28 müxalif fəalın həbsxanadan imzaladığı son petisiya
indiyə qədər aparılmış çeşidli mübarizə pleyadasının tarixində yeni
səhifədir.
Dünyada "qara kağız"larla iş üzrə ixtisaslaşmış bürokratik
strukturların demək olar ki, hamısını – "Human Rights"dan Afrika
Sərhədsiz fondlarına qədər - Azərbaycan hakimiyyəti əleyhinə
qaldırmış 3-cü sektor bu dəfə həssas bir dönəmdə üzünü dünyanın
neft qiqantlarından birinə tutaraq ondan imdad diləyib.
Əslində, azad olmaq üçün əl atılan bütün üsulları məqbul
sayanlar yəqin ki, burada qəbahət heç nə görmürlər. Çünki ölkəyə
yönələn beynəlxalq diqqətdən və iri informasiya kameralarından
bəhrələnməyə hər kəsin haqqı çatır. Ona qadağa qoymağa cəhd etməyə
heç lüzum da yoxdur. Bu yel dəyirmanı ilə savaşan ədəbi qəhrəmanın
gününə düşmək olardı. Lakin doğrudanmı dəmir barmaqlıqlar arxasında
öz inqilabi gələcəklərini planlayan şəxslər hesab edir ki,
Azərbaycana daxil olan neft pulları kəsilsə, onda cəmiyyət
avtomatik iqtidarın preferensiyasından çıxıb onların ətrafında
lövbər salacaqdır? Yəni, ölkədəki qüvvələr nisbətinin belə düzümü
sən demə "varlı hakimiyyət-kasıb müxalifət" formuluna dayanır -
budur, müraciətin əsas məğzi, eləmi?
20 sentyabrda BP-nin icraçı direktoru Heydər Əliyevin adını
daşıyan mərkəzdə bu əsrin yeni kontraktının bağlandığı mərasimdə
ona ünvanlanan məktubun deyil, gələcək iqtisadi faydalarının
düşüncəsi altında öz mübarək imzasını Cənub Qaz Dəhlizinin altına
qoymağa can atırdı. Hamının növbə ilə imzasını qoyduğu və yeraltı
qara qızılı Avropaya daşıyacaq bir kəməri buraxıb da hansısa
"azadlıq manifestlərini" oxumaq yalnız siyasi macəraçıların və
avantüristlərin işi ola bilərdi.
BP-nin başçısının burada Qərb koloniyası kimi lövbər salmış,
indi isə ifşa olunaraq həbsə atılmış təsir agentlərinin hayına
getməyə nə həvəsi, nə də vaxtı vardı. Nə olsun ki, onlar
qeyri-hökumət təşkilatları cinahında yerləşdiriliblər, axı rəsmi
dövlət qurumları ilə ən yüksək əlaqələr formalaşıbsa, onda Bob
Dadlinin gedib Bayılda sülh və demokratiya naminə yatan bir başı
sarıqlı qadını yoluxmağa nə ehtiyacı var ki? Azərbaycan uğrunda
savaşın həlledici fazaya daxil olduğu bir dönəmdə neft üzrə
beynəlxalq qrossmeystrlər belə kobud səhvə yol verməzlər. Bu təkcə
cənab İlham Əliyevin bəyan etdiyi "yeni komanda"dan çıxarılmağa
səbəb olacaq hadisə deyil, eləcə də indiydək qazanılmış nüfuzun və
milyardaların itirilməsi demək olardı. Onsuz da Meksika sularını
hələ durulda bilməyən bir kompaniyanın bu yandan da Qafqazda siyasi
havanı bulaşdıran əməlləri şübhəsiz ki, ona baha başa gələrdi. Ötən
əsrin əvvəllərində bu bölgədən qovulan Qərb şirkətlərinin aqibəti
yəqin ki, heç kəsin yadından çıxmayıb. Dadli nəinki Britaniyanın,
eləcə də dünyanın nəhəng bir qurumunun, konkret desək, 3-cü
neft-qaz istehsalçısının rəhbəridir, bunun məsuliyyətini unutmur və
ona görə daxili siyasi mübarizələrə qoşularaq çirkli kampaniyalara
dəstək verməyə ixtiyarı yoxdur.
