Yaxın Şərqdə baş verən son hadisələrin fonunda
mövqelərini kifayət qədər gücləndirməyə müvəffəq olmuş İran, ABŞ-la
münasibətlərində son zamanlar müşayət olunan istiləşmə, Əsədin İŞİD
faktoru səbəbi ilə arxa plana keçərək öz mövqelərini daha da
möhkəmləndirməsi, eləcə də Qərbin başının Rusiyaya qarışdığı bir
dönəmdə fürsətdən maksimum yararlanmaq qərarına gəldi. Və müntəzəm
olaraq Yəmənin daxilində aktivləşdirilən Husilər faktorundan
bəhrələnərək ərəblərin içinə doğru irəliləməyə cəhd
göstərməkdədir.
Dəfələrlə qeyd etmişik ki, hazırda öz ətrafında kifayət qədər
sağlam həlqə formalaşdrmağa müvəffəq olmuş İran Yaxın Şərqdə özünü
təsdiq etməyi hədəfləyən bir qüvvə olaraq ilk növbədə ərəblərə
özünü qəbul etdirməli idi. Suriya, post-Səddam dönəmindəki İraq və
Hizbullahın Livanı buna kifayət etmirdi. Yəmən növbəti zəif bənd
oldu. Və husilərin "Ənsərullah" adı ilə başlatdıqları hərbi-siyasi
hərəkat yanvarda uğurla nəticələnsə də, bunun belə uzun müddət
davam etməyəcəyi aydın idi. İlk növbədə ona görə ki, ərəblər artıq
İrana "dur!" deməyin zamanı gəlib çatdığını anlamışdılar. Və gözlər
ərəb liqasının hazırda lideri funksiyasını üstlənmiş Səudiyyə
Ərəbistanında idi.
Yəmən Prezidenti Əbdürrabu Mansur Hadinin çağırışı isə səudların
hərəkətə keçməsi üçün tutarlı əsas oldu. Ərəb yarımadası 100 hərbi
təyyarə və 150 min əsgərlə sözdə "Ənsərullah" terror təşkilatı,
əslində isə İranla müharibəyə başladı. O İranla ki, radikal
təkfirçi qruplaşmalara görə Suriyada, "Hizbullah" amilinə görə
Livanda, İŞİD və "Əl-Qaidə"yə görə isə İraqda varlığına göz yummağa
məcbur olmuşdu.
Səudların hərbi əməliyyata başlamasına ilk dəstək Qərbdən gəldi.
Gözlənilən idi. Ən azı iki vacib səbəbə görə: 1. Qərb İranın
getdikcə artan çəkisi və eləcə də qiymətindən ehtiyat etməyə
bilməz. İndi İran, Rusiyadan enerji asılığında olan Avropanın
qurtuluş qapısıdır. Bu, məsələn, ABŞ-ın rəhbərlik etdiyi "5+1"
formatını nüvə danışıqlarında rəsmi Tehrana daha loyal yanaşmağa
məcbur edir - Tel-Əvivin bütün etiraz və hədələrinə rəğmən. Digər
tərəfdən İraq və Suriyada dirəniş göstərən İŞİD-pro-səddamçı
qüvvələrin qarşısında başlıca silahlı gücdür. Qərb birbaşa müdxilə
etmir, etmək istəmir, Türkiyini isə bu müdaxiləyə məcbur etmək
mümkün olmur. Demək ümid qalır kürdlərə və İrana. Amma Qərb meydanı
İrana təhvil vermək də niyyətində deyil. Yəmən – İrana ərəblərin
əli ilə yerini göstərmək imkanı verəcək; 2. Və nəhayət, Yəmənin özü
ilə bağlı məqamlar. Bu ölkənin strateji mövqedə yerləşməsindən
tutmuş Prezident Hadinin Qərb üçün önəmli bir isim olmasına qədər,
vacib olan məqamları sıralaya bilərik.
Yəmən prezidenti radikal qruplaşmalara qarşı Qərbin
əməliyyatlarına birmənalı şəkildə dəstək vermiş bir şəxs kimi
xarakterizə olunur. Yəni, bir sözlə, Qərbin inanılmış adamıdır.
