmərəliliyinin artırılması,
istifadəsiz torpaqlara vergi uçot dərəcəsinin artırılması, sünu
mayalama işlərinin həyata keçirilməsinin sürətləndirilməsi,
heyvandarlıqda möhkəm yem bazasının yaradılması, suvarma
sistemlərinin yenidən qurulması ilə bağlı geniş məlumat verib.
Bildirilib ki, cari ilin taxıl yığımı mövsümündə respublika üzrə
cəmi 927,4 min ha sahədə payızlıq taxıl biçini nəzərdə tutulub.
Ondan 344 min ha arpa, 583 min ha buğda sahələri təşkil edir ki, bu
da keçən illə müqayisədə 42 min ha payızlıq buğda sahəsi çoxdur.
Artıq may ayının 25-dən aran bölgələrində arpa biçini başlanmış və
məhsuldarlıq hektardan 30-35 sentner təşkil edir. Biçinə hazırlıqla
əlaqədar olaraq respublikada mövcud olan taxılyığan kombayn
parkının dislokasiyası müəyyən edilib və biçin qrafiki tərtib
edilib.
Cari taxıl biçini mövsümündə 2400-dən artıq taxılyığan kombayn
biçinə cəlb olunacaqdır. Mövcud olan kombaynlar tam saz vəziyyətə
gətirilmiş, bölgələr üzrə taxılın yetişmə ardıcıllığı nəzərə
alınmaqla kombaynların rayonlararası hərəkət qrafiki tərtib
edilib.
Bununla yanaşı regional nümayəndəliklərin istifadəsində olan
500-dən artıq taxılyığan kombayn biçin kampaniyasında iştirak
edəcəkdir.
Çıxış edən Aqrolizinq ASC-nin sədri Elşən Məmmədov rəhbərlik
etdiyi qurumun son dövrlərdə fəaliyyəti barədə məlumat verib,
həmçinin ayrı-ayrılıqda hər bir rayon Aqroservis rəhbərinin
texnikaların və kombaynların biçinə hazırlıq vəziyyəti və
dislokasiyası ilə bağlı məlumatları dinlənilib.
Yekunda nazir Heydər Əsədov təbliğat işinin genişləndirilməsi,
taxıl biçininin qısa müddətdə və itkisiz aparılması, yanğından
mühafizə işinin təşkili, subsidiyaların verilməsində şəffaflığın
təmin edilməsi, lizinq xidmətlərinin vaxtında aparılması,
gübrələrdən istifadə ilə bağlı Rayon Kənd Təsərrüfatı İdarələrinə
və Aqroservis rəhbərlərinə müvafiq tapşırıq və tövsiyələr
verib.
Müşavirədə Aqrolizinq ASC-nin sədrinə töhmət, sədr müavininə
şiddətli töhmət, həmçinin işdə ciddi nöqsanlara yol verdiyinə görə
Bərdə, Ağsu, Oğuz, Ağcabədi, Şamaxı, Hacıqabul, Gədəbəy, Yevlax
Aqroservis rəhbərlərinə şiddətli töhmət və sonuncu xəbərdarlıq
edilib, Cəlilabad və Gəncə regional nümayəndəliklərinə töhmət
verilib, işlərini günün müasir tələblərinə uyğun qura
bilmədiklərinə görə lizinq ödənişlərinin yığımı üzrə regionlarla iş
üzrə sektorun yeddi region üzrə ştat vahidi ləğv edilərək, mərkəzi
aparatda struktur dəyişikliyinin aparılması məqsədəuyğun hesab
olunub.