Tacikistanda səfərdə olan Azərbaycan Respublikasının
əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov Tacikistan
Respublikasının Baş naziri Koxir Rasulzoda ilə
görüşüb.
Nazirliyin ictimaiyyətlə əlaqələr şöbəsindən Axar.az-a
bildiriblər ki, görüş zamanı Azərbaycanla Tacikistan arasında
ikitərəfli münasibətlərin inkişafından bəhs olunub, iki ölkənin
müxtəlif sahələrdə əməkdaşlıq əlaqələrinin möhkəmlənməsində
Azərbaycan Prezidenti İlham Əliyevin və Tacikistan Prezidenti
Emoməli Rəhmonun xidmətləri vurğulanıb.
K.Rasulzoda ölkələrimiz arasında əməkdaşlıq əlaqələrinin dost
münasibətlərinə əsaslandığını və müxtəlif sahələrdə uğurla inkişaf
etdiyini bildirib. Baş nazir əməkdaşlıq əlaqələrinin əmək və
məşğulluq sahəsində də gücləndirilməsinin əhəmiyyətini vurğulayıb.
K.Rasulzoda Azərbaycan nümayəndə heyətinin ölkəsinə bu səfərinin,
əmək və məşğulluq sahəsində əməkdaşlığa dair imzalanan Sazişin
müvafiq sahələrdə əlaqələrin inkişafında mühüm rol oynayacağına
əminliyini ifadə edib.
S.Müslümov Azərbaycan və Tacikistanın ikitərəfli
münasibətlərinin inkişafının iki ölkə arasında əmək və məşğulluq
sahəsində əməkdaşlığın gücləndirilməsinə də şərait yaratdığını
bildirib. Nazir Azərbaycan Prezidenti İlham Əliyevin uğurlu
sosial-iqtisadi islahatlar kursunun ölkəmizdə əhalinin sosial
müdafiəsinin gücləndirilməsinə, əmək, məşğulluq, sosial müdafiə
sisteminin qabaqcıl beynəlxalq təcrübə əsasında, müasir innovativ
yanaşmalara uyğun təkmilləşdirilməsinə də şərait yaratdığını
vurğulayıb. O, respublikamızda bu sahələrdə görülən işlərlə bağlı
dost ölkə olan Tacikistanla da fəal və səmərəli təcrübə
mübadiləsinin aparılması üçün imkanların mövcud olduğunu diqqətə
çatdırıb.
Nazir iki ölkənin müvafiq nazirlikləri arasında əmək bazarının
tənzimlənməsi, əhalinin məşğulluğunun təminatı, insan resurslarının
planlaşdırılması və inkişafı, əməyin mühafizəsi, əlilliyi olan
şəxslərin peşə reabilitasiyası və işlə təmin edilməsi, peşə
hazırlığı və yenidən hazırlığı sisteminin təkmilləşdirilməsi və
digər əməkdaşlıq istiqamətlərinin müəyyən edildiyini bildirib.
Görüşdə qeyd olunan sahələrdə əməkdaşlığa dair fikir mübadiləsi
aparılıb.