Azərbaycan Hava Yolları (AZAL) şirkəti arzuolunmaz
sərnişinlərinin siyahısını açıqlayıb.
Fins.az xəbər verir ki, həmin siyahıda
olub-olmadığını dəqiqləşdirmək istəyən vətəndaşlar saytdakı xüsusi
bölməyə ad-soyadlarını və şəxsiyyət vəsiqəsinin nömrəsini daxil
etməlidir.
Əgər adınız siyahıda varsa, hansı səbəbdən adınızın bura daxil
edilməsi barədə məlumat əlavə ala bilərsiz. Heç bir informasiya
tapılmasa, deməli siz rahatlıqla AZAL-la uça bilərsiz.
Siyahıda neçə nəfər var?
AZAL-ın mətbuat xidmətindən aldığımız məlumata görə, bu günədək
şirkətin arzuolunmaz sərnişinlər siyahısında 82 nəfər daxil edilib.
Bunlar qaydaları pozanlardır: "Sərnişinlər aviasiya
təhlükəsizliyinin müəyyən olunmuş normaları, qaydaları və
tələblərini pozduğu halda məsuliyyət daşıyır. Təyyarənin bortunda
sərnişinin davranışı digər sərnişinlər, əşyalar, təyyarə və ya onun
ekipajı üçün təhlükə törətməməlidir".
AZAL-ın müəyyən etdiyi təhlükəsizlik qaydalarına görə, uçuş
zamanı hava gəmisində sərnişinlərə siqaret çəkmək, göyərtədə sərxoş
vəziyyətdə olmaq, təyyarənin qalxması və enişi zamanı elektron
vasitələrdən istifadə etmək qadağandır. Telefon cihazından yalnız
uçuş rejimini aktivləşdirdikdə istifadə etmək mümkündür.
Sərnişinlər məhkəmədə cərimə
oluna bilər
AZAL qaydaları pozan şəxslərin uçot və monitorinq sistemini
tətbiq edir. Belə şəxslər, qanun pozanın hərəkətinin ictimaiyyət
üçün təhlükə səviyyəsini nəzərə almaqla, 3 ay və artıq müddətə
"Arzuolunmaz sərnişinlər siyahısına" daxil edilir.
Qanunu pozan barəsində məlumatların "Arzuolunmaz sərnişinlər
siyahısına" daxil edilməsindən başqa aviaşirkət məhkəmə qaydasında
cinayətkardan onun qeyri-qanuni hərəkətləri nəticəsində aviaşirkətə
dəyən bütün xərclərin ödənilməsini tələb etmək hüququnu özündə
saxlayır.
Bu qaydaları pozanda arzuolunmaz sərnişin olursuz.
Uçuş zamanı hava gəmisində sərnişinlərin rəftar qaydalarının
pozulması dedikdə aşağıdakılar başa düşülür:
- aviaşirkət tərəfindən müəyyən olunmuş qaydaların pozulması
(siqaret çəkmək, elektron vasitələrdən və sairdən istifadə
etmək)
- heyət üzlərinə hücum etmək (fiziki güc tətbiq etməklə), qorxutmaq
və hədə qorxu gəlmək və ya heyət üzvlərinin öz vəzifə borclarını
yerinə yetirməsinə əngəl yaratmaq və ya heyət üzvünün öz vəzifəsini
yerinə yetirmək qabiliyyətini azaltmaq;
- başqa sərnişinlərə hücum etmək (fiziki güc tətbiq etməklə),
qorxutmaq və hədə qorxu gəlmək;
- hava gəmisinin personalının və ya heyətinin aviasiya
təhlükəsizliyi norma və qaydalarına riayət olunmasına dair
tələblərindən imtina etmək;
- orqanizmin zəhərlənməsinə gətirib çıxaran narkotiklərdən və ya
həddən artıq alkoqol içkilərdən istifadə etmək;
- xuliqanlıq hərəkətləri, söyüş, şifahi olaraq təhqir etmək və
sair;
- yaşlı və ya yeniyetmə sərnişinləri təhqir etmək və ya zorakılıq
tətbiq etmək (hərəkət);
- hava gəmisinin əmlakının və ya avadanlığının qəsdən (düşünülmüş
şəkildə) korlanması (məhv edilməsi) və ya sıradan çıxarılması;
- başqa pozma halları (icazəsiz siqaret çəkmək, elektron
qurğulardan icazəsiz istifadə etmək, sərnişin terminalını və ya
hava gəmisini tərk etməkdən imtina və sair.)
- uçuşların təhlükəsizliyinə təhlükə yaradan və buna görə
Azərbaycan Respublikasının cinayət qanunlarına görə məsuliyyətə
cəlb olunması nəzərdə tutulan cinayət tərkibli istənilən başqa
hərəkət.