Taksilər şəhərin yaraşığıdır: şəhərin gündəlik həyatına
bir festival rəngarəngliyi, bir dirilik qatırlar, ora qaçırlar,
bura qaçırlar, müştəri axtara-axtara qaynaşırlar, gah fokstrot
oynayırlar, gah da vals... hələ mən lambada, uzundərə demirəm.
Hərdən də yorulub, tənbəlləşib küncdə-bucaqda səkilərə
söykənə-söykənə ya darıxırlar, ya günün istisində bişirlər,
soyuğunda donurlar, ya da heç nəyi veclərinə almayıb yatırlar: bir
dəfə yağış döyür, o biri dəfə gün qurudur.
Taksilər şəhərdə həmişə var, heç kim olmayanda da var. Şəhər
gecəni taksilərlə oyaq qalır. XX əsr şəhər mədəniyyətinin ayrılmaz
bir emblemidir taksilər.
Hərçənd onların tarixini yazmağa başlayanda qədim Romadan
başlayırlar.
Burada xüsusi cəng arabalarının əkizləri şəhər taksiləri
funksiyasını yerinə yetirirmiş. Onların iki təkəri arasındakı
birləşdirici oxdan balaca bir tas asarlarmış və bu tasa hər 200
metrədən bir xırda daş düşərmiş. Nə qədər daş yığılırmışsa,
sərnişin də ona uyğun ödəniş eləyirmiş. Deməli, hələ o vaxt
insanlar taksometrin nə olduğunu bilirmişlər. Əsl taksometr isə
1891-ci ildə alman Vilhelm Bryun tərəfindən icad olunacaq və ilk
dəfə 1907-ci ildə London taksilərində çıqhaçıq deyinə-deyinə işə
düşəcək.
"Taksometr" sözü "hər metrənin qiyməti var" və ya "hər metrə
pulla ölçülür" anlamına gəlir. Yəni ayaqlarına əziyyət vermək
istəmirsənsə, mənzil başına tez çatmağı arzulayırsansa, zəhmət çək,
hər getdiyin metrəyə görə para ver.
Taksi şəhərin çox bahalı nəqliyyat xidmətini gerçəkləşdirir.
Odur ki, taksidən tez-tez istifadə etməyi hər adam özünə rəva
görmür.
Ancaq taksiləri dünyada XVII əsrdən üzü bəri London küçələrini
ələk-fələk eləmiş keblər (kabriolet sözünün qısaldılmış forması)
şöhrətləndiriblər. Sonra bu keb adı avtomatik şəkildə taksi
maşınlarına da aid edilib.
Çağdaş dünyada qara London kebləri tarix içində rəsmi, dövlət
tərəfindən təsdiqlənmiş taksi fəaliyyətinin haradasa simvolu kimi
qavranılır.
İndi bütün məmləkətlərin taksiləri yavaş-yavaş "kebləşir".
Bakıda lap əvvəllər faytonlar taksi olublar. Amma nədənsə biz
müasir taksilərə fayton demirik: keb deməyi məqbul sayırıq. Halbuki
keblə fayton bir-birinə yaxın "qohumdurlar", "arabakimilər" sinfinə
mənsubdurlar.
Lakin və bir də lakin...
Mən bir xeyli düşündüm ki, aya, görəsən, öz birbaşa sərnişin
daşıma görəvindən başqa taksilər şəhərdə daha hansı funksiyanı
gerçəkləşdirirlər? Əslində, elə məqaləni də bu suala görə
yazmışam.
Taksilər müasir şəhər folklorunun ən aktiv iştirakçısı və
müəllifləridir. Onlar şəhərin qulaqlarıdır. Şəhərdə nə baş verirsə,
yeni nə söz peyda olursa, birinci şoferlər eşidir və xəbər də məhz
elə bu adamların versiyasında, təfsirində, şərhində şəhəri gəzir;
şəhəri gəzə-gəzə ya lətifəyə dönür, ya nağıla, ya dəhşət filminə,
ya da fantastik uydurmaya. Müasir şəhər folkloru sistemində taksi
faktorunun rolu çox mühümdür. Onlar şəhər folkloru şəbəkəsini
tənzimləyir, təzələyir, onun mütəmadi canlı qalmasının təminatçısı
olurlar, hamının mifini və həqiqətini bilirlər.
Yaşlı bir taksi şoferi həmişə deyərdi ki, "şəhər qazandır, mən –
çömçə". Qazanda nə qaynadığını birinci çömçə bilir, qazanın içilə
birinci çömçə tanış olur. Hərçənd bu müqayisənin özü artıq folklor
kökənlidir.
Taksilər şəhər folklorunun yaranmasında iştirak eləyə-eləyə
özlərini də folklorlaşdırırlar. Bakıya keblər gətirdilər bənövşəyi
rəngdə... Səhərisi heç kim onlara taksi, yaxud keb demədi, elə
sadəcə, "badımcan" dedi. O dəfəsə görürəm ki, taksi şoferi
maşınının arxa şüşəsinə iri çap hərflərilə "BADIMCAN" sözü yazıb
yapışdırıb. Bu adı kim fikirləşib tapıb Bakı kebləri üçün,
bilinmir: müəllif anonimdir, müəllif xalqdır, müəllif folklordur.
Amma güman eləyirəm ki, taksi şofefrlərinin arasından kimsə bu
oxşarlığı "kəşf edib" və Çin istehsallı ingilis keblərini
azərbaycanlılaşdırıb, hətta bir az da qədeş söyüşü eləyib,
"zimbala" kimi onu da Bakı folklorunda "Badımcan-maşın" kimi
əbədiləşdirib.
Mayamidə keblər parıltılı yumurta sarısı rəngindədir. Görəsən,
bu rəngli keblər Bakıya gəlsəydi, onlara nə ləqəb qoşacaqdılar:
"CÜCƏXANIM"?!
1937.az