2005-ci ildə hökumətin anti-inqilab həbslərini dərindən
təhlil edənlər ilk növbədə Prezident İlham Əliyevin başladığı
yeniləşmə kursundan imtina edəcəyini düşünürdülər.
Real mənzərə həqiqətən mürəkkəb idi. Bir tərəfədən 12 il öncə
Azərbaycanın müstəqilliyinə təhlükə törədərək ağır cəzaya məhkum
edilmiş şəxslərin ölkə əleyhinə beynəlxalq təzyiq alətinə
çevrilməsi, o biri yandan uzun illərin gərgin siyasəti hesabına
dövlət büdcəsinə daxil olan böyük vəsaitlərin ədalətli bölgüsünü
təmin edərək yeni iqtisadi münasibətlər yaratmaq məsuliyyəti bir
nömrəli vəzifəyə çevrilmişdi. Bir-birinin ardınca həyata keçirilən
siyasi əvflərlə keçmişdə ölkənin parçalanmasına səbəb olan simalar
azadlığa qovuşdu, çevriliş cəhdində suçlandırılanların övladlarının
ölkəyə dönüşünə heç bir maneə törədilmədi və milli burjuaziyanın
yeni nəslinin formalaşdırılması üçün İqtisadi İnkişaf Naziliyinə
hökumət içərisində əlahiddə səlahiyyətlər və rol verildi.
İdarəçiliyin ağırlıq mərkəzinin belə dəyişməsi fonunda Prezident
çox uğurlu bir şəkildə iqtisadi siyasətin ağırlıq mərkəzini
dəyişdirməyə çalışarkən, bundan narahat olan komanda üzvləri Fərhad
Əliyevin biliyi, xidmətləri və xaricdə fərqli planlarda qəbulu
ittihamlarını irəli sürərək ondan haqlı olaraq uzaq durmağa
çalışırdılar. Lakin yürütdüyü yeni kursda israrlı və qətiyyəli olan
1-Cİ ŞƏXS ona edilən şikayət və müraciətləri çox ehtiyatla
uzlaşdırır, kəskin toqquşan maraqların balansını yaratmağa
çalışırdı. Elə Surətin, Ələkrəmin, Rəhimin türmədən buraxılmasının
cəmiyyətin başağırısına çevriləcəyini xəbərdar edənlər də, o vaxtkı
yarımçıq qalmış ssenarilərin yenidən işə düşəcəyini və sabitliyi
qorumağın mümkün olmayacağını iddia edən yüksək vəzifə sahibləri də
Rəhbərin yenilməzliyi qarşısında geri çəkilməli olmuşdular.
Uzun müddət ölkəyə başçılıq edərək təkcə qərar və sərəncamları
ilə deyil, həm də xarizması ilə komandası üzərində şəksiz nüfuz
qazanan böyük Heydər Əliyevdən sonra gələcəyi dumanlı görünən
Azərbaycan əslində hələ dayaqları yeni möhkəmlənən başqa bir
liderin çoxları üçün tam açılmayan xarakterilə üz-üzə qalmışdı.
Lakin lənətə gəlmiş inqilab dalğası postsovet məkanında tüğyan edir
və qatarın bizə yaxınlaşması təcili tədbirləri sürətləndirirdi.
Narıncı köynəkli boz adam
Fərhad Əliyevin anti-monopol platforması həqiqətənmi o vaxt
çevrəsinə topladığı gənc istedadların, Qərb təhsilli liberal
intellektualların beyninin məhsulu idi, yoxsa bu, sadəcə
iqtisadiyyatda təmərküzləşməyə çalışan və özəlləşdirməni şəxsi
maraqlarının altına almağa cəhd edən bir nazirin avantürları idi,
bunu indi söyləmək çətin deyil. Çünki sonralar Amerika
səfirliyindən departamentə gedən məxfi şifrəli depeşlərin açılması
islahatçı obrazı ilə xalqa sırınan bir şəxsin Şeverdnadzenin
hakimiyyətində bəslənən "Saakaşvili" olduğu üzə çıxacaqdı. Ancaq
Azərbaycanda narıncı boyadan daha tünd rənglər vardı.
