Effektiv Cəmiyyət İnstitutu
İctimai Birliyinin dəstəyi, Diaspor Jurnalistləri Birliyinin
təşkilatçılığı ilə xarici ölkələrdə yaşayan azərbaycanlılar üçün
iftar süfrəsi açılıb.
Axar.az xəbər verir ki, qonaqlar süfrə arxasında səmimi söhbət,
o cümlədən diasporla bağlı fikir mübadiləsi ediblər. Azərbaycan
Kikboksinq Federasiyasının peşəkarlar üzrə vitse-prezidenti,
Effektiv Cəmiyyət İnstitutu İctimai Birliyinin rəhbəri Səbuhi Rəcəb
dəvəti qəbul etdiklərinə görə diaspor nümayəndələrinə təşəkkürünü
bildirib: "Azərbaycan sizin öz eviniz, yurdunuzdur. Dünyanın
harasında yaşamağınzdan asılı olmayaraq, biz hamımız eyni millətin
nümayəndələriyik. Sizlərin işi bilirik ki, çox çətindir. Xaricdə
bizi layiqincə təmsil etdiyiniz üçün hər birinizə minnətdarlığımızı
bildiririk. Çətin və məsuliyyətli işinizdə sizə uğurlar arzu
edirik". Diaspor Jurnalistləri Birliyinin sədri Fuad Hüseynzadə,
Azərbaycan Kikboksinq Federasiyasının mətbuat katibi Elnur Eltürk
çıxış edərək milli diaspordan böyük gözləntiləri olduqlarını
deyiblər.
Gecənin fəxri qonağı olan Küveyt vətəndaşı, Vətənsevər Dostluq
Cəmiyyətinin əməliyyat müşaviri Bədi Haşim Əli dəvətə görə Effektiv
Cəmiyyət İnstitutu İctimai Birliyinin rəhbəri Səbuhi Rəcəb
minnətdarlığını bildirib: "Sizin kimi insanlarla tanış olmağıma çox
şad oldum. Azərbaycan və azərbaycanlılarla çox fəxr edirəm. Küveyt
vətəndaşı olsam da, Azərbaycanın xaricdə təbliği üçün əlimdən
gələni edirəm və bundan sonra da edəcəyəm".
Görüşdə iştirak edən Alman-Azərbaycan Dostluq Cəmiyyətinin sədri
Naibə Hacıyeva, Alman-Azərbaycan Ziyalılar Birliyinin sədri Naibə
Şirinova, Azərbaycan-İsveç Dostluq Cəmiyyətinin sədr müavini Leyla
Kiani, Küveytdəki Vətənsevər Dostluq Cəmiyyətinin sədri Könül
Hacızadə, Azərbaycan Qadınları Kültür Mərkəzi Dərnəyinin sədri
Cəvahir Əhmədova, Hollandiya-Azərbaycan Evinin sədri Elxan
Mirhəşimli, Türingiya Azərbaycanlı Tələbələr Assosiasiyasının sədri
Alı Adıgözəl, Azərbaycan – İndoneziya Dostluq Assosiasiyasının
sədri Elmar İskəndərov və digərləri görüşün təşkilatçılarına öz
təşəkkürlərini bildiriblər.
Qeyd ediblər ki, xaricdə onların gördüyü işlərə vətəndə qiymət
verilirsə, bu, onların diaspor məsuliyyətini daha da artırır.
Gecənin sonunda Effektiv Cəmiyyət İnstitutu İctimai Birliyinin
rəhbəri Səbuhi Rəcəb tərəfindən diaspor nümayəndələrinə hədiyyələr
təqdim olunub.