BP-dən Azərbaycanla əlaqələri kəsməyi, neft pullarının
demokratiyanın boğulmasına səbəb olduğunu iddia edənlər təkcə
azadlıqdan müvəqqəti məhrum edilmiş "kolonna üzvləri" deyil, həm də
xarici maraq qrupları və elə konkret dövlətlərdir. Baxın, ildə 50
milyard kubmetrlik qaza və Orta Asiya regionunun mənimsənilməsinə,
üstəlik, rus nüfuzu olan mühüm bir bölgənin iqtisadi ələ
keçirilməsinə hesablanmış Nabukko layihəsi danışıqlar masasından
sürüşdürülür və 90-cı illərdə cəbhədə hərbi məğlubiyyətə uğrayaraq
neft danışıqlarında istənilən beynəlxalq şərtə razılaşmağa məhkum
olan bir dövlət bu gün "azəri-türk layihəsi" ilə geopolitik meydana
çıxır. Azərbaycan Rusiya ilə Qərbin indiki toqquşmasını ən azı bir
il qabaqlayır və Ukrayna cəbhəsində mövqe döyüşləri aparan iki
qütbün arasında uğurla tarazlaşdırıcı rolunu qoruyub saxlamaqda
davam edir. Kim bunu əngəlləyib yeni vuruşmaların "nifaq almasına"
çevirər ki? Əksinə, keçmiş sovet məkanından yalnız bizim regionda
sülhün təminatı Azərbaycanın uğurlu neft-qaz siyasətinə bağlı
deyilmi?
Hazırda 386 milyard dollarlıq dövriyyəyə malik olan bir
transmilli korporasiya Azərbaycanın müxalif fikir sahiblərinin
xahişi ilə "Azadlıq Xartiyası"na qoşulmalı və mövcud iqtidarla
işbirliyindən imtina etməlidir. Əsrin ironiyasına bir baxın: Düz
yüz il qabaq bu şirkət ingils-fars ortaqlığının nəticəsində meydana
çıxıb və dünya arenasında çoxşaxəli fəaliyyəti zamanı müxtəlif
siyasi hakimyyət, yaxud dəbdə olan terminlə desək, rejimlərlə
işləyib. İran şahlarının, yaxud elə şahlıq üsul idarəsinin,
həmçinin Cənubi Amerikdakı neft səltənətlərinin üzərində platforma
qurarkən BP heç bir zaman ideoloji rənglər və demokratik
əskikliklər axtramayıb. Pəhləvi hakimiyyəti ilə işbirliyi
şəraitində çalışarkən dünyada genişlənən soyuq müharibə
tərəfdarları və ya antişahçı basmaqəlibçilər onları satqınlıqda,
bir xalqın əsarətinə və köləliyinə yardım etməkdə qınamayıblar.
Əgər onlar siyasi başıpozuqlara, inqilab həvəskarlarına uysaydılar,
ildə 25 milyard dollar qazanan bir imperiya halına gəlməzdilər.
Bakı-Ceyhanla indiyədək 340 milyon ton neft daşınıb ki, bu da
ölkə büdcəsinə 100 milyard dollardan artıq gəlir gətirib.
Postmüharibə dövrünün dağılmış iqtisadiyyatını neftsiz necə bərpa
etmək olardı? Birinci Qarabağ savaşını uduzmuş bir məmləkətin başqa
hansı xilas resursları vardı ki? Biz hələ demirik ki, ərazi
bötüvlyümüzə edilən qəsdin də mayasında təkcə torpaq davası deyil,
həmçinin bu qara məhlulun payı az deyildi, onda bizim
novodvorskayaların "neft pullarını kəsin" çağırışının əslində
bütövlükdə bir xalqa qarşı qəsd olduğunu görmək elə də çətin olmur.
Məgər onlar bilmirlər ki, Xəzərdə "İkinci Qarabağ cəbhəsi" açmaq
hansı dairələrin işinə yarayardı?
Əslində bizim inqilabi-demokratik düşərgənin belə mənəviyyat
halı ilə ötən əsrin əvvələrində bolşeviklərin mübarizə üsulları
arasında bir sinxronluq və eyniyyət mövcuddur. Kasıb və dul bir
qadının övladı - Vladimir İliç yoxsul xalq kütlələrinə necə
başçılıq edir və çara qarşı üsyanların maddi-material bazası
haradan əldə olunur? Proletariatın ianələri və qəzəbi hesabına bir
ictimai quruluşu dəyişmək mümkün olardımı? Bəlkə Mariya Ulyanovanın
Kukuşkadakı 10 sotluq torpaq sahəsindən aldığı kiçik kirayə haqqı
və ya təqaüdü hesabına onun oğlu bəşəri bir inqilaba başçılıq
etmişdi? Halbuki indi açılan məxfi qrif altındakı materillar sübut
edir ki, dekabristlərdən bu yana hakimiyyət üstünə yeridilən
qüvvələri bir platsdarm kimi necə təşkil ediblər. Məgər Gertsenin
"Kolokolu" Rotşildlərin pulu hesabına çıxmırdı? Yaxud da ki,
Trotskinin "Pravda"sı.
