Yuxarı

İnsanovun BABŞ eyforiyası...

Ana səhifə Yazarlar
12 Punto 14 Punto 16 Punto 18 Punto

2 il ABŞ-ın ən nüfuzlu universitetində təhsil almışam, 1 il əlavə yaşamışam. Təhsilim müddətində də, ondan əvvəl də, həbsimdən əvvəl də, sonra da dəfələrlə Dövlət Departamentində, ABŞ Senatında, Ağ Evdə görüşlər olub, həm diplomatlar, həm siyasətçilər, həm tələbə yoldaşlarımdan Obama Administrasiyasında Oval Ofisə bitişik, həftədə 3-4 dəfə Oval Ofisdə olan tələbə yoldaşlarımla sıx əlaqəm olub. Həbsdə olduğum müddətdə Avropa ilə yanaşı, Harvardın professorları, ABŞ senatorları dəfələrlə azad olunmağım üçün açıq çağırışlar, qapalı məktublar göndəriblər.

ABŞ-ın indiyə qədər gəlmiş-keçmiş ən güclü siyasətçilərindən, qadın olaraq bir çox sərhədləri dağıtmış, dünyada ağır çəkisi olan Hillari Klinton Bakıya gəlməmişdən 2 gün əvvəl azad edilmişəm, Bakıda bir neçə saatlıq səfərinin bir hissəsini mənimlə təkbətək görüşdə keçirib. Klinton hava limanında "mən bu gün görüşmək şansım olan Bəxtiyar Hacıyevin şərti azadlığa buraxılmasına görə prezident və hökuməti təqdir edirəm, ümid edirəm ki, o və digər vətəndaş cəmiyyəti təmsilçiləri işlərinə davam edəcəklər, o işlər ki, cəmiyyəti gücləndirir, Azərbaycanı daha güclü və böyük dövlət edir. Çünki biz inanırıq ki, 21-ci əsrdə o dövlətlər çiçəklənirlər ki, onlar qanunun aliliyinə, söz və ifadə azadlığına, digər universal hüquqlara hörmətlə yanaşırlar" dedi. Klintonun şəxsi görüşdə dedikləri də bundan fərqlənmirdi.

Azərbaycanda azadlığım üçün çalışan adamlardan sonra ABŞ-a səfərim zamanı onların da hər biri ilə görüşüb, tək-tək təşəkkür etmişəm, senatorlar Tvitterdə fotolarımızı paylaşıb, məni azad gördüklərinə görə şad olduqlarını yazıblar. Amma nə senatorlar, nə Ağ Evdəki dostlarım, nə təkbətək görüşdə məni xeyli tərifləyən və xoş münasibət göstərən ABŞ Dövlət katibi Klinton nə təkbətək görüşlərimizdə, nə də ictimai çıxışlarında "səni biz azad etdirdik" deyiblər. Nə də mən durub "məni Böyyük ABŞ azad etdi" deməmişəm. Çünki Azərbaycanda siyasi partiyaların fəalları arasında da, gənclər təşkilatları arasında da, vətəndaş cəmiyyəti arasında da, vəkillərim, dostlarım, mətbuat, hətta hakimiyyət içində də azadlığım üçün kim nə bacarırdısa, etmişdi və təşəkkürümü hamıya etmişəm.

İndi baxıram, adı siyasi məhbus siyahısında olan keçmiş məmurlardan biri Əli İnsanov öz azadlığı üçün ABŞ-a təşəkkür edir və Feysbukda, Tvitterdə gənclər onun bu fikrini də, "hələ bilmək olmaz, kim kimə birləşəcək" iddiasını da yumşaq desək, zarafatla qarşılayırlar.

Əvvəllər dediyim bir fikri bir daha təkrarlamaq istəyirəm. Kimsə, parlamentdə, hakimiyyətdə vəzifədə, diplomatik nümayəndəlik rəhbərliyində və s. olanda baş verənlərə etirazını edib, istefa verib, "siyasi tövbə" edib, siyasi fəaliyyətə qoşulsa, bunu haradasa anlamaq olar. Amma vəzifədə olanda hər cür haqsızlığı edib, haqsızlığa göz yumub, əlindəki imkanları itirəndən sonra haqq-ədalət çarçısına çevrilmək istəyirsə, bu, normal deyil. Mən hələ onu demirəm ki, ABŞ rəngli inqilabları dəstəkləyən səfirlərindən, kimsə həbs ediləndə "narahatıq" bəyanatını verən, ondan sonra SOCAR-da müşavir postuna gələn, piti-xaş qonaqlıqları ilə yadda qalan səfirlərə qədər çox dəyişib bu 15 ildə.

Tarix
2019.03.19 / 14:33
Müəllif
Bəxtiyar Hacıyev
Şərhlər
Digər xəbərlər
KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla