Vətəndaş Həmrəyliyi
Partiyası milli azadlıq hərəkatının ən aktiv iştirakçılarından olan
Məhəmməd Hatəmi Tantəkinin vəfatı ilə bağlı nekroloq
yayıb.
VHP mətbuat xidmətindən Axar.az-a daxil olan nekroloqda
deyilir:
"Azərbaycanın milli azadlıq hərəkatının fəallarından olan,
ömrünü ölkəmizin müstəqilliyi yolunda mübarizəyə həsr edən Məhəmməd
Hatəmi Tantəkinin vəfatı bizi dərindən kədərləndirir.
Məhəmməd Hatəmi hələ 60-ci illərdən, milli şüurun oyanması
istiqamətində ziyalıların apardığı gizli təbliğatın öncüllərindən
olmuşdu. Hatəmi bircə dəfə də yolundan dönmədi, heç bir siyasi
təzyiqdən çəkinmədi və inandığı, arzuladığı ideallarına doğru
getdi.
1988-ci ildə başlayan Milli Azadlıq Hərəkatında isə Hatəmi artıq
öndə idi. Həmin dövrdə Məhəmməd Hatəmi sinninin ahıl çağına
yaxınlaşmışdı və Elmlər Akademiyasında çalışırdı. Buna baxmayaraq,
hərəkatın ilk günlərindən, mitinqlər zamanı rus əsgərlərinin
təzyiqlərinin qarşısında gənclərlə birgə sinə gərirdi.
Məhəmməd Hatəmi səmimi vətəndaş, bu azadlıq mübarizəsindən şəxsi
mənfəət olaraq heç nə ummayan mücahid idi. Azərbaycan müstəqilliyə
qovuşandan, ölkənin başı üzərindən parçalanma təhlükəsi ötəndən,
siyasi stabillik yaranandan sonra Məhəmməd Hatəmi də kənara
çəkildi, Bakı bağlarında kimlər üçünsə bağbanlıq etməklə ömrünü
davam etdirdi. Heç vaxt da narazılıq etmədi, əlinin zəhməti ilə
dolanmağı hər şeydən üstün tutdu.
Məhəmməd Hatəmi arzusunun bir hissəsinə çatdı – Azərbaycanın
müstəqilliyini gördü. Ancaq onun əsas ideyası, məfkurəsi Bütöv
Azərbaycanda yaşamaq, Güneyin azadlığını görmək, qüdrətli və bütöv
Azərbaycanın vətəndaşı olmaq idi. Bu arzularının dünyanın indiki
nizamında, bu zamanda reallaşmasının hələ çox tez olduğunu bilirdi
və buna görə də siyasi-ictimai mühitdən kənarlaşmışdı. Ancaq bu
arzuları və xəyallarından bir an da olsun imtina etməmişdi və
söhbətlərinin mövzusu Bütöv Azərbaycan idi.
Məhəmməd Hatəmi "qabığı ağacı qoruduğu kimi, dövlət də milləti
qoruyur, şükür ki, millətimiz qorunur" deyirdi, ancaq hər zaman da
sözünü 40 milyonluq Güneyli soydaşlarımızın pozulan hüquqlarının
üzərinə gətirib, onların da qorunmaq haqqının olduğunu bildirirdi.
Bu baxımdan Məhəmməd Hatəmi mübarizəsinin bəhrəsini görən, müstəqil
Azərbaycanda yaşamaq haqqı qazanan xoşbəxt ziyalı, digər tərəfdən
isə arzularına yetməyən, ideallarına qovuşmayan həsrətli insan kimi
dünyadan köçdü.
Bu mübariz, ruhunda Böyük Azərbaycanı yaşadan və milli ideallar
uğrunda özünü fəda edən ziyalının vəfatı münasibəti ilə Azərbaycan
xalqına dərin hüznlə başsağlığı verir, böyük ziyalımıza Allahdan
rəhmət diləyirik".