Ölkəyə gətirilən taxılın 63 faizi qayınatasının sərəncamında
olan, metallurgiya sənayesinə əlini qoyan və beləliklə, tikinti
sektorunun əsas konstruksiya silahını inhisara götürən Fərhad
Əliyev, üstəlik, Qaradağ sement zavoduna qeyri-rəsmi qəyyumluq
edərkən onun başqa hökumət üzvlərinə qarşı mübarizəsini sadə
vətəndaşların maraqları baxımından izah etməyə yalnız inqilabi
romantistlər çalışar. Tarixdə olduğu kimi, xalqın deyil, məhz
özünün, məsələn, Zülfüqarlı qardaşları kimi uğurlu burjuaziya
təmsilçilərindən ibarət sadiq dayaqlarını yaratmaqdan və bunu
bəlağətli "xeyri vətən qalsın" şüarları ilə təqdim etməkdən yaxşı
nə ola blərdi!
Dövlət başçısı bütün prosesləri - açıq və gizli məlumatları
təhlil edərək, iki ilə yaxın bir dövrdə onun yumşaq siyasi
xarakterini sınağa çəkənləri dözümü ilə deyil, nəhayət, "dəmir əli"
ilə tərbiyə etdi. 2005-ci ilin parlament seçkiləri qarşısında 62
nəfərlik bir siyahı ilə çıxış edən və həm də iradə zəifliyi ilə
xarici təsirə düşən deyil, konkret hakimiyyət iddiası ilə yaşayan
iqtisadiyyat naziri artıq qarşısında hüdudsuz səbr sahibi olsa da,
bağışlanmaz cinayətləri durdurmağı bacaran bir sərkərdə gördü.
İlham Əliyev onun kabinetinə müqəddəs Quranla silahlanıb gələni
məsum sifətdə qəbuldan imtina etdi.
Lakin dövlət təmizlənmiş diversantlardan və fərqli ssenarilər
quran sabotajçı nazirlərdən qurtulsa da, islahatları dayandırmağın
yoverilməzliyini hamı yaxşı başa düşürdü. Çünki ötən əsrin 70-ci
illərində qurulmuş ölkənin bütün infrastrukturunu təzələmək, onu
xarici rəqabətə hazırlamaq, sahibkarlıq sinfini gücləndirmək, bir
sözlə, neft dollarlarının ədalətli bölgüsünü təmin etmək lazım idi.
Prezident bizneslə siyasi iqtidar arasında ittifaq yaratmaq
vəzifəsi qarşısında olduğunu çox yaxşı bilirdi. Lakin bütün
ölkələrdə siyasi hakimiyyətlə sıx çulğalaşmış və geniş himayə
sisteminə söykənən iri burjuaziyanın formalaşması üçün çoxlarının
azad bazar prinsiplərinə zidd saydıqları təcrübədən yan keçmək
bizdə də mümkün ola bilməzdi.
Elə isə indi dövlətçilik modeli bütün dünyada öyrənilən
Amerikaya nəzər yetirməyimiz yerinə düşər.
Amerika – ağlar üçün ağlayan qaralar
Varlı adamlar idarəçiliyin bütün sferalarında üstünlüyü
qazandıqlarına görə çoxları Birləşmiş Ştatların klassik dövlət
konstruksiyasına deyil, daha çox korporasiya quruluşuna uyğun
gəldiyini deyirlər. Düzdür, sadə insanlar içərisində yuxarıda
oturanların yoxsul keçmişi və onlarla eyni olan ictimai mənşəyi
haqqında əfsanələr dolaşır, lakin bütün seçkilərdə dominantlıq
qazanan hər iki partiyadan olan namizədlər bir-biriləri ilə yaxşı
tanış olan müxtəlif iqtisadi qrupların üzvləridir. Məsələn, 1918-ci
ildə yaradılan Beynəlxalq Əlaqələr üzrə Şuranın sıralarında
birləşən 1450 üzvün 60 faizini irsi var-dövlət sahiblərinin
nümayəndələri təşkil edirsə, qalanları da beyin mərkəzi və siyasi
institutlardan, həmçinin partiyaların liderlərindən ibarətdir və
gələcək dövlət katibləri, müdafiə nazirləri, Ağ Ev kabinetinin
üzvləri, Mərkəzi Kəşfiyyat İdarəsinin rəhbərləri də məhz oradan
seçilərək təyin olunur. Beləliklə, hökumətdən siyasətə və ya əksinə
keçənlərin sayı on minlərlədir. Nəticədə prezidenetliyə gələn
şəxslər böyük korporasiyaların mənafeyindən çıxış edənləri
komandalarına cəlb etməyin alternativini görmürlər. Məsələn, dövlət
başçısı Ford adını çəkdiyimiz Şuranın 14 üzvünü administrasiyasında
yüksək görəvlərə gətirmişdi, Prezident Karter və onun müavini
vaxtilə dünya siyasətinə güclü nüfuz edən Üçtərəfli Komissiyanın
üzvləri olmuşdu, Prezident Reyqanın da hökumətində sözügedən
imtiyazlı təbəqənin nümayəndələri investisiya şirkətlərindən və Nyu
York banklarının direktorlarından olmaqla 12 nəfər müşavir sifətilə
çalışmaqda davam edirdilər.
