Ticarət dövriyyəsi ötən ilin müvafiq dövrünə nisbətən bu
il azalıb.
Axar.az xəbər verir ki, bunu Dövlət Gömrük Komitəsinin (DGK)
sədri Aydın Əliyev Kəpəz TV-yə (Region TV) müsahibəsində deyib.
Onun sözlərinə görə, gömrük nəzarətinin formalarının idxal-ixrac
prosedurları üzrə tətbiqinin daha da optimallaşdırılması üçün
avqustun 1-dən gömrük sahəsində yeniliklərin tətbiqinə başlanacaq.
Bu yeniliklər gömrük rəsmiləşdirilməsinin daha çevik və şəffaf
həyata keçirilməsi, eyni zamanda məmur-sahibkar münasibətlərinin
müasir idarəçilik prinsipləri əsasında inkişaf etdirilməsi məqsədi
daşıyır.
A.Əliyev bildirib ki, idxal-ixrac əməliyyatlarına qlobal böhran
və devalvasiya təsir göstərir: "Ümumi götürdükdə, kənd təsərrüfatı
mallarının ixracında artım müşahidə olunur. Ticarət dövriyyəsi ötən
ilin müvafiq dövrünə nisbətən bu il azalıb. İxracda bu, neftin 1
barelinin qiymətinin düşməsi və idxalın azalması ilə bağlıdır".
DGK sədri gömrük islahatları çərçivəsində aparılan
dəyişikliklərdən də danışıb: "Qarşıda duran vəzifə ondan ibarətdir
ki, yaşıl dəhliz və digər dəhlizlərin tikintisi, giriş-çıxış,
axtarış sisteminin tətbiqi ilə bağlı müəyyən tapşırıqlar verilib.
Bunların icrası nəticəsində avqustun 1-dən dəhlizlərin tətbiqi,
eyni zamanda bu sistemin tam istifadəsi üçün tədbir görürük".
Qeyd edək ki, bu ilin yanvar-may aylarında xarici ticarət
əməliyyatlarının həcmi 6 milyard 381 milyon 408,8 min dollara
bərabar olub. Dövlət Gömrük Komitəsinin məlumatına görə, bu
göstərici ötən ilin müvafiq dövrünə nisbətən 31,8% azdır. Bu ilin
yanvar-may aylarında Azərbaycan xaricdən 3 milyard 331 milyon 437,5
min dollar dəyərində məhsul idxal edib. Bu, ötən ilin müvafiq
dövrünə nisbətən 18,2% azdır. Eyni zamanda bu ilin ilk 5 ayı
ərzində xarici ölkələrə 3 milyard 49 milyon 971,25 min dollar
dəyərində məhsul ixrac edilib. Bu, ötən ilin müvafiq dövrünə
nisbətən 42,2% azdır. Beləliklə, xarici ticarət əməliyyatlarında
281 milyon 466,31 min dollar mənfi saldo yaranıb.