Azadlıq prospektində avtonəqliyyat vasitələrinin
hərəkətində dəyişikliklər edilir.
Azəravtoyol ASC-dən Axar.az-a verilən məlumata görə,
avtonəqliyyat vasitələrinin prospektdən saga, Cəfər Xəndan küçəsinə
işıqfordan dönmək qadağan olunacaq.
Bunun əvəzinə sürücülər kəsişməyə çatmamış köməkçi yoldan
istifadə edərək sağa doğru maneəsiz hərəkətlərini davam etdirə
biləcəklər. Cəfər Xəndan küçəsinə rahat hərəkəti təmin etmək üçün
köməkçi yolda genişləndirmə işləri aparılıb, asfalt-beton örtüyü
yenilənib.
Tətbiq olunacaq daha bir dəyişiklik isə müntəzəm sərnişindaşıma
ilə məşğul olan avtobuslar üçün nəzərdə tutulub. Avtobusların ümumi
hərəkətə mane yaratmadan hərəkətini təmin etmək, bununla da sıxlığı
aradan qaldırmaq üçün onların Cəfər Xəndan küçəsinə kəsişmədən
prospektin əsas yolu ilə Süleyman Sani Axundov küçəsinə kəsişməyə
doğru ("Azadlıq" metrostansiyası) hərəkətinə qadağa qoyularaq, yan
yola yönəldiləcək. Avtobuslar da Cəfər Xəndan küçəsi ilə kəsişməyə
çatmamış köməkçi yola daxil olacaqlar. Daha sonra kəsişməni keçərək
yan yolla hərəkətlərinə davam edə biləcəklər. Kəsişməyə bunun üçün
əlavə işıqforlar quraşdırılacaq.
Sərnişin avtobuslarının prospektin yan yolundan Məsud Davudoğlu
küçəsinə (6-cı mkrn. istiqaməti) keçidini təmin etmək üçün əsas
yola doğru yeni hissə açılıb. Yeni yol hissəsindən Məsud Davudoğlu
küçəsinə keçid işıqforlarla tənzimlənəcək.
Süleyman Sani Axundov küçəsinə doğru irəliləyən avtobuslar isə
sözügedən küçə ilə kəsişmədə yaradılacaq xüsusi dayanacağa daxil
olduqdan sonra M.Ə.Rəsulzadə qəsəbəsinə doğru prospekt boyunca
hərəkətlərinə davam edə biləcəklər. Sözügedən küçə ilə prospektə
doğru hərəkətdə olan avtonəliyyat vasitələri üçün geri dönməni
təmin etmək məqsədi ilə yeni yol hissəsi də salınacaq.
Əks istiqamətdən gələn ictimai nəqliyyat üçün də sözügedən
kəsişmədə xüsusi dayanacaqlı hissə yaradılacaq. Bura daxil olan
avtobusların hərəkəti müəyyən bir məsafədə yan yola yönəldiləcək.
Daha sonra avtobuslar prospektin əsas yoluna çıxaraq hərəkətlərinə
davam edə biləcəklər.
Azəravtoyol ASC tərəfindən edilən dəyişikliklər prospektin
sözügedən hissəsində sıxlığın aradan qaldırılmasına müsbət təsir
edəcəyi gözlənilir.