Yerlə Göyün arasında
İlişib qalmışam yenə.
Kamal Abdulla
Azərbaycan Respublikasının
Millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət
müşaviri, filologiya elmləri doktoru, professor, Əməkdar elm
xadimi, akademik, yazıçı Kamal Abdullanın bu gün 64 yaşı tamam
olur.
Doğrusu, haqqında söz açacağım və doğum gününü bəhanə edib
ürəkdən gələn bəzi fikirlərimi yazacağım adama aid bu yuxarıdakı
statusları, adları ard-arda sadaladıqca uzaq 90-cı illərdə mərhum
Aydın Məmmədov vasitəsiylə tanış olmağımızı xatırladım. Onda Aydın
müəllimin başçılıq etdiyi Tərcümə Mərkəzində müavin işləyirdim və
Kamal Abdullanı da elə o vaxtlar Aydın Məmmədovun dostu kimi
tanıdım.
Daha doğrusu, o zamandan başlanan, sonradan dostluğa çevrilən
tanışlığımız indiyə kimi davam edir desəm, yanılmaram. Əgər Kamal
Abdullanı bir neçə sözlə ifadə etmək lazım gəlsə, mən onu öz içində
gizlənən adam kimi səciyyələndirərəm. Məncə, onun bu xarakteri və
obrazı istər ictimai fəaliyyətində, istərsə də əsərlərində özünü
göstərir. Nədənsə tez-tez mənə elə gəlir ki, hətta bizlər, ən yaxın
dostları belə bu soyuqqanlı, sakit, təmkinli görkəmin arxasındakı,
içindəki gerçək Kamal Abdullanı tanımırıq. Hansısa ağrı, ya sirr
var ki, bunu da yalnız yazıçı özü bilir. Əsərlərinin də bu
qeyri-adi biçimi, ovqatı, üslubu, hətta fərqli dili onun yazdığı
mövzuların içərisində gizlənmək istəyindən, öz ağrılarını
pərdələmək niyyətindən və dünyanın bütün dadını duyub görmüş insana
xas müdrikliyindən irəli gəlir. Bunu yazıçının ən məşhur əsərləri
olan "Yarımçıq əlyazma", "Sehrbazlar dərəsi"ndə də müşahidə etmək
mümkündür. Məncə, bu fərqlilik, qapalılıq heç də sadəcə, müasir,
yeni ədəbiyyat yaratmaq, yaxud orijinal görünmək üçün deyil. Kamal
Abdullanın böyük hadisələrə, dərdlərə, problemlərə bir az ironik,
soyuqqanlı yanaşmasında, insanların bütləşdirdiyi, doqmaya
çevirdiyi məsələləri sakit tərzdə yazmasında onun xarakteri, həyata
baxışı özünü göstərir.
...Doğrusu, bu doğum günündə Kamal müəllimin sirlərini açmaq,
əsərlərindən görünən, gündəlik proseslərdə müşahidə edilən, bəzən
bir kiçik detalla, bəzən böyük hadisələrlə "özünü təqdim edən"
yazıçını hər kəsə tanıtmaq kimi bir niyyətim yoxdur. Bəzən
dostların, doğmaların, həmkarlarımın yubileylərində təbriklər
yazıram. Xatırlayıram ki, 4 il öncə, Kamal Abdullanın 60 illiyində
qəzetimizdə çoxlu yubiley təbrikləri işıq üzü görmüşdü. Bir il
sonra, 65 yaşı ərəfəsində də yazıçını təbrik edənlərin sayı-hesabı
olmayacaq. Nədənsə, bu dəfə ürək sözlərimi daha sakit vaxtda
çatdırmaq istədim. Mənə görə, Kamal müəllimin ən qabarıq və indiki
zamanda xeyli fərqli tərəflərindən biri istedadlı adamı
dəyərləndirməsi, istedada qiymət verməsidir. Həm də Kamal müəllimin
bunu sadəcə, gündəlik işi kimi, işlərinin tərkibi kimi etməsi xeyli
təsirləndiricidir. O, yaxşılığı özünütəsdiq üçün, yaxud dost
məclislərində mövzuya çevirib təriflənməkdən ötrü eləmir. Elədiyi
yaxşılıqları çox zaman unudur.
Yadımdadır ki, məclislərin birində Kamal müəllimin əl tutduğu,
dəstək olduğu neçə-neçə adam haqqında danışılanda onun bütün bu
deyilənləri xatırlamadığını və səmimi təəccübləndiyini müşahidə
etmişdim. Kamal müəllimin gənc nəslə qayğısını, köməyini Bakı
Slavyan Universitetinin rektoru işlədiyi vaxtlardan da hər kəs
müşahidə edib. Bir müddət mən də həmin universitetdə dərs demişəm
və tələbələrin rektorları haqda səmimi, xoş sözləri, başqa
universitetlərlə müqayisədə BSU-da yaradılmış demokratik mühit
barədə dedikləri yaxşı yadımdadır. Böyük oğlum bu universitetdə
təhsil alıb, onun da tələbəykən görüb müşahidə etdikləri, azad
mühit, obyektiv imtahan sistemi haqda danışdıqları Kamal müəllimin
rəhbər kimi qurduğu sistemin fərqliliyini göstərirdi. Bu gün də
media mühitində BSU-nun Jurnalistika fakültəsinin məzunları xüsusi
hazırlığı, savadı ilə seçilirlər. Onun rektorluğu dövründə Slavyan
Universitetində Yaradıcılıq fakültəsinin fəaliyyətə başlaması,
neçə-neçə istedadlı gənci öz ətrafında birləşdirməsi də çox mühüm
məqamlardan biridir.
