Bu il 70 min nəfərdən artıq
vətəndaşın sanatoriya-kurort müəssisələrində dincəlməsi üçün
yollayışlardan istifadə edəcəyi gözlənilir.
Bunu Trend-ə
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) mətbuat
və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Nazim Ağamirov
deyib.
Azərbaycan həmkarlar ittifaqları təşkilatlarının hər il olduğu
kimi, bu il də yay mövsümünə ciddi şəkildə hazırlaşdığını deyən
N.Ağamirov bildirib ki, sanatoriya-kurort müəssisələrinin böyük
əksəriyyətində təmir-abadlıq işləri aparılıb, lüks və yarımlüks
tipli nömrələrin sayı artırılıb, yeni idman qurğuları
quraşdırılıb.
N.Ağamirov deyib ki, 2015-ci ildə həmkarlar ittifaqları
təşkilatları tərəfindən 8 sanatoriya, 1 müalicə pansionatı və 10
istirahət bazasına yollayışlar verilib. Sanatoriyaların 6-sı
ilboyu, digər 2-si, müalicə pansionatı və istirahət bazaları
mövsümi fəaliyyət göstərib.
Sanatoriyalara və istirahət mərkəzlərinə yollayışların qiymətinə
gəldikdə, N.Ağamirovun sözlərinə görə, ötən illə müqayisədə
yollayışların qiymətində, demək olar, dəyişiklik baş verməyib. Bu
il yollayışların qiyməti 570 manatdan 750 manatadəkdir.
Yollayışlarda qiymət fərqi bir qayda olaraq yataq otaqlarının
şəraiti ilə bağlıdır.
Konfederasiya rəsmisi əlavə edib ki, sanatoriya və istirahət
evlərinə yollayışlar məcburi dövlət sosial sığortasına cəlb olunan
və digər yollayış almaq hüququ olan şəxslərə verilir. Həmin şəxslər
yollayışı dəyərinin 15%-ni ödəməklə əldə edirlər. Yollayışların
ümumi sayının 10 faizi isə işçilərə (aztəminatlı ailələrə, müharibə
iştirakçılarına, əlil, şəhid ailələrinə və s.) ümumiyyətlə tam
güzəştlə pulsuz verilir:
"İşçilər iş yerlərində, tələbələr isə təhsil aldıqları
müəssisələrdə həmkarlar ittifaqı komitələrinə ərizə ilə müraciət
edərək yollayışlar ala bilərlər. Müəssisələrin həmkarlar ittifaqı
komitələri, onların xüsusi komissiyaları yollayışlara daha çox
ehtiyacı olanları müəyyən edir və işçilərin təqdim etdikləri tibbi
arayışa uyğun olaraq müvafiq yollayışlarla təmin edir. Məcburi
dövlət sosial sığorta haqqı ödəyən şəxs ailə üzvü üçün də yollayış
almaq istəyirsə və ailə üzvü də məcburi dövlət sosial sığorta haqqı
ödəyirsə, onda həmin ailə üzvü üçün də yollayışın dəyərinin 15%-ni
ödəyir. Əgər işləmirsə, məcburi dövlət sosial sığorta haqqı
ayırmaları ödəmirsə, yollayışı dəyərinin 50%-ni ödəməklə əldə edə
bilər. Həmkarlar itifaqı təşkilatlarının vətəndaşlara yollayışları
tam dəyəri ödənilməklə də vermək hüququ var".
N.Ağamirov deyib ki, 2015-ci ildə Dövlət Sosial Müdafiə Fondunun
vəsaiti hesabına 22 min nəfərdən artıq həmkarlar ittifaqı üzvü
yollayışlardan istifadə edib. Bundan əlavə, Həmkarlar ittifaqı
təşkilatlarının daxili imkanları hesabına 47 min nəfərdən artıq
həmkarlar ittifaqı üzvü də yollayışlardan istifadə edib. Ümumilikdə
ötən il 70 min nəfərdən artıq sosial sığorta ödəyicisi yollayışla
təmin olunub. İlk həmkarlar ittifaqı təşkilatlarının öz üzvləri
üçün təşkil etdikləri kütləvi gəzinti və istirahət nəzərə alınmaqla
ümumilikdə istirahətə və müalicəyə göndərilənlərin sayı 100 min
nəfərə yaxın olub:
"AHİK-in üzv təşkilatları da öz vəsaitləri hesabına inşa
etdirdikləri müasir tipli pansionatlarda işçilərinin
istirahətlərini təşkil edirlər. Məsələn, Rabitə İşçiləri Müstəqil
Həmkarlar İttifaqının Nabran zonasındakı "Rabitəçi" istirahət
mərkəzində mövsüm ərzində 450 nəfərə yaxın, Dəmiryolçuların
Müstəqil Həmkarlar İttifaqının Nabrandakı "Lokomotiv" istirahət
mərkəzində 1000 nəfər, Dövlət idarələri və İctimai Xidmət işçiləri
Həmkarlar İttifaqının Nabrandakı "Ülfət" istirahət zonasında 1000
nəfərə yaxın, Təhsil İşçiləri Azad Həmkarlar İttifaqının Nabrandakı
"Təhsil" istirahət mərkəzində 1500 nəfərə yaxın, Dəniz Nəqliyyatı
İşçilərinin Həmkarlar İttifaqının "Dənizçi" istirahət mərkəzində
1900 nəfərə yaxın həmkarlar ittifaqı üzvü istirahət edir. Ötən ilin
sonlarında Səhiyyə İşçiləri Həmkarlar İttifaqının Qusar rayonu
ərazisində "Şəfa" istirahət mərkəzi istifadəyə verilib. Həmin
istirahət mərkəzində də 1000 nəfərdən artıq həmkarlar ittifaqı üzvü
istirahət edə biləcək.
Hazırda Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı da öz vəsaiti
hesabına 2 hektar torpaq sahəsi alaraq, orada öz işçiləri üçün
sağlamlıq-istirahət mərkəzi inşa etdirir. Daha bir
müalicə-sağlamlıq ocağı - Metropoliten İşçiləri Həmkarlar İttifaqı
Birliyinin nəzdindəki sanatoriya-profilaktoriya bu il də
fəaliyyətini davam etdirəcək. Həmin sağlamlıq ocağında hər il 850
nəfər müalicə alaraq sağlamlığını bərpa edir. Sanatoriyaya bir ədəd
yollayışın qiyməti 235 manatdır. Məcburi dövlət sosial sığortasına
cəlb olunmuş şəxslər, yəni metropoliten işçiləri yollayışın
dəyərinin 15 faizini, yəni 35 manat ödəməklə əldə etmək hüququna
malikdirlər, lakin bu vəsaitin ödənilməsini də Metropoliten
İşçiləri HİB öz üzərinə götürüb və işçilər yollayışları tam
güzəştli olaraq, pulsuz əldə edirlər".