İyunun 22-də Milli İncəsənət Muzeyində Beynəlxalq
Muzeylər Şurası (İCOM) Azərbaycan Milli Komitəsi rəyasət heyətinin
toplantısı keçirilib.
Mədəniyyət və Turizm Nazirliyindən Axar.az-a bildirilib ki,
tədbirdə Azərbaycan ilə UNESCO arasında qarşılıqlı maraq doğuran
əməkdaşlıqdan söz açılıb.
Tədbirdə mədəniyyət və turizm nazirinin müavini Sevda
Məmmədəliyeva çıxış edərək bildirib ki, İCOM muzey və muzey
mütəxəssislərinin 1946-cı ildə yaradılmış beynəlxalq təşkilatıdır.
İCOM UNESCO-nun tərəfdaşıdır və Birləşmiş Millətlər Təşkilatının
İqtisadi və Sosial Şurasında məşvərətçi statusuna malikdir.
Azərbaycanda muzey işinin müasir tələblər baxımından yenidən
qurulması istiqamətində görülmüş işlərdən danışan nazir müavini son
illərdə Prezident İlham Əliyev tərəfindən bu sahənin inkişafına
təkan verən 15-dən çox sərəncamın imzalandığını diqqətə
çatdırıb.
Qeyd olunub ki, Azərbaycanda 250 muzey fəaliyyət göstərir və
bunların 219-u Mədəniyyət və Turizm Nazirliyinin
tabeliyindədir.
Vurğulanıb ki, nazirlik İCOM Azərbaycan Milli Komitəsinin
fəaliyyətinə hər zaman dəstək olmaqla yanaşı, həm də lazımi
köməklik göstərir.
Sevda Məmmədəliyeva deyib: "Sevindirici haldır ki, regionlarda
fəaliyyət göstərən 32 muzey də artıq İCOM-un üzvüdür. Muzey
işçilərinin əsas məqsədi milli irsimizi qorumaq və təbliğ etməkdir.
Heydər Əliyev Fondu mədəni irsin qorunmasına, muzeylərin
fəaliyyətinə, bərpasına xüsusi diqqət yetirir. Fondun prezidenti
Mehriban xanım Əliyevanın təşəbbüsü ilə son illərdə fəaliyyətə
başlayan Daş Salnamə Muzeyi, Müasir İncəsənət Muzeyi və digərləri
xalqımızın tarixinin qorunmasına və təbliğinə xidmət edir".
İCOM Azərbaycan Milli Komitəsinin sədri Röya Tağıyeva qurumun 3
illik fəaliyyətinə dair hesabatı iştirakçıların nəzərinə çatdırıb.
Bildirilib ki, sözü gedən qurum 1993-cü ildən Beynəlxalq Muzeylər
Şurasına üzv qəbul edilib. Hazırda komitənin respublikanın 38 muzey
və 7 digər müəssisəsindən 61 fərdi və 3 kollektiv üzvü vardır.
Milli komitə yarandığı gündən muzeylərimizin beynəlxalq arenaya
çıxması, dünya muzeylərinin təcrübəsindən bəhrələnməsi, mədəni
irsin qorunub saxlanılması, dünyaya tanıdılması və mədəni
dəyərlərin qeyri-qanuni ticarətinə qarşı mübarizə aparılması
sahəsində iş apararaq, mütəmadi konfranslar, seminarlar təşkil
edib. Hesabat ili ərzində milli komitə tərəfindən muzey sahəsində
bir çox layihələr hazırlanıb və maraqla qarşılanıb.
Sonra növbəti 6 il müddətində İCOM Azərbaycan Milli Komitəsinə
yeni sədrin seçilməsi müzakirə olunub. Rəyasət heyətinin yekdil
qərarı ilə Azərbaycan Xalça Muzeyinin direktoru Şirin Məlikova
komitənin sədri vəzifəsinə təsdiq edilib.
Tədbir qarşılıqlı maraq doğuran məsələlərin müzakirəsi ilə davam
edib.