İyunun 29-da Qəbələ
şəhərində "Gənclərin Dialoqu – Beynəlxalq gömrük əməkdaşlığının
genişləndirilməsi yolu ilə potensialın artırılması" mövzusunda
Beynəlxalq Tələbə Konfransı öz işinə başlayıb.
Axar.az DGK-nın saytına istinadən xəbər verir ki, konfrans
iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin Qəbələ
şəhərindəki abidəsi önünə əklil qoyaraq, xatirəsini ehtiramla yad
ediblər.
"Qafqaz Resorte" otelində keçirilən konfransın rəsmi açılış
mərasimində çıxış edən Dövlət Gömrük Komitəsinin sədri, gömrük
xidməti general-leytenantı Aydın Əliyev iştirakçıları salamlayıb və
ötən gün İstanbul şəhərində baş verən terror hadisəsinə görə
konfrans iştirakçıları adından başsağlığı verib.
Aydın Əliyev Azərbaycan gömrük xidmətinin müasir Azərbaycanın
qurucusu, xalqımızın ümummilli lideri Heydər Əliyevin rəhbərliyi
altında formalaşdığını və inkişaf etdiyini iştirakçıların diqqətinə
çatdırıb.
Ötən il Bakıda keçirilən PİCARD konfransında gömrük sahəsində
ixtisaslaşan bir sıra təhsil ocaqlarından gənclərin iştirak
etdiyini bildirən Komitə sədrinin sözlərinə görə, bu dəfə
auditoriya daha da genişləndirilib və hədəf əsasən gəncləri əhatə
edən tədbirin keçirilməsidir.
Gömrük işinin funksional baxımdan unikal və çoxşaxəli bir sahə
olduğunu vurğulayan Aydın Əliyev gömrük xidmətlərinin
təhlükəsizlik, fiskal siyasət, büdcə proqnozlarının yerinə
yetirilməsi, gömrük statistikası, ticarətin asanlaşdırılması və
sürətləndirilməsi kimi vacib funksiyaları həyata keçirdiyini
diqqətə çatdırıb. Gömrük xidmətinin öz funksiyalarını yüksək
səviyyədə yerinə yetirməsi üçün qanunvericilik və güclü
maddi-texniki bazaya sahib olmasının, kadrların peşələrinin
sirlərini dərindən öyrənməsinin vacibliyini qeyd edən Aydın Əliyev
konfransın bu sahələrdə təcrübə mübadiləsi baxımından önəminə
diqqət çəkib. Komitə sədri konfransın kadrların potensialının
gücləndirilməsində, gənclər arasında ünsiyyətin daha da inkişaf
etdirilməsində mühüm rol oynayacağına əminliyini ifadə edib.
Beynəlxalq Gömrük Universitetləri Şəbəkəsi katibliyinin rəhbəri,
Charles Sturt Universitetinin Gömrük və Aksiz Araşdırmaları
Mərkəzinin baş müəllimi Mixail Kaşubski konfransın təşkilində
göstərdiyi dəstəyə görə Dövlət Gömrük Komitəsinin rəhbərliyinə
minnətdarlığını ifadə edərək, tədbirin dünyanın müxtəlif
ölkələrində yaşayan və təhsil alan tələbələrin gömrük işinin
gələcək inkişafına baxışlarını öyrənmək baxımından önəminə diqqət
çəkib. Mixail Kaşubski konfransda digər sahələrdə təhsil alan
tələbələrin də iştirak etdiyini, bu baxımdan müxtəlif mövzularda
fikir mübadiləsi aparılacağına və konkret nəticələr əldə
olunacağına əminliyini ifadə edib.
Beynəlxalq Gömrük Universitetləri Şəbəkəsinin Gömrük işinin
modernləşdirilməsi üzrə məsləhətçisi Hendrikus van Zandvijk isə
çıxışında gömrük sahəsində fəaliyyət göstərən yaşlı və gənc nəsil
arasında ünsiyyətin qurulması, müxtəlif sahələr üzrə təcrübə və
bilik mübadiləsinin həyata keçirilməsi baxımından konfransın ümumi
işə fayda verəcəyini bildirib.
Qeyd edək ki , Konfransda dünyanın 20 ölkəsinin-Avstriya,
Belarus, Belçika, Bolqarıstan, Çin, Makedoniya, Gürcüstan,
Almaniya, Macarıstan, Litva, Niderland Krallığı, Polşa, Rusiya
Federasiyası, Seneqal, İsveç, Türkiyə, Ukrayna, Amerika Birləşmiş
Ştatları, Özbəkistan, Vyetnamın mötəbər universitetlərində gömrük
ixtisası üzrə təhsil alan tələbələr, gömrük sahəsində ixtisaslaşan
elm adamları, eləcə də dünyaca məşhur gömrük mütəxəssisləri Vaslav
Çijoviç, Zlatko Veterovski iştirak edəcək.
Konfrans çərçivəsində "Beynəlxalq ticarət", "Gömrük
potensialının gücləndirilməsi", "Gömrük risklərinin təhlili və
idarə edilməsi", "Ticarətin asanlaşdırılması üçün elektron gömrük
xidmətləri" adı altında 4 sessiya keçiriləcək və müxtəlif ölkələrin
elm ocaqlarını təmsil edən elm adamları və tələbələr tərəfindən
ümumilikdə 50-dək məruzə dinləniləcək.
Məruzələrin əhatə etdiyi konkret mövzulara gəlincə isə daxildə
emal, daxili ekspress yüklərinə nəzarət, beynəlxalq iqtisadiyyatda
beynəlxalq ticarət, qlobal maliyyə böhranının beynəlxalq ticarətə
təsiri, gömrük üzrə ali təhsil sahəsində yeni istiqamət, elektron
gömrüyün qlobal ticarətin asanlaşdırılmasında rolu, gömrük işinin
konkret sahələri üzrə bəzi ölkələrin milli təcrübələri və digər
başlıqlar altında dinləyicilərə məlumat veriləcək.
3 gün davam edəcək konfrans çərçivəsində qonaqlar bölgənin
təbiəti, tarixi abidələri ilə də yaxından tanış olacaqlar.