Dünən Fransa Prezidenti Fransua Olland Rioda baş tutacaq
Yay Olimpiadası haqda danışarkən Rio hakimiyyətinə ağızdolusu
məsləhətlər verdi.
Fransa kəşfiyyatı futbol üzrə keçirilən 2016-cı il Dünya
Çempionatında apardığı uğurlu əməliyyat və araşdırmalarla bağlı öz
tövsiyələrini sizlə bölüşə bilər deyə...
Bu gün gecə bütün dünya Fransanın Nitsa şəhərində baş verən
terror aktı xəbəri ilə yasa büründü. Olland yenidən xalq önünə
çıxdı və bunları dedi:
"Fransanı yeni qorxu bürüyüb. Fransa narahatdır, amma güclüdür.
Sizi əmin edirəm ki, bu gün onu (Fransanı) məhv etmək istəyən
şəxslər onun daha da güclənəcəyinə şahid olacaqlar".
Noyabrın 13-də paytaxt Parisdə törədilən ardıcıl terror aktları
zamanı Olland canlı yayıma çıxıb xalqa müraciətində təxminən
bunları demişdi:
"Bu faciədir. Əlbəttə ki, məyusuq və bir az qorxmuşuq.
Terrorçular bizi qorxutmaq istədi və buna nail oldular. Lakin biz
millət olaraq özümüzü qorumağı bacarırıq".
8 aylıq fasilə və Ollandın mükəmməl kəşfiyyatının fəaliyyəti
göstərdi ki, dünyanın ən güclü dövlətlərindən biri olan Fransa belə
özünü qorumaq iqtidarında deyil. Burda "heç kim terrordan
siğortalanmayıb" klişesi yada düşür.
Yenə mətbuat və Avropa terroru lənətləyir, xristian vətəndaşlar
müsəlmanlara nifrətlə, qorxuyla, ikrah hissi ilə baxır.
Bunun yeni mərhələdə olan bir müharibə olduğunu nə zaman dərk
edəcəyik?
Sosial şəbəkədə avropalıların müzakirələrinə baxıram:
"Ölkəyə hər qaçqını buraxanda belə olar".
"Bu da multikulturalizmin sonu".
"Müsəlmanları ölkəmizdən çıxarın!"
"Onların torpaqlarını qaytarın!"
Bəli, sonda kimsə bütün baş verənlərin elə öz liderlərinin
günahı ilə start götürdüyünü dərk etdi. Onların torpaqlarını
qaytarın.
Bu multikulturalist təcrübə nə vaxta qədər uzadılacaq? Sizin
ordularınız, hərbçiləriniz, silahlarınız, mükəmməl hava və quru
qoşunlarınız var. O "terrorçu müsəlmanlar"ın isə sahib olduqları
tək şey vətənləri və canları idi. İtirə biləcəyi hər şeyi itirən
bir tunisli sizinlə necə mübarizə aparsın?
Ağ Evimi partlatsın? Yenisey Sarayınamı bomba qoysun? Onun da
gücü – güc strukturlarınız fərqli olsa da, sizin kimi – sadə xalqa
çatır.
Əfqanıstanda, Liviyada, Suriyada qətlə yetirdiyiniz milyonlarla
uşaq, qadın, qoca kimi – onların da gücü dinc əhaliyə yetir.
Biz də terrorun nə qədər lənətli şey olduğunu bilirik. Üstəlik,
Nitsada ölən sadəcə dünyanın nə olduğunu dərk etməyən 12 fidan
bütün dünyanın ürəyini yandırdı. Bəli, terror dəhşətdir və bu
dəhşəti dünyadan birdəfəlik silmək lazımdır. Amma necə?
Fransa kəşfiyyatı ölkədə fövqəladə vəziyyəti 3 ay yox, 3 il də
uzada bilər. Miqrantların ölkəyə buraxılmasına, sərhədlərin
bağlanılmasına nail ola, miqrant axınının qarşısının alınması üçün
ciddi tədbirlər görə bilər. Amma bugünki terrorun "silahı" olan yük
maşınlarını, hər tunislini, bıçağı, silahı ölkədən çıxara
bilərmi?
Terrorçuların terakt törədə biləcəyi alətləri zərərsizləşdirmək,
məhdudlaşdırmaq əvəzinə terrorçuların teraktı törətmək səbəblərini
aradan qaldırmayın! Onları öz ana vətənlərində bombardman edin,
evlərindən didərgin salın.
Multikulturalizm uydurmasının işləmədiyini görmək çətindir?
Avropanın yol aldığı bu bərbəzəkli, pafoslu multikulturalizm
cəhənnəminin nə sonu var, nə əvvəli, nə də bir "sağ qalanı".