14 iyun 2016-cı il tarixində Azərbaycan Respublikası
Fövqəladə Hallar Nazirliyinin Akademiyasının "Heydər Əliyev
məktəbinin" lektoriyasında 15 İyun - Milli Qurtuluş Günü
münasibətilə tədbir keçirilib.
Axar.az FHN-nin saytına istinadən xəbər verir ki akademiyanın
həyətində ulu öndər Heydər Əliyevin xatirəsinə ucaldılmış abidənin
önünə gül dəstələri qoyulub, Dahi Rəhbərin əziz xatirəsi ehtiramla
yad edilib.
Azərbaycan Respublikasının Dövlət himninin səslənməsi ilə
başlanan toplantıda çıxış edən Akademiyanın rəisi general-mayor
Pənah Süleymanov qeyd edib ki, Azərbaycan xalqı dərin
ictimai-siyasi və iqtisadi böhrandan zəngin idarəçilik təcrübəsinə
malik, nüfuzlu dövlət xadimi Heydər Əliyevin yorulmaz fəaliyyəti,
müdrik və uzaqgörən siyasəti nəticəsində xilas oldu. Elə buna görə
də ulu öndərin siyasi hakimiyyətə xalqın tələb və təkidi ilə
yenidən qayıtdığı gün – 1993-cü ilin 15 iyun tarixi haqlı olaraq
Milli Qurtuluş Günü adlanır. Unudulmaz şəxsiyyətin əsasını qoyduğu
mütərəqqi siyasi kurs isə bu gün ölkə başçısı, Silahlı Qüvvələrin
Ali Baş Komandanı İlham Əliyev cənabları tərəfindən böyük məharət
və uğurla davam etdirilir.
Milli Məclisin deputatı, Azərbaycan Milli Elmlər Akademiyasının
müxbir üzvü Nizami Cəfərov çıxışında qeyd edib ki, Heydər Əliyevin
xilaskarlıq missiyası impulsiv, epizodik hadisə deyildi. Məhz bu
missiya Azərbaycanın gələcək tarixinin, xalqın taleyinin
müəyyənləşdirilməsində həlledici rol oynadı. MM-in deputatı
bildirib ki, xalqımızın tarixi keçmişinə, mədəni irsinə və mənəvi
dəyərlər sisteminə böyük məhəbbət duyğuları ilə yaşayan ümummilli
lider həm də bu dəyərlərin qoruyucusu idi. Ulu öndərin xalqın
təkidli tələbi ilə yenidən siyasi rəhbərliyə gəlməsi ilə vaxtilə
qadağalara məruz qalan, yasaq olunan milli və dini bayramlarımız,
adət-ənənələrimiz, mərasimlərimiz xalqa qaytarıldı. Bütün
məsələlərə konseptual yanaşan ümummilli lider Heydər Əliyevin
ədəbi-nəzəri fikirləri ilə əməli fəaliyyətinin vəhdəti nəticəsində
Azərbaycan ədəbiyyatı və mədəniyyəti də inkişaf etdi. Bu gün də ulu
öndərin siyasi kursunun alternativsiz davamçısı ölkə rəhbəri İlham
Əliyevin yorulmaz fəaliyyəti nəticəsində Azərbaycan mədəniyyətinin
daha da inkişafı üçün geniş perspektivlər açılıb.
Tədbirdə çıxış edən Bakı şəhəri, Suraxanı Rayon İcra
Hakimiyyətinin başçısı İlqar Abbasov ulu öndər Heydər Əliyevin
dövlət quruculuğu, iqtisadiyyatın inkişafı və sosial sahədə həyata
keçirdiyi islahatlardan bəhs etmiş, onun müdrik siyasi xəttinin
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən
uğurla davam etdirildiyini vurğulayıb.
FHN Akademyasının rəis müavini polkovnik Afət Qurbanov da 15
İyun – Milli Qurtuluş Gününün tarixi əhəmiyyətindən, ulu öndər
Heydər Əliyevin Azərbaycan tarixindəki əvəzsiz yerindən, xalqımızın
və dövlətimizin xilası üçün həyata keçirdiyi titanik missiyadan söz
açıb.