Azərbaycan Respublikasının daxili işlər naziri,
general-polkovnik Ramil Usubov iyunun 22-də Fransanın ölkəmizdəki
səfiri xanım Orelia Buşez ilə görüşüb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Axar.az-a
bildiriblər ki, söhbət zamanı səfirin ölkəmizdəki diplomatik
fəaliyyəti müddətində Azərbaycan-Fransa münasibətlərinin daha da
genişlənəcəyinə əminlik ifadə olunub.
Fransanın Azərbaycanın müstəqilliyini tanıyan, respublikamızda
səfirlik açan ilk dövlətlərdən biri olduğunu xatırladan nazir son
illər ölkələrimiz arasında bütün sahələrdə əməkdaşlığın yüksələn
xətt üzrə inkişaf etdiyini vurğulayıb. Bu əlaqələrin qurulmasında
Ulu Öndər Heydər Əliyevin danılmaz xidmətləri məmnunluqla
vurğulanıb, dövlət başçılarının siyasi iradəsi və qarşılıqlı
səfərləri nəticəsində ikitərəfli münasibətlərin keyfiyyətcə yeni
müstəviyə qədəm qoyduğu nəzərə çatdırılıb.
Fransalı diplomata müstəqilliyin ilk illərində ölkəmizdə cərəyan
edən gərgin ictimai-siyasi hadisələr, ümummilli lider Heydər
Əliyevin xalqın tələbi ilə ali hakimiyyətə qayıdışından sonra
ölkədə həyata keçirilən köklü hüquqi-demokratik və sosial-iqtisadi
islahatlar, cinayətkarlıqla qətiyyətli mübarizə, sabitliyin
bərpası, kriminogen durumun nəzarətə götürülməsi barədə məlumat
verilib. Ölkəmizin Avropaya inteqrasiya etdiyi, demokratik
prinsiplərə söykənən, polisin fəaliyyətini tənzimləyən yeni
qanunların qəbul olunduğu, bu işdə bir sıra inkişaf etmiş
dövlətlərin, beynəlxalq təşkilatların, o cümlədən fransalı
mütəxəssislərin böyük rolu olduğu, həmin qanunların icrasının mühüm
əhəmiyyət kəsb etdiyi bildirilib.
Fəaliyyətin dünya təcrübəsinə uyğun təkmilləşdirilməsində
beynəlxalq əməkdaşlığın da əhəmiyyətli rolunu vurğulayan nazir son
10 ildə 7 minə yaxın əməkdaşın və hərbi qulluqçunun bir sıra
beynəlxalq təşkilatların xətti ilə çoxsaylı təlim və treninqlərə
cəlb edildiyini, bunun ümumi işə müsbət təsir göstərdiyini qeyd
edib.
Hər iki ölkənin Daxili İşlər nazirlikləri arasında əməkdaşlığın
genişləndirilməsi məqsədilə müvafiq Anlaşma Memorandumu layihəsinin
hazırlanaraq qarşı tərəfə təqdim olunduğu, həmin sənədin
imzalanmasının əlaqələrin inkişafına əlverişli hüquqi zəmin
yaradacağı bildirilib. İnsan hüquq və azadlıqlarının qorunması,
vətəndaş məmnunluğunun təmin edilməsi sahəsində əhəmiyyətli işlər
görüldüyü, DİN rəhbərliyinin bu işə xüsusi həssaslıqla yanaşdığı
qonağın diqqətinə çatdırıb.
Problemlərə toxunularkən transmilli mütəşəkkil cinayətkarlığın
əsas növlərindən olan beynəlxalq terrorçuluq, narkotiklərin
qanunsuz dövriyyəsi, insan alveri və qanunsuz miqrasiyanın diqqət
mərkəzində dayandığı və belə qlobal xarakterli təhlükəli hallarla
səmərəli mübarizədə səylərin birləşdirilməsinin zəruriliyi
vurğulanıb. Xüsusən ölkəmizin hər zaman terrorçuluqdan əziyyət
çəkdiyini xatırladan nazir ötən il Parisdə baş vermiş terror
hadisələri zamanı dinc və günahsız vətəndaşların həlak olması ilə
əlaqədar səfirə bir daha başsağlığı verib.
Xanım Orelia Buşez səmimi qəbula, ətraflı məlumata və
başsağlığına görə təşəkkür edib. Diplomat Azərbaycanda tolerantlıq
mühitinin, multikultural dəyərlərin hökm sürməsindən məmnunluğunu
vurğulayıb. O, diplomatik fəaliyyəti dövründə ikitərəfli əlaqələrin
daha da inkişafı üçün səylərini əsirgəməyəcəyini bildirib.