Bacısının ərini öldürməkdə
təqsirli bilinən Gəncə şəhər sakini, 1995-ci il təvəllüdlü Sənan
Cəfərovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Publika.az xəbər
verir ki, Sənan Cəfərovun bacısı Samirə Qəhrəmanova 28 iyun 2015-ci
il tarixdə həyat yoldaşı Radin Qəhrəmanov tərəfindən heç bir əsaslı
səbəb olmadan döyülüb.
Ər-arvad arasında
mübahisə
Bu səbəbdən Samirə Qəhrəmanova
acıq edərək atasına məxsus Gəncə şəhəri, Yeni Gəncə qəsəbəsi, 2-ci
mikrorayon 3 saylı binanın 41 saylı mənzilinə gəlib. Samirə bir aya
yaxın müddətdə atası evində qalıb.
Bununla bağlı Radin Qəhrəmanov dəfələrlə Samirənin atası evinə
gəlib. Radin Samirə Qəhrəmanovanı barışaraq evinə qaytarmaq
istəyib.
Amma Samirə onunla barışmaq istəmədiyini deyib. Samirə ərini
bağışlamayıb. Bu səbəbdən Radin həyat yoldaşını evinə qaytarmaq
istəyinə nail ola bilməyib.
Kürəkənin gecə yarısı
basqını
Bu hərəkətlərinə görə Sənan Cəfərov bacısının yoldaşı Radin
Qəhrəmanovdan narazı qalıb. Sənan iyulun 2-də, ailə üzvləri ilə
birlikdə evlərində yatarkən gecə saat 4 radələrində Radin
Qəhrəmanov evin qarşısına gəlib.
Radin gecə vaxtı olmasına, binada yaşayan şəxslərin yatmasına
əhəmiyyət verməyib. O, uca səslə Samirə Qəhrəmanovanın onunla
barışaraq evinə qayıtmasına ailəsinin mane olmasını bildirib.
Habelə evin qapılarını təpiklə vuraraq Sənan Cəfərov və ailə
üzvlərini nalayiq sözlərlə təhqir edib.
Polis iltizam alsa da, əməlindən çəkinmədi
Radin Qəhrəmanovun bu hərəkətləri barədə polisə məlumat verilib.
Həmin əraziyə gələn polis əməkdaşları tərəfindən o, tutularaq polis
bölməsinə aparılıb. Onunla profilaktik söhbətlər aparılaraq sərbəst
buraxılıb.
Bundan sonra Radin Qəhrəmanov gecə saat 5:30 radələrində yenidən
qayıdaraq uca səslə Sənan Cəfərov və ailə üzvlərini söyərək təhqir
edib.
Sənan Cəfərov bacısının bu hərəkətini özünə və ailəsinə
hörmətsizlik, ailəsinin şərəf və ləyaqətinin qonşuların yanında
alçaldılması kimi qiymətləndirib.
Mübahisə və təhqir
O, Radin Qəhrəmanovla sözlü mübahisə edib. Sənanın bacısının əri
ilə mübahisə etməsinə baxmayaraq, valideynləri onun evdən çıxmasına
imkan verməyib. Buna görə də o, Radin Qəhrəmanovla dalaşa
bilməyib.
İyunun 2-də, saat 13 radələrində Radin Qəhrəmanov Sənan Cəfərova
zəng edib. O, gecə bacısını müdafiə etdiyi üçün yenidən Sənanı
təhqir edib, münasibətlərini aydınlaşdırmaq üçün israrla görüşməyi
istəyib. Onlar həmin günü görüşmək barədə razılığa gəliblər.
Qətl planı
Sənan Cəfərov Radin Qəhrəmanovun bacısı Samirəni heç bir əsaslı
səbəb olmadan döydüyü, onu və ailə üzvlərini son günlər davamlı
olaraq təhqir edərək alçaltdığı üçün bunları özünə, ailəsinə
hörmətsizlik kimi qiymətləndirib.