Bizim 3-cü düşərgənin Açıq Cəmiyyət İnstitutundan aldığı
paralarla yaxşı bir müqayisə apara bilərsiniz. Lenin dəfələrlə
Finlandiyadan, İsveçrədən, daha sonra Fransa və Almaniyadan bahalı
mehmanxanalardan keçib hər dəfə yeni bir antiçar manifestasiyaları
ilə ölkəsinə dönürdü. Trotski Nyu Yorkdakı yəhudi ictimai
komitəsinin yardımı ilə Moskvadan Petroqrada geniş bir ərazidə
fəhlə sinfini, dəniz və kömür mədənlərində çalışan yüzminlərlə
insan kütləsini müxtəlif şuralar və dərnəklər altında
birləşdirirdi. Nəhayət, Rusiyanı Antantaya qoşub onu Almaniya ilə
vuruşduranda bütün daxili minalar partladılmağa başladı və nəhəng
bir imperiyanın rüsvayçı məğlubiyyətinə yol açıldı. Məhz o zaman
Leninə verilən alman - əslində yəhudi pulları təkcə çarın, yaxud
çarizmin deyil, həm də Rusiyanın tərksilah edilməsində inqilab
qatarına tökülən yanacağa çevrildi.
Təki ölkə müharibədə məğlub olsun və hakimiyyət dəyişsin,
satqınlıqla iqtidarı ələ keçirmək mümkün olsun. Daimi ordu
saxlamayacağıq şüarı ilə əsgər və zabitləri aldadacağıq, sonra
beynəlxalq Maliyyə İnternasionalı ilə ölkəni bölüşdürəcəyik. Əsas
Belinskinin dediyi kimi etməkdir. Tənqidçi və bolşevik ideallarının
tərənnümçüsü belə deyirdi: "Kiçik bir azlığın xoşbəxtliyi naminə
çoxluğa qarşı odla-alovla və qılıncla amansıscasına döyüşməyə
hazırıq"!
Nəticədə güclü bir Rusiyanı anqlosaks sistemi qarşısında təslim
etmək mümkün oldu.
Putin bir neçə il əvvəl bolşeviklərin bu xəyanətini - onların
fürsətcil və daxildə hakimiyyət uğrunda diversiya cəbhələri açan
əməllərinin millətinə baha başa gəldiyini ürək ağrısı ilə qeyd
edərək onlara bu əsrdən lənətlər yağdırırdı. Çünki itirilən Polşa,
Finlandiya, Novorusiya, kiçik Rusiya və iqtisadi səfalət, bir
formasiyanın dağıdılması və sair olmuşdu.
İndi neft pullarının cənab İlham Əliyev hakimiyyətini
möhkəmləndirdiyi iddialarını eşidəndə keçmiş proletar nəslinin
leksokonunda danışanların ruhunun sanki dirçəldiyinə əmin olursan.
Bu adamlar məgər bilmirlər ki, pul iqtisadiyyatın qanıdır, əsas
hərəkətverici qüvvəsidir?! Qoy filosoflar, yaxud politoloqlar
siyasətin, yoxsa iqtisadiyyatın birinci olması haqda əbədi
mübahisəni davam etdirsinlər, biz isə neft pullarının içində qara
maraqlar axtaranlara ötən illər ərzində çadır, çiy kərpic və vaqon
əsarətindən normal qəsəbələrə yerini dəyişən insanları göstərməkdə
davam edək. 8 milyard manatlıq vəsaitin axtarışına çıxan
demokratiya mücahidləri onu bu ünvanda tapacaqlar.
Təhsilin, səhiyyənin, enerji və su sistemlərinin, yeni
pansioanat və bağçaların, uşaq evlərinin inşasında, nəhayət,
neçə-neçə Azərbaycan gəncinin xaricdə yüksək ixtisaslı
mütəxəssislərə çevrilməsində də siz bu hakimiyyət liderinin doğru,
yenilməz və cəsarətli siyasətinin bəhrələrini gün üzünə çıxara
bilərsiniz. Yetər ki, kiçik bir milli mənafe və vətəndaş təəssübünə
malik olasız.
