Nazirlər Kabineti "Müsadirə edilmiş, sahibsiz qalmış,
vərəsəlik hüququ əsasında dövlət mülkiyyətinə keçən əmlakın və
dəfinələrin uçotu, qiymətləndirilməsi, saxlanılması, istifadəsi və
satışı barədə Əsasnamə"də dəyişiklik edib.
APA-nın məlumatına
görə, Əsasnaməyə əsasən müsadirə edilmiş, sahibsiz qalmış,
vərəsəlik hüququ əsasında dövlət mülkiyyətinə keçən əmlakın və
dəfinələrin uçotu aparılarkən müsadirə edilmiş və sahibsiz qalmış
əmlakın dövlət mülkiyyətinə keçməsi barədə məhkəmə, hökm və ya
qərar qanuni qüvvəyə mindikdən sonra 5 iş günü müddətində hökmün və
ya qərarın surətini, hökmün və ya qərarın icrası barədə göstərişi
və əmlakın siyahısının surətini icra məmuruna göndərir və bu barədə
müvafiq maliyyə orqanlarına məlumat verir.
Vərəsəlik hüququ əsasında dövlət mülkiyyətinə keçən əmlak üzrə
notariat orqanları həmin əmlakın müvafiq qaydada saxlanılmasını və
onun uçotunun aparılmasını təmin etməklə, bu əmlak haqqında Maliyyə
Nazirliyinə 5 iş günü müddətində məlumat verir. Əsasnaməyə əsasən
məhkəməyədək icraat zamanı və məhkəmə icraatı zamanı həbs qoyulmuş
əmlakın uçotu, saxlanılması və aidiyyəti üzrə təhvil verilməklə
dövlət mülkiyyətinə keçməsi prosesində Daxili İşlər Nazirliyi,
Milli Təhlükəsizlik Nazirliyi, Vergilər Nazirliyi, Dövlət Gömrük
Komitəsi, Dövlət Sərhəd Xidməti, Maliyyə Nazirliyi və icra
məmurları iştirak ediblər. Dəyişikliyə əsasən İndiyə qədər
məhkəməyədək icraat zamanı və məhkəmə icraatı zamanı həbs qoyulmuş
əmlakın uçotu, saxlanılması və aidiyyəti üzrə təhvil verilməklə
dövlət mülkiyyətinə keçməsi prosesində bundan sonra Baş Prokurorluq
da iştirak edəcək. Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyini isə
Dövlət Təhlükəsizliyi Xidməti əvəz edəcək. Bundan sonra
qiymətləndirmənin nəticələrinə dair hesabatda həmin əmlakı
eyniləşdirməyə imkan verən məlumatlar (identifikasiya kodu,
nömrəsi, modeli, istehsal tarixi və s.) göstərilməlidir. Digər
dəyişikliklərə əsasən bundan sonra müsadirə edilmiş, sahibsiz
qalmış, vərəsəlik hüququ əsasında dövlət mülkiyyətinə keçən dərman
vasitələri əvəzsiz olaraq Səhiyyə Nazirliyinə, dövlət mülkiyyətinə
keçən, lakin qanunvericiliklə mülki dövriyyəsi məhdudlaşdırılmış
əmlak onun dövriyyəsinə icazə verən orqanlara təhvil
veriləcək.
Müsadirə edilmiş, sahibsiz qalmış, vərəsəlik hüququ əsasında
dövlət mülkiyyətinə keçən əmlaklar satılmadıqda hansı addımların
atılacağı da müəyyənləşdirilib. Satılmayan əmlaklar barədə də qayda
müəyyənləşdirilib. Bundan sonra əmlakın satışı üzrə keçirilən ilk
iki hərracda sifariş verilmədikdə və ya əmlak satılmadıqda üçüncü
hərracda həmin əmlakın start qiyməti hərracın təşkilatçısı
tərəfindən ilkin start qiymətinin 10 faizi həcmində, dördüncü
hərracda ilkin start qiymətinin 25 faizi həcmində, beşinci hərracda
isə ilkin start qiymətinin 50 faizi həcmində aşağı salınacaq.
satılmayan əmlaklar üzrə Əmlak Məsələləri Dövlət Komitəsi
tərəfindən müvafiq dövlət orqanlarına onların əvəzsiz verilməsi
barədə müraciət olunur. Dövlət orqanlarının tələbatına əsasən,
həmin əmlaklar onlara əvəzsiz olaraq təhvil verilir. Həmin
əmlakların dövlət orqanları tərəfindən əvəzsiz olaraq əldə edilməsi
üzrə tələb olmadığı hallarda bu əmlaklar emal ilə məşğul olan
hüquqi şəxslərə və ya hüquqi şəxs yaratmadan sahibkarlıq
fəaliyyətini həyata keçirən fiziki şəxslərə satılır. Əmlak
Məsələləri Dövlət Komitəsi malların təkrar emalından əldə edilmiş
gəliri dövlət büdcəsinə köçürməlidir. Əmlaklar təkrar emal üçün
qəbul edilmədiyi hallarda onların aztəminatlı ailələrə, o cümlədən
qaçqınlara və məcburi köçkünlərə əvəzsiz verilməsini həyata
keçirmək məqsədi ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə
və Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinə
müraciət ediləcək. Bu təşkilatların təqdim etdiyi tələbata əsasən
əmlaklar onlara əvəzsiz olaraq təhvil veriləcək. Əmlakların
aztəminatlı ailələrə, o cümlədən qaçqınlara və məcburi köçkünlərə
verilməsinə dair tələbat olmadığı hallarda onlar komissiya
tərəfindən aktlaşdırılaraq məhv ediləcək və ya utilizasiya üçün
utilizasiya təşkilatına təhvil veriləcək.