Odur ki, Sənan bu hərəkətlərinə görə Radin Qəhrəmanovdan qisas
almaq istəyib. O, bu niyyətini həyata keçirmək üçün görüş zamanı
Radini öldürmək qərarına gəlib.
Yeznə-qayının mübahisəsi
Sənan Cəfərov niyyətini həyata keçirmək üçün həmin gün saat 13
radələrində Gəncə şəhərindəki "Azərmətbuat yayımı"nın 23 saylı
köşkündən 5 manata bir ədəd turist bıçağı alıb. O, saat 14:30
radələrində Radin Qəhrəmanovla görüşmək üçün razılaşdıqları Gəncə
şəhərindəki Bağbanlar küçəsi ilə Mehrablı küçələrinin kəsişməsində
yerləşən 8 saylı orta məktəbin qarşısına gəlib.
O, məktəbin Mehrablı küçəsinə açılan yan girişinin çöl tərəfində
Radin Qəhrəmanovla görüşüb. Söhbət zamanı Sənan Cəfərov onu və ailə
üzvlərini nalayiq söyüşlərlə təhqir etməsini irad tutub.
Amma Radin Qəhrəmanov son günlər etmiş olduğu hərəkətlərə haqq
qazandırıb. Sənan Radinin özünü haqlı bildiyindən, həmçinin üzünə
qarşı da yenidən nalayiq ifadələr işlətdiyindən daha da
hiddətlənib.
Tələbə tərəfindən amansız qətl
Bu zaman Sənan Cəfərov Radin Qəhrəmanovu öldürmək məqsədi ilə
özü ilə gətirdiyi bıçağı çıxarıb. Bıçağı görən Radin Qəhrəmanov
özünü müdafiə etmək üçün hər iki qolunu sinəsi üzərində çarpaz
vəziyyətə gətirib.
Bu vaxt Sənan Radin Qəhrəmanovun zərbələrdən yayınmasının və
qaçmasının qarşısını almaq istəyib. Bunun üçün o, sol əli ilə Radin
Qəhrəmanovun sağ çiynindən tutub və sol döş qəfəs nahiyəsinə
ardıcıl zərbələr endirib.
Sənan Cəfərov hadisə zamanı Radin Qəhrəmanovun ürək nahiyəsinə 5
bıçaq zərbəsi vurub. Radin Qəhrəmanov aldığı bıçaq xəsarətlərindən
hadisə yerində ölüb.
Sənan Cəfərov Gəncə Dövlət Universitetinin Pedaqoji fakültəsinin
"Fiziki tərbiyə və çağırışaqədərki hazırlıq" ixtisası üzrə əyani
şöbəsinin 2-ci kurs tələbəsi olub. Qətlə yetirilən Radim Qəhrəmanov
isə idmançı olub.
10 il 6 ay cəza
Sənan Cəfərov Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam
öldürmə) maddəsi ilə ittiham edilib. Onun cinayət işi Gəncə Ağır
Cinayətlər Məhkəməsində araşdırılıb.
Hakim Kəramət Əliyevin sədrlik etdiyi prosesdə Sənan Cəfərovun
barəsində hökm elan edilib. Məhkəmənin hökmü ilə Sənan Cəfərov 10
il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
Hökmdən narazı qalan Sənan Cəfərovun vəkili Elxan Osmanov
apelyasiya şikayəti verib. O, müdafiə etdiyi şəxsin cəzasının
yüngülləşdirilməsini istəyib. Şikayət araşdırılması üçün Gəncə
Apelyasiya Məhkəməsinə göndərilib və hakim Elçin Xasməmmədovun
sədrlik etdiyi kollegiyada araşdırılıb.
Apelyasiya şikayətinin dəlillərini araşdıran hakim heyəti sonda
qərar elan edib. Qərara görə, Sənan Cəfərovun apelyasiya şikayəti
təmin edilməyib.