Bir sözlə, hətta böyük depressiyalardan xalqını çıxarmağı
bacararaq iqtisadi möcüzələr yaradan lider Franklin Ruzvelt belə
iri burjuaziya ilə xırda sahibkarlar ordusu arasında manevr etməklə
bu həssas təbəqələri əldə saxlamağa çalışır, onları siyasi qərar
sahibləri ilə üzvi şəkildə birləşdirməkdən vaz keçmirdi. Ona görə
biznesin dövlətdən ayrılması və "azad bazar özü idarə edir"
fəlsəfəsi yalnız yaxşı uydurulmuş nağıldır. Almaniyada xristian
demokratlarla sosial demokratların iqtisadiyyatın hansı sektorunu
himayə etdiklərini bilməyən çox az adam var. Yaxud, demokratiya
ənənələri oturuşmuş Türkiyədə hökumətə yalnız qaydaları və şərtləri
müəyyənləşdirən, hamıya bərabər imkanlar yaradan bir institut kimi
baxmağı heç kəs ağlına gətirmir.
Təkcə hökumətdə deyil, qanunverici orqanda, məsələn, Konqresdə,
yaxud Ali Məhkəmədə təmsil olunan insanların böyük ordusu yüksək
təbəqələrdən çıxdğına görə kapitalizmin demokratiya və varlılar
arasında bərabərlik işarəsini qoyduğuna əmin olursan. Diqqət
etdinizsə, biz məqsədli şəkildə Rusiyadan söhbət açmadıq. Bu
ölkənin sovet keçmişi və təhkimçilik mədəniyyəti tamam ayrı
söhbətin mövzusudur. Ona görə də SSRİ dağılandan sonra ümumxalq
mülkiyyətini ələ keçirən xodorkovskilərin vəhşi kapilazmin
imkanlarından bəhrələnməsinin qarşısının alınmasına və onun uzun
müddətli həbsə məruz qalmasına təkcə Putinə tabeolmazlıq,
qeyri-məhdud müstəqlillik hadisəsi təki yanaşmaq düzgün deyil. Belə
geniş misallardə niyyətimiz 2015-ci ilin Azərbaycanında məhkəmə
qarşısında dayanan adamları qurbanlıq kimi qələmə verməyin və
onların qərbli, yaxud rusiyalı prototiplərini axtarmağın yanlış
olduğunu göstərməkdir.
Pulsuz nazirlik olmur
Əslində Beynəlxalq Bank özünün təşkilati-idarəçilik və maliyyə
resurslarının formalaşmasına görə klassik bank sistemlərindən xeyli
fərqlənir. Orada təkcə əhalidən müxtəlif faizlərlə toplanan
depozitlər, yaxud çeşidli xidmətlərdən əldə olunan gəlirlər deyil,
həmçinin dövlətin 51 fazilik səhm paketinə aid olan külli miqdarda
vəsaiti cəmləşir. Ona görə iqtisadiyyatın əsas yönləndiricilərindən
birinə çevrilən Bank müvafiq iqtisadi nazirliyin qeyri-rəsmi
alternativi kimi çıxış edir.
