Masallı rayonunun Ərkivan qəsəbəsi, Qəriblər, İsilər və
Kosakül kəndlərində qaz təchizatının dayandırılmasının əsas səbəbi
istifadə edilmiş təbii qazın dəyərinin istehlakçılar tərəfindən
ödənilməməsi və ya qismən ödənilməsi olub.
Bu barədə Report-a "Azəriqaz" İstehsalat Birliyinin
ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.
Qurumun açıqlamasına görə, həmin yaşaıyış məntəqələrinin
sakinlərinin qaza görə ümumi borcu 2009-cu ilin oktyabrından
sonrakı dövrü əhatə edir: "Ölkə başçısının müvafiq fərmanı ilə
2009-cu il oktyabrın 1-nə əhalinin təbii qaza görə yaranmış borcu
silinib. Lakin qeyd olunan yaşayış məntəqələrinin sakinləri
tərəfindən 2009-cu il oktyabrın 1-dən bu ilin mayın 1-dək qazın
dəyərinin tam ödənilməməsi illər üzrə borcların yığılmasına səbəb
olub. Nəticədə, 482 158 manat həcmində ödənilməmiş debitor borc
yaranıb".
"Borcun 402 745 manatı Ərkivan qəsəbəsi, 30 910 manatı Qəriblər
kəndi, 6 571 manatı İsilər kəndi, 41 932 manatı isə Kosakül
kəndinin payına düşür. Qeyd olunan yaşayış məntəqələrində yaşayan
abonentlər Lənkəran Regional Qaz İstismar İdarəsinin, Masallı
rayonu üzrə xidmət sahəsinə yaxınlaşaraq öz borcları barədə ətraflı
məlumat əldə edə bilərlər. Qazın verilməsində məhdudiyyətin
yaranmaması üçün istifadə olunmuş təbii qazın dəyərinin dərhal
ödənilməsi xahiş olunur", - deyə İB-dən bildirilib.
Qeyd edək ki, bəzi KİV-də Masallı rayonunun bir neçə kənd və
qəsəbəsində təbii qazın dayandırılması ilə bağlı informasiyalar
yayılıb.