Binəqədidə narkokuryerlik etdiyi üçün saxlanılan tiktokerdən 6 kiloqram narkotik vasitə aşkarlanıb.
Axar.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən bildirilib.
Məlumata görə, Binəqədi Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı həyata keçirilən əməliyyat zamanı 28 yaşlı Səbuhi Balakişiyev saxlanılıb.
Ondan 2 kq 885 qram heroin, 1 kq 230 qram tiryək və 2 kq 765 qram marixuana aşkarlanıb. S.Balakişiyev narkotikləri Tiktok sosial şəbəkəsində tanış olduğu şəxsiyyəti istintaqla araşdırılan xarici ölkələrdən birinin vətəndaşından əldə etdiyini bildirib.
Faktla bağlı cinayət işi başlanılıb, saxlanılan şəxs barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Qeyd edilib ki, Binəqədi rayonunda keçirilən sonuncu tədbirlər zamanı narkotiklərlə əlaqəli ümumilikdə 27 fakt aşkar edilib. Həmçinin, Binəqədi rayonunda polis əməkdaşları tərəfindən əhali arasında aparılan profilaktik tədbirlər zamanı 25 ədəd odlu silah vətəndaşlar tərəfindən polisə təhvil verilib.