İyunun 11-də Kənd Təsərrüfatı Nazirliyində "Bakı şəhər
Baytarlıq İdarəsinin fəaliyyəti və qarşıda duran vəzifələrə dair"
geniş tərkibdə iclası keçirilmişdir.
Dövlət Baytarlıq Nəzarəti Xidməti mətbuat xidmətindən Axar.az-a
verilən məlumata görə, iclasda nazirliyin kollegiya üzvləri, şöbə
müdirləri, müvafiq qurumlarının rəhbərləri, Baytarlıq Xidmətinin
məsul işçiləri, Bakı şəhər Baytarlıq İdarəsinin rəhbərliyi və
tabeliyində olan baytarlıq-sanitariya ekspertiza
laboratoriyalarının müdirləri, sahə baytarlıq məntəqələrinin
müdirləri, eləcə də Respublika Baytarlıq Laboratoriyasının
mütəxəssisləri iştirak etmişlər.
İclası kənd təsərrüfatı naziri Heydər Əsədov açaraq ölkə rəhbəri
tərəfindən aqrar sektora göstərilən diqqət və qayğıdan, həyata
keçirilən institutsional islahatlardan danışaraq, respublikada
ərzaq təhlükəsizliyinin təmin olunmasında Baytarlıq Xidmətinin
müstəsna rolu olduğunu qeyd etdi. Möhtərəm Prezident İlham Əliyevin
kənd təsərrüfatı sahəsinin inkişafına xüsusi önəm verildiyini qeyd
edən nazir ölkə başçısı tərəfindən aqrar sahədə çalışan mütəxəssis
və sahibkarlar qarşısında mühüm vəzifələr qoyulduğunu tədbir
iştirakçılarının diqqətinə çatdırdı.
İclasda Dövlət Baytarlıq Nəzarəti Xidmətinin rəisi vəzifəsini
müvəqqəti icra edən Azər Süleymanov Bakı şəhər Baytarlıq İdarəsinin
fəaliyyəti və mövcud nöqsanlar barədə geniş və əhatəli məlumat
vermişdir.
İclasda baytarlıq-sanitariya ekspertiza laboratoriyalarının
fəaliyyəti barədə hər bir baytarlıq-sanitariya ekspertiza
laboratoriyalarının (BSEL) rəhbərinin məlumatı dinlənildi.
İclasda işdə ciddi nöqsanlara yol verdiklərinə və işlərini günün
tələbləri səviyyəsində qura bilmədiklərinə, alınmış müasir
baytarlıq laboratoriya avadanlıq və reaktivlərindən səmərəli
istifadəsini təmin etmədiklərinə görə 2 saylı BSEL-in müdiri Mehri
Əliyeva, 6 saylı BSEL-in müdiri Gülnarə Sadıqova və 20 saylı BSEL
müdiri Nüşabə Abdullayeva tutduqları vəzifədən azad edilmiş; 9
saylı BSEL-in müdiri Almaz Bağırova, 10 saylı BSEL-in müdiri
Canbaxış Vəliyevə, 17 saylı BSEL-in müdiri Saleh Arazova axırıncı
xəbərdarlıq olmaqla şiddətli töhmət; 18 saylı BSEL-in müdiri Əlixan
İbrahimova, 23 saylı BSEL-in müdiri Yusif İbrahimova, 24 saylı
BSEL-in müdiri Süleyman Əhmədova, 5 saylı BSEL-in müdiri Ramazan
Eminova töhmət verilmiş, 8 saylı BSEL-in müdiri Ramiz Əsgərova, 13
saylı BSEL-in müdiri Əbülfət Əsədova xəbərdarlıq edilmiş, qısa
müddətdə işlərində dönüş yaratmadıqları təqdirdə daha ciddi
tədbirlər görüləcəyi nəzərlərinə çatdırılmışdır.
İclasa yekun vuran nazir Heydər Əsədov bu sahədə mövcud
nöqsanların aradan qaldırılması məqsədilə laboratoriyaların
maddi-texniki bazasının yaxşılaşdırılması, dərman vasitələri ilə
təmin edilməsi, uçot-hesabat işlərinin lazımı səviyyədə aparılması,
bu sahəyə gənc mütəxəssislərin cəlb olunması, heyvan kəsim
məntəqələrinin və ət satışı mağazalarının yenidən qeydiyyatının
aparılması, keyfiyyətsiz ətlərin satışının qarsısının alınması üçün
baytarlıq nəzarətinin gücləndirilməsi və mövcud nöqsanların qısa
müddətdə aradan qaldırılması üçün baytarlıq mütəxəssislərindən
ibarət monitorinq qrupunun yaradılmasını məqsədəmüvafiq hesab
etdi.
28 BSEL-nın müdir vəzifələrinə, şəffaflıq yolu ilə yeni
rəhbərlər təyin olundu.