Yuxarı

Amerikada sovet kəşfiyyatının önəmli adamı - Zaqatalalı Lev

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto

Sovet Baş Kəşfiyyat İdarəsinin əməkdaşı, İkinci Dünya müharibəsindən əvvəl və müharibə dönəmində Almaniya və Yaponiyada jurnalist adı altında fəaliyyət göstərən “Ramzay” adı ilə tanınan Azərbaycanda anadan olan Rixard Zorge barədə demək olar ki, əksər insan məlumatlıdır.

Azərbaycanda, Zaqatalada anadan olan "Moris" adı ilə tanınan sovet hərbi kəşfiyyatının zabiti, 1940-1946-cı illərdə Vaşinqtonda QRU rezidenturasının rəhbəri olan Sergeyev Lev Aleksandroviç barədə isə az adam bilir.

1906-cı il noyabrın 14-də Azərbaycanın Zaqatala şəhərində hərbçi ailəsində anadan olan Levin uşaqlıq illəri ağır keçib. Atası onun üç yaşında olanda ölüb və yoxsulluq ucbatından məktəbə müntəzəm olaraq gedə bilməyib. Lakin Lev Zaqatalada yaşadığı və burda türk, avar, saxur, ləzgi və ruslarla ünsiyyət qurduğu üçün erkən yaşlarından yaxşı dil qabiliyyəti ilə seçilirdi.

1929-cu ildə Moskvaya köçərək bir illik hərbi komandirlər kursuna yazılır. Təhsilini başa vurduqdan sonra Bakıda və Tiflisdə xidmət edir - o, hərbi xidməti o qədər sevir ki, 1933-cü ildə Oryol Hərbi Məktəbini bitirir.

1937-ci ildə şöbədə xidmətə namizədlər axtarmaq üçün Oryola gələn Kəşfiyyat İdarəsinin əməkdaşı ilə görüşür. Gənc, israrlı zabit xoş təəssürat yaradır və Sergeyevə bir daha “ixtisasını dəyişmək” təklif edilir. O, tərəddüd etmədən razılaşır. İki il sonra o, kəşfiyyat kurslarına göndərilir.

1940-cı ilin yazında Lev Aleksandroviç Vaşinqtona kəşfiyyat qrupuna təyin edilir. Vaşinqtonda üç kəşfiyyatçı da Sergeyevin sərəncamına verilir. İlk işi “sürücü” olan Zaqatalalı Levə kriptoqrafların yerləşdiyi xüsusi otağa buraxılması əmri verilmişdi və səfirliyə onu sürücü kimi həddən artıq yükləməmək tapşırılmışdı. O, tez-tez rəsmi səfərlər edir, təmsilçi tədbirlərdə iştirak edir, Moskvadan gələn qonaqları müşayiət edirdi.

Məhz “Moris” özünəməxsus mənbələrindən istifadə edərək Mərkəzə məlumat verdi: Hitler Şərq Cəbhəsində həlledici qələbələr əldə etməyincə Yaponiya SSRİ-yə qarşı hərəkət etməyəcəkdi. Xüsusilə Moris 1943-cü ilin yayında Kvebekdə Ruzvelt və Çörçillin iştirakı ilə keçirilən konfransın nəticələri haqqında Moskvaya hesabat verdi.

1944-cü ilin kəşfiyyat statistikası: “Moris” Mərkəzə 2420 qiymətli məxfi sənəd göndərib və agentlərin şifahi məlumatları əsasında 305 təcili hesabat hazırlanıb. İşində yüksək göstəricilərə görə Sergeyevə vaxtından əvvəl mayor rütbəsi verilir.

İki “Lenin” ordeni, iki “Qırmızı Bayraq” ordeni, iki “Qırmızı Ulduz” ordeni, “Almaniya üzərində qələbəyə görə” medalı... Və Sergeyevin rezidenturasının işinə verilən daha bir qiymət ondan ibarətdir ki, onun agent-mənbələrindən heç biri Amerika əks-kəşfiyyatında şübhə doğurmayıb.

Azərbaycanı və Bakını çox sevdiyi barədə onun yaxın dostu Viktor Boçkarev deyir ki, buna görə də ona ev veriləndə iki otaq da olsa, Bakinskaya küçəsində verilməsini xahiş edib. Bakinskaya küçəsindəki binada ona mənzil veriblər.

Müharibədən sonra polkovnik Lev Aleksandroviç Sergeyev QRU-nun mərkəzi ofisində işləyib. 1994-cü il dekabrın 4-də vəfat edib.

Tarix
2025.07.15 / 07:00
Müəllif
Zaur Əliyev
Digər xəbərlər

Tehrandan pakistanlı nazirə Bakıya qarşı şok çağırış

Paşinyan Bakıya görə Trampın təklifini rədd etdi

Bakı-Moskva münasibətləri buna görə gərginləşdi - Şok versiya

Sobçak Rövşən Məmmədovu hədəf aldı - Video

Makrondan erməni dilində paylaşım: Azərbaycanla sülh...

AB-dən ABŞ-ın rüsum qərarı ilə bağlı sərt gedişat

Ermənilərin işgəncə vermələrini əks etdirən kadrlar göstərildi

"AccessBank"ın xalis mənfəəti 7 milyon manat azaldı

Xəzər dənizi barədə son açıqlama: Quruyacaqmı?

"Aqro Point"in nizamnamə kapitalı yenə azaldı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla