Müdafiə Nazirliyinin və Xocavənd Rayon İcra
Hakimiyyətinin təşkilatçılığı ilə 26 iyun - Silahlı Qüvvələr Günü
münasibətilə "Ordumuz - qürurumuz" adlı kütləvi
hərbi-vətənpərvərlik tədbiri keçirilib.
Axar.az xəbər verir ki, xocavəndli məcburi köçkünlərin
məskunlaşdıqları Beyləqan rayonu ərazisindəki Xocavənd qəsəbəsində
keçirilən tədbirdə hərbçilər, Qarabağ müharibəsi veteranları, şəhid
ailələri, ictimaiyyət nümayəndələri və gənclər iştirak ediblər.
Tədbir iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin
Xocavənd qəsəbəsindəki abidəsi önünə gül dəstələri düzərək dahi
rəhbərin xatirəsinə ehtiramlarını bildiriblər. Mərasim Azərbaycanın
dövlət himni səsləndirilib, ölkəmizin ərazi bütövlüyü uğrunda şəhid
olan Vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad
edilib.
Müdafiə Nazirliyinin zabiti, Əməkdar İncəsənət Xadimi Abdulla
Qurbani müdafiə nazirinin təbrikini tədbir iştirakçılarına
çatdırıb. O, aprelin əvvəllərində erməni işğalçılarının cəbhədə
törətdiyi təxribatlara Azərbaycan Ordusunun verdiyi layiqli
cavabdan, düşmənin canlı qüvvəsi və hərbi texnikasının darmadağın
edilməsindən, strateji əhəmiyyətə malik bir neçə yüksəkliyin azad
olunmasından, hərbçilərimizin döyüş meydanında göstərdiyi şücaətdən
fəxarətlə danışıb. Bildirib ki, Ordumuzun bu uğuru xalqımızda
tezliklə Qarabağın azad olunacağına böyük inam yaradıb.
Xocavənd Rayon İcra Hakimiyyətinin başçısı Eyvaz Hüseynov çıxış
edərək Silahlı Qüvvələr Günü münasibətilə tədbir iştirakçılarını,
hərbi qulluqçuları təbrik edib, Azərbaycan Ordusunun yaranma
tarixindən, ümummilli lider Heydər Əliyevin ordunun formalaşmasında
və gücləndirilməsində xidmətlərindən danışıb, Ulu Öndərin ordu
quruculuğu sahəsindəki siyasətin bu gün Prezident İlham Əliyev
tərəfindən uğurla davam etdirildiyini diqqətə çatdırıb.
Tədbirdə çıxış edən Füzuli Rayon İcra Hakimiyyətinin başçısı Alı
Alıyev xalqın işğal altında olan torpaqlarımızın azadlığı üçün Ali
Baş Komandanın əmrinə hər an hazır olduğunu bildirib və Ordu ilə
xalqın birliyini qeyd edib.
General Mais Bərxudarov orduya göstərdiyi diqqət və qayğıya görə
dövlətimizin başçısına minnətdarlığını bildirib. Vurğulayıb ki,
Azərbaycan Ordusu düşmənin bütün təxribatlarının qarşısını
qətiyyətlə alır, torpaqlarımızın və xalqımızın müdafiəsində əzmlə
dayanıb və işğal altında olan torpaqlarımızı Ali Baş Komandanın
əmri ilə qısa zamanda azad etməyə hazırdır.
Tədbirdə Xocavənd, Füzuli, Beyləqan uğrunda gedən döyüşlərdə
fərqlənən Qarabağ müharibəsi veteranlarına, şəhid ailələrinə,
əsgərlərə və zabitlərə fəxri fərman və xatirə hədiyyələri
verilib.
Silahlı Qüvvələrin mahnı və rəqs ansamblının, tanınmış incəsənət
ustalarının iştirakı ilə təqdim olunan hərbi vətənpərvərlik
mövzusunda mahnılar və rəqslər tamaşaçılarda yüksək əhval-ruhiyyə
yaradıb, qələbəyə inam hissini daha da artırıb.