Gerçəkdən də əgər iqtisadi inkişafa məsul olan hökumətin müvafiq
qurumunun sərəncamında olan vəsait 1 milyard manatı keçmirsə,
əvəzində onun rəqabət partnyorunun əlində 8 milyard manatdan artıq
maliyyə resursu dolaşırsa, onda dövlətin vahid siyasətinin təkcə
bir mexanizm vasitəsilə aparılmadığını açıqca söyləyə bilərik.
Bununla bərabər, parlamentdə hesabat verməyən və beləliklə də
bütün əməliyyatları qapalı olan bir struktur haqqında iqtisadi
təhlillər aparmaq çox çətindir. Yəni, indi dövriyyəyə çıxan
informasiyalardan çıxış etsək, bəlli olur ki, Sahibkarlığıa Yardım
Fondu xəttilə maksimal məbləği cəmi bir neçə milyon olan
layihələrin kreditləşməsi ilə müqayisədə, "ikinci nazilrik"
əlverişli nəzarət mexanizmləri olmadan külli miqdarda vəsaitləri
səmərəsiz layihələrə yönəltməkdə davam edib. Ölkədə heç bir özəl
maliyyə qurumunun üst-üstə gəlinən nizamnamə kapitalı belə ümumi
bazarın cəmi 15 faizini təşkil etmir. Əsil "kredit monstrı" meydana
çıxıb, deyilmi? Son illər Mərkəzi Bankın məlum tələblərindən sonra
kredit portfeli genişlənən qurumlar bazardakı vəziyyəti çox yox,
qismən dəyişə biliblər.
Deməli, mühüm istehsal layihələrinin, minlərlə iş yerinin,
qabaqcıl texnologiyaya dayanan və xaricə məhsul çıxara bilən
zavodların necə deyərlər, "yanacaq mənbəyi" olan bank qlobal
iqtisadi böhran zamanından keçsə də, ölkədə milli valyutanın
kursunda kəskin dəyişiklik imtahanından çıxa bilmədi. Bəli, 21
fevral devalvasiyası iqtisadiyyatın xəstəliklərini və zəif
nöqtələrini aşkarlamağın yaxşı testinə çevrildi. Məlum oldu ki,
məsələn, sərt öhdəliklərlə yazılan planlara dayanaraq verilmiş
kreditlər ölkədə maliyyə bazarındakı qeyri-sabitliyin başlıca
səbəblərindən birinə çevrilib.
Pulla pul almaq - hər əsrin ən yaxşı biznes
lahəsidir
Belə bir mənzərini göz önünə gətirin. Nizami Piriyev adlı uğurlu
biznes adamı, özü də kapitalını ona qədər xaricdə qazanan şəxs
gəlib xeyli rentabelli layihəni təqdim edir, üstəlik, özü ilə
Qərbin siyasi meydanında sabiq baş nazir olmasına baxmayaraq, yenə
də aktiv çalışmalarla qalan Toni Blerə 60 min dollar ödəyib onu
biznes ideyasının populyarlaşmasında bir şitə çevirir, elə isə
nədən 100 milyon manat kredit belə uğur vəd edən layihəyə
verilməsin? Əlbəttə, dərhal burada yüksək siyasi iradədən və
xeyir-duadan söhbət açacaqlar. Qoy olsun, məgər bu cür cazibadər
planlara dəstək vermək rifaha can atan hər bir hakimiyyətin başlıca
vəzifəsi deyilmi?
Lakin görün sonra nə baş verir. Əvvəlcə müəssisənin birinici
smetadan qat-qat aşağı başa gəlməsi üçün tapşırıq verilir, sonra
Neft Şirkəti belə şərtlərin onun büdcəsinə zərbə vurduğunu görərək
güzəştli yanacaq təminatını nəzərdə tutan müqaviləni dayandırır və
metanol zavodunun istehsal gücü haqqındakı ilkin astronmik
rəqəmlərdən ibarət sənədləri bir kənara tullayıb, bankla
hesablaşmağın yeni yollarını tapırlar. Necə? Çox sadə.
