Azərbaycanda təbii qazın keyfiyyətinin yoxlanılması ilə
bağlı Energetika Nazirliyinin Dövlət Qaz Nəzarəti İdarəsinin
nəzdində laboratoriya qurulacaq.
APA xəbər verir ki,
bunu idarənin baş məsləhətçisi, hüquqşünas Samid Əliyev
bildirib.
Onun sözlərinə görə, artıq laboratoriya qurulub və
Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsindən
akkreditasiyadan keçir. Hüquqşünas qeyd edib ki, laboratoriya 2-3
aya tam fəaliyyətə başlayacaq. "İstehlakçıdan qazın keyfiyyəti və
tərkibi ilə əlaqədar olaraq hər hansı şikayət daxil olarsa, Dövlət
Xidmətinin əməkdaşları yerində qazın analizini götürəcək, ardından
laboratoriyada yoxlayıb, onun standarta uyğun olub-olmadığını təyin
edəcək", - deyə o qeyd edib.
Qurum rəsmisi əlavə edib ki, indiyə qədər dəm qazından
zəhərlənmə halları baş verən zaman qazın keyfiyyəti araşdırılmayıb:
"Biz hesab edirik ki, dəm qazından zəhərlənmələrin əsas
səbəblərindən biri qazın keyfiyyətsiz olmasıdır. Çünki, yanma
prosesi düzgün getmir və bunun nəticəsində orada yanmamış qazlar
əmələ gəlir. Dövlət Xidməti bu məsələ ilə ciddi məşğul olacaq və bu
cür hal və ya hadisə baş verərsə, mütləq qazın tərkibi də araşdırma
predmeti olacaq. "Azəriqaz" qazın keyfiyyətini ayda 3 dəfə
yoxlamalıdır. Lakin bunu edirlərmi? SOCAR qazı özü istehsal edir.
Bundan başqa, qazı satan, yəni istehlakçıya çatdıran, keyfiyyətini
yoxlayan da özüdür. Dövlət standartlarına uyğun olaraq hər bir
kubmetr üçün 7 600 kilokalori istilik ötürmə qabiliyyəti nəzərdə
tutulur. Amma "Azəriqaz" əməkdaşları bunu dövlət müqavilələrində 8
000 kilokalori kimi qeyd edir. Onlar əmin edirlər ki, onları qazın
keyfiyyəti yüksəkdir, lakin evimizdə çaydan 3 saata qaynayır.
Əslində, bu, istehlakçının hüquqlarının pozulması deməkdir. Qazın
tərkibində hava qarışığı olmalıdır. Amma bu hava qarışığı həddindən
artıq çox olarsa, partlayışa səbəb olar. Belə hallar isə son
zamanlar çox olub".