Son zamanlar
məşhurlaşan videobolqqer Aynur Hüseynovanın "Azərbaycanlı qızlar
oğlanla görüşə belə hazırlaşır" adlı videosu sosial şəbəkələrdə
qızğın müzakirə obyektinə çevrildi". Elə buna görə də onunla
söhbətləşmək qərarına gəldik.
Aynur Hüseynovanın "Axar.az"a müsahibəsi:
- Fərqli obrazda videobloqqerlik edirsən. Bunu necə kəşf
etdin?
- Bu istedadı özümdə uşaqlıqdan kəşf etmişəm. 8-ci sinifdən
teatrda oynayıram. Təhsil aldığım Slavyan universitetinin
Dramstudiya "Sfera" teatrında 7 il oynamışam. İlk video
"instaqram"dan başladı. Hamının bəyəndiyini görüb, mütəmadi video
çəkməyə başladım.
- Yəqin ki, bu işə hobbi kimi baxırsan, bəs gələcəyini
necə qiymətləndirirsən?
- Bəli, hal-hazırda hobbidir. Bəlkə də yaxın gələcəkdə peşəkar
şəkildə məşğul oldum. Onu deyim ki, hobbim artıq bir çoxlarının
maraq dairəsinə çevrilib. Bu videobloqqer sferası Azərbaycanda o
qədər də tanınmır, amma buna dair dəyişikliklər, daha doğrusu,
çevriliş edəcəm... Və bu tip video çəkənlərin sayı getdikcə
çoxalacaq. Əminəm.
- Sonuncu videodan sonra təriflə bərabər, tənqid
hədəfinə də tuş gəldin. Təqlidin bir çoxlarında qəzəb oyatdı. Bəlkə
özün də beləsən - qlamur, rusdilli və bir az da
antimilli?
- Mən özümü qlamur biri saymıram. Qlamur qız heç vaxt ev
paltarında, üzünə mayonez sürtüb, maska ilə 10000-in qabağına video
çıxartmazdı. Amma mən bunu etdim. Hər geyimin öz yeri var. Mən
qlamur geyimdə ola bilərəm, xasiyyətcə deyil. Antimilli ola bilərəm
bəlkə də. Çünki başqa düşüncəyə malikəm. Bir çoxlarından
fərqlənirəm. Rusdilli olmağım isə, baxçanı, məktəbi, universiteti
rus dilində bitirmişəm. Amma buna baxmayaraq, səlis danışıram,
yazıram. Demək olar ki, bütün statuslarım doğma dildədir. Bu da
mənim dilimizə olan hörməti göstərir. Amma dil seçimi azad olduğu
üçün digər dillərdən də istifadə edə bilərəm.
- Deyirsən, antimilli ola bilərəm. Bizdə bu anlayış bir
az fərqlidir. 23 yaşlı antimilli xanım demokratiyanı necə dərk
edir?
- Demokratiyanı hər kəs tələb edir, amma başa düşmürlər ki,
digərlərinin haqlarını tapdalayırlar. Çəkdiyim videoya söyüş və ya
təhqiramiz şərhlər yazanlar niyə demokratiyanı düşünmürlər? İrad,
tənqid əvəzinə təhqir edirlər. Amma yuxarılardan azadlıq
istəyirlər. Özləri buna heç hazır da deyillər. Çox qəliz
məsələdir.
- Videolardan sonra məşhurlaşdın. Bu, sosial şəbəkədə və
gündəlik həyatında sənə problem yaratmır ki?
- Problem deməzdim. Bu qədər diqqətdən yoruluram. Qızlı, oğlanlı
hamısı dost, tanış olmaq istəryirlər. Hardasa xoşdur, amma
yoruluram. Onlar çoxdur, mən isə tək.
- Nə əcəb serial rejissorlarımız hələ səni
görməyiblər?
- Niyə ki? Çox təklif gəlib. Hamsını rədd etmişəm. Maraqlı
deyillər mənim üçün. Nəsə ürək açan təklif olsa, qəbul edərəm.
- Fərqli obrazlarda yaratdığın gəncliyi necə
görürsən?
- Təbii ki, fərqli. Gənclər cavan görsənməlidir. Bizim gənclər
mümükün qədər özlərini vaxtından tez böyüdürlər. Guya
inetellektualdırlar, böyük-böyük danışırlar, hərəsinə 28-30 yaş
vermək olar. Hanı enerji? Hanı gülüş? Çox heyifslənirəm. Videomun
altında yazırlar ki, "bu qız bekardı". Elə bil 40 yaşları var,
həyatlarını artıq yaşayıb bitiriblər.