Ərəblərin isə dəstəyi gözlənilən idi. Bunun öz siyasi-ideoloji
səbəbləri var və bu səbəblərin ən başlıcası kimi ənənəvi məzhəbsəl
sünni-şiə münaqişəsi fonunda islamda liderlik uğrunda tarixi
Ərəb-Əcəm qarşıdurmasını göstərmək mümkündür. İslam coğrafiyasında
bu qarşıdurmanın kökü dərindir və İran 1979-cu il inqilabından
sonra bu qarşıdurmaya yeni bir çalar əlavə etməkdə idi. Ərəblər
"ərəb baharı"nın nəticələrindən ayılmamış bir-bir ölkələrində baş
qaldıran xaos və qarşıdurmaların fonunda güclənən İran kölgəsini
gec fərq etdilər. Onların başı, məsələn, Misirdə, Tunisdə, elə
Yəmənin özündə "İxvan-ül Müslimin"in axırına çıxmağa, Suriyada və
İraqda baş qaldıran İŞİD faktorunun özü ilə birgə gətirmiş olduğu
dəhşətlərin nəticələrini hesabamağa qarışdığı zaman İran İraqı ələ
keçirmişdi, Suriyada möhkəmlənmişdi, Livandan isə "Hizbullah"ın
dili ilə növbəti düşəcək ərəb qalasının Yəmən olacağına işarələr
verməkdə idi. Yəmən bu baxımdan təkcə prinsip olaraq
siyasi-ideoloji əhəmiyyət daşımır, eyni zamanda, iqtisadi qiyməti
də böyükdür. Yəmən Oman dənizi ilə Qırmızı dənizin kəsişdiyi
nöqtədə yerləşmiş, Şərqi Afrika sahillərini nəzarətdə saxlamaq
imkanı ilə yanaşı, Sünni Ərəb dünyasının lideri və neft zəngini
Səudiyyə Ərəbistanını cənubdan çevrələyən bir coğrafiyaya sahibdir.
Bu səbəbdən Qırmızı dəniz-Oman dənizi-Bəsrə-Hörmüz istiqamətində
işləyən enerji daşıma xəttinə nəzarət etməkdə və Səudiyyə
Ərəbistanının təhlükəsizliyinin təmin edilməsi baxımından son
dərəcə ciddi strateji əhəmiyyətə malikdir.
40 minə yaxın gəminin keçdiyi bu boğazın illik 2 trilyon dollara
yaxın bir ticari həcmi var. Digər tərəfdən, Afrika ilə Asiya
qitələrini bir-birindən ayıran bu boğaz dünya neft ticarətinin göz
bəbəyi hesab edilir. 32 km uzunluğunda olan "Bab-ül Məndab" Qırmızı
dənizi Hind okeanına bağlayır və məhz bu boğazdan on minlərlə gəmi
Asiyadan Afrikaya keçə bilir.
Dünya neft ixracatının məhz yüzdə otuz faizi bu yolla aparılır.
Və bu boğaz strateji əhəmiyyətinə görə Misir və İsrailin də xüsusi
əhəmiyyət verdiyi məntəqə hesab edilir.
İçində Misir və Pakistanın da olduğu körfəzin onadək dövləti,
birbaşa hərbi dəstək verəcəklərini bildirərək, səudlarla birlik
nümayiş etdirməkdədirlər. Qərblə yanaşı, Türkiyədə də yeni yaranmış
Ərəb koalisiyasına dəstək ifadə ediblər. İran isə ərəblərin
liderliyi ilə yaranmış bu beynəlxalq koalisiyanın əslində özünə
qarşı olduğunun fərqindədir. Lakin Yəməndən də geri çəkilmək
niyyətində deyil. İranın Xarici İşlər naziri Məhəmməd Cavad Zərifin
açıqlamasından da göründüyü kimi, "İran Yəməndəki krizisi nəzarətdə
saxlamaq üçün sonadək əmək sərf edəcək".
Əslində, iranlı diplomatın "əmək sərf etmək" adı altında nəyi
nəzərdə tutduğu aydındır. Ərəblər isə bu dəfə deyəsən, daha
qətiyyətli görünürlər.
Və son olaraq: Təqribən 100 il əvvəl Yəməndə ərəblər
ingilislərlə işbirliyinə girərək Osmanlını arxadan vurmaqla,
türklərin 700 ildən artıq sürən Yaxın Şərq hökmranlığına son
qoymuşdular. İndi eyni nəticəni İrana qarşı əldə edə
biləcəklərmi?