İllər öncə Kamal Abdullanın Kamal Mehdi imzasıyla yazdığı
şeirlərdə də onun qeyri-adi xarakteri nəzərə çarpırdı. Yadımdadır,
o şeirləri oxuyub onlardakı sirrin, sehrli auranın səbəbini xeyli
düşünmüşdüm. Görünür, mərhum rejissor Vaqif İbrahimoğlunun da Kamal
Abdulla yaradıcılığına meylinin, marağının əsas səbəblərindən biri
bu idi. Fərqli estetikası ilə seçilən Yuğ Teatrında Kamal müəllimin
əsərləri tez-tez səhnələşdirilirdi, elə bu gün də teatr bu
silsiləni davam etdirir.
Kamal müəllimin nəsrindən danışanda adətən, "Yarımçıq əlyazma"
və "Sehrbazlar dərəsi" romanlarının adı çəkilir. Yazıçı bu əsərləri
ilə Azərbaycan nəsrinin xaricdə tanıdılmasına, təbliğinə də öz
töhfələrini verib. Bu əsərlər rus, ingilis, ərəb, fransız, ispan və
neçə-neçə başqa dillərə tərcümə olunub, müxtəlif ölkələrdə işıq üzü
görüb. Hələ o zamanlar "Yarımçıq əlyazma"nın kitab halında çapından
öncə doğurduğu fərqli, təzadlı fikirlər məni düşündürmüşdü. Əsəri
oxuyub fikirlərimi yazmışdım və müəyyən parçaları "525-ci qəzet"də
yayımlamışdıq. O vaxtlar qəzetimizin təsis etdiyi "İlin bədii
əsəri" mükafatını da bu romana görə Kamal Abdullaya təqdim
etmişdik. Bundan öncəki illərdə həmin mükafatı Elçinin "Sarı
gəlin", Anarın "Ağ qoç, qara qoç" əsərləri almışdı.
Hesab edirəm ki, Kamal Abdullanın "Unutmağa kimsə yox" romanı
son illər Azərbaycan romançılığında ən yaxşı əsərlərdən biridir.
Çağdaş dünya romançılığının, müasir nəsr estetikasının bütün
tələblərinə cavab verən bu roman Kamal müəllimin ən sevdiyim
əsəridir. Doğrusu, ədəbi tənqidin və mühitin bu əsərə lazımi
reaksiya verməməsinin, əsərin alt qatlarına enən dəyərli təhlili
yazıların azlığı məni heyfsləndirir.
Kamal müəllimin bütün bu fərqli, üstün keyfiyyətlərini
sadaladıqca belə bir adamın dövlət idarəçiliyi strukturuna
gətirilməsini müsbət hadisə kimi vurğulamaq yerinə düşər. Yazımın
əvvəlki hissəsində Kamal Abdullanın olduğu hər yerdə fərqli
ab-hava, azad mühit yaratmasını qeyd etmişdim. Məncə, adətən, quru,
soyuq görməyə alışdığımız rəsmi mühitə də Kamal müəllim artıq öz
"üslubunu", xarakterini gətirib.
Multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri
təyinatından çox keçməmiş yas mərasimləri ilə bağlı məsələləri
gündəmə gətirməsi onun illər ərzində yazıçı müşahidələrinin,
gördüyü naqislikləri düzəltmək, yoluna qoymaq istəyinin təzahürü
idi. Vəzifənin verdiyi imkanlardan istifadə edib bu əyər-əskikləri
aradan qaldırmaq üçün çalışması da ziyalı xarakterinin daha bir
göstəricisidir.
Bu günlərdə Multikulturalizm məsələlərinə həsr olunmuş Teatr
konfransının açılışında Kamal Abdullanın çıxışı hər kəsi
təəccübləndirmişdi. Dövlət müşavirinin Azərbaycanın necə bir
multikultural ölkə olmasını yazıçı kimi bir ravinin əhvalatını,
hekayəsini danışaraq ifadə etməsi qonaqları, müxtəlif ölkələrdən
gələn sənət adamlarını da çox təsirləndirmişdi. Zənnimcə, müasir
dövrdə insanlara təsir etməyin, inandırmağın ən gözəl yolu elə
səmimiyyətdir.
... Yazımın əvvəlində vurğuladığım kimi, Kamal müəllim çoxları
üçün öz içində gizlənmiş, sirli adam təsiri bağışlayır. Yəqin ki,
bu, həm də doğmalarını, dostlarını qayğıları ilə yükləməmək
istəyindən, təvazökarlıqdan, müdriklikdən irəli gəlir. Odur ki, mən
də onun haqqında danışarkən hansısa sirr açmağa, qeyri-adi şərhlər
verməyə cəhd göstərmək niyyətində deyiləm. Sadəcə, stolumun
üstündəki təqvimdən üzümə baxan 4 dekabr tarixindən - Kamal
Abdullanın doğum günündən istifadə edib dəyərli alimi, istedadlı
yazıçını, hər zaman inandığım, etibar elədiyim dostumu təbrik
etmək, ona yeni-yeni yaradıcılıq uğurları, daha böyük nailiyyətlər
arzulamaq istədim.
Ad gününüz mübarək, Kamal müəllim!