Ən başlıcası, neft pulları olmasaydı, bu gün Azərbaycan əsgəri
səngərdə məğrur dayana bilməzdi, 100 minlik ordunun qüdrəti və
yenilməzlik duyğusundan danışmaq mümkün olmazdı. Səfil-sərgərdan
günündə təslimçilik aktına imza atmağa bizi təhrik edən silahsız
dəstədən danışmaqdan və Ukraynanın aqibətindən başqa nəsə ağlınıza
gətirə bilməzdiniz. Hərbi sənayeni qurub dünyanın bahalı silah
bazarına daxil olmağı isə xəyallarda və yaxud virtual informasiya
məkanında görərdiniz.
Əlbəttə, başqa yol təklif edənlər də tapılacaqdı. Neft
pullarının kəsildiyi və bütün sosial proqramların dayandırıldığı
bir məmləkətin miqrasiya edən sakinləri Ermənistan kimi 2-ci
ölkənin iqtisadi-siyasi və hərbi satellitinə çevrilməyi üstün
tutacaqdılar. Bu yerdə "neftsiz xalqlar məhv olmayıb ki" deyən,
yaxud ondan asılı olmayan iqtisadi sistemlər qurmağı tələb
edənlərin qarşısında sadəcə bir faktı qoymaq kifayətdir: itirilmiş
torpaqlar, uduzlumuş müharibə və dəyişilmiş dünya düzəni.
Bizi iqtisadi iflasa uğratmaq istəyənlərin həqiqi azadlıq istəyi
BP-nin kəsilməyini istədikləri pullarında deyil. Onsuz Heydər Əlyev
kasıb bir ölkəni beynəlxalq aləmə təbii sərvətlərindən daha çox öz
mislisiz siyasi qüdrəti, ağlı və fitri-istedadı ilə çıxarmışdı.
Əsil sərvət bu idi. Məgər 2003-cü ilə qədər hakimiyyətin neft
pulları ilə möhkəmlənməkdən başqa yolları yox idi? Ən yaxın
qonşularla dil tapmaq, ölkəni siyasi izolyasiyadan çıxarmaq,
etnik-milli zəmində mövcud təhlükələri aradan qaldırmaq, nəhayət,
əsas beynəlxalq təhlükələri və çağırışları düzgün dəyərləndirmək
üçün bizim MİLLİ LİDERƏ neftdən daha çox arxalandığı xalqı və
siyasi zəkası kömək etmişdi. Yoxsa nə qədər neft olan ölkələrdə
sabitlik görmüsünüz ki? Məgər bu sözü tarixin qanlı səhifələrinə
batırıb müharibələrin sinoniminə biz çevrimişik ki?
Bəlkə kimlərsə bizdə də indi müharibə başlasa, məğlub
olmağımızın tərəfində durarlar ki, bu onları hakimiyyətə sahib
edərdi?! Əgər elə olsaydı, bu dəfə iqtidara gəlməyin bədəlini nə
ilə ödəyərdik? Ölkənin gücləndiyi və dünyada yerini
möhkəmləndirdiyi, həm də sabitlik adası kimi özünü qoruduğu bir
zamnda "neft pullarını" arzulamaynların məqsədi sizcə nədir? Yoxsa
onlar da hazırda sanksiyaların tüğyan elədiyi dünyada növbəti ünvan
kimi bizi göstərirlər? Məgər Sərkisyan da elə bunu demir? Niyə
təcavüzkara deyil, Azərbaycana iqtisadi yasaqlar istəyirsiniz,
bizim hüquq qoruyucularımız?
Həbsdən azadlığa çıxmaq istəyən "milli dekabristlər"in əllərində
tutduqları "əbədi məşəl" mənə Liviya Xalq Cəbhəsinin bir bədəvi
səhrasındakı xəyanətini xatırladır. Beynəlxalq Maliyyə
İnternasionalı və gizli dünya idarəçiləri 42 illik bir Cümhuriyyətə
başçılıq edən Qəzzafi ilə can davasında olduğu zaman bu xalqın
müxalif liderləri Fransa hökuməti ilə neftin gələcək işlənməsinə
dair on illik müqavilə bazarlığında idi. Seçkisinə pul xərclədiyi
Sarkozi rejiminin əli devrilən inqilabçı lideri öz soydaşlarının
neft dəryaçaları ilə qan gölünü necə qatıb-qarışdıqlarını yaxşı
görə bilməmişdi. Lakin indi ki bizim gözlərimiz var və Tikritdə hər
gün həyatını itirənlərin qanı o müqavilələrin yazılmasına çəkilmiş
mürəkkəb deyilmi?
Əziz müxaliflər, neftdən sizə də pay düşür. Azadlığa çıxın,
Tanrı qapınızı açsın! Lakin BP-nin kəsilən pulları hesabına
yox!