İnsanların şəxsi həyatlarında qarşılaşdıqları nadir hallardan
biri də budur. Yəni, qonşunuz sizə borcludur. Yox, xoşbəxtlikdən o,
iflasa uğramayıb, əksinə, sizin verdiyiniz pulla orta səviyyədə
çalışan bir obyektə malikdir, üstəlik, sizin paralarınız onun
sürətlə qərbli oliqarxların yaşam aksessuarları ilə zənginləşməsinə
səbəb olub. Gördüyünüz kimi, dövlət pulları şəxsi rançoların,
yaxtaların, vertolyot və xaricdəki villaların ödəmə çeklərindən
keçib. Bəs artıq tələb olunan vəsaiti qaytarmaq lazımdır axı. Bax
onda Bankın - əslində dövlətin pulları təzədən daha 100 milyon
manat miqdarında həmin adama verilir ki, o gedib həm köhnə borcunu
və üzərinə gələn faizini bağlasın, həm də daha bir il əlavə vaxt
qazansın. Beləcə, qaytarmaq öhdəlikləri hər ay təsbit olunan
müştərilər - ödəyəcəkləri son ili indi millətə bəyan etməklə guya
heç bir günahı olmadıqları haqda rəy yaratmağa çalışırlar.
Beləliklə, bildiyimiz borclu brendlər bunlardır: PNN Group – 320
milyon, Kingsway Trade LLP – 318 milyon, Riad-Farm - 200 milyon,
Avesta – 78 milyon, İnter-Qlass – 50 milyon, Şəki-İpək və digər
milyonluq kalaoqlar..
Reallıqda xüsusi imtiyazlı bir təbəqə meydana çıxıb və indi
onların mühakimə olunmasına calışan dövləti şantaj etmək üçün
müxtəlif çeşidli vasitələri-çirkli təbliğatı işə salıblar.
Əvvəla, həbs olunanların adına sadə vətəndaş üçün anlaşılmaz
"oliqarx" terminilə müraciət olunmasını hardasa başa düşmək olar.
Çünki onlar klassik mənada vəzifə tutub birbaşa biznesi idarə
edənlər olmasa da, dolayısı ilə yüksək mövqe tutan hökumət
üzvlərinə yaxındılar. Lakin qədim tarixdən gələn bir məşhur termini
burada xatırlatmaq yerinə düşər. O məfhumun adı indulgensiyadır.
Sadə xalq dilinə çevirsək, vaxtilə katolik kilsəsinə gedib qapalı
hücrələrdə dua edərək günahlarının bağışlandığını düşünən adamların
sonralar protestant Yunanıstanında yeni davamçıları peyda olmuşdu.
Belə ki, kilsə müəyyən məbləğ müqabilində bankirlərə,
siyasətçilərə, hətta elm adamlarına "günahsızlıq qəbzi" təqdim edir
və onlarla beləcə "toxunlmaz kasta" üzvü kimi davranmağa
başlayırdılar.
Son həbslər fonunda guya harayasa müəyyən gizli ödənişləri olan,
mal və məhsullarını aparıb-gətirərkən haqsız tələblərlə qarşılaşan
və yüz milyonluq kreditlərdən kiçik ayırmalarını dövlətlə
sövdələşmə kimi qələmə verərək böyük cinayətlərinin üstünə bundan
pərdə düzəldənlərin geniş bir dəstəsini görürük. Cinayətkarın
müdafiə ideologiyası və "dəmir məntiqi" belədir - əgər örtülü
bazarlıqlar olubsa, onda bizi heç kəs məhkəməyə gətirə bilməz. Axı
onda çoxlu sirləri faş edərik. Mühüm dövlət sifarşlərini nə yolla
qazandığımızı açarıq, tenderlərdəki bağlı surqucları necə
qırdığımızı ortaya qoyarıq və beləliklə, ölkədə hamının bizə borclu
olduğunu sübut edə bilərik. Nə olsun, kredit resursunu ötən ilin
dekabrdan bu yana həm də "manatla avronun kursu bərabərləşməlidir"
anonsundan sonra yerinə yetirməli olduğumuz əsas layihələri buraxıb
dollar almağa yönəltmişik, necə deyərlər, zