Dövlət İmtahan Mərkəzinin buraxılış imtahanlarının yekun nəticələrinə əsasən, 2024-2025-ci ilin məzunları arasında Dövlət Sərhəd Xidmətinin (DSX) Xüsusi Məktəbinin ümumi orta təhsil haqqında fərqlənmə attestatına layiq görülən 3 və 200-dən yuxarı bal toplayaraq yüksək nəticə göstərən 21 nəfər kursantının təltif olunmasına həsr edilən tədbir keçirilib.
DSX-nin mətbuat mərkəzindən Axar.az-a verilən məlumata görə, Dövlət Himninin səsləndirilməsi ilə başlanan tədbirdə Ümummilli Lider Heydər Əliyevin və şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
DSX-nin rəisi general-polkovnik Elçin Quliyevin müvafiq əmrinə əsasən imtahanlarda yüksək nəticə göstərən kursantlar və məktəbin pedaqoji heyəti təşəkkürnamə, fəxri fərman və qiymətli hədiyyələrlə təltif olunublar.
Çıxış edənlər kursantların əldə etdikləri uğurlar barədə ətraflı məlumat verib, onları təbrik edərək gələcək təhsillərində daha yüksək nailiyyətlər qazanmalarını arzulayıblar.
Tədbirdə iştirak edən məzunların valideynləri Xüsusi Məktəbdə yaradılan müasir təhsil, təlim və sosial-məişət şəraitinə görə Heydər Əliyev Fonduna və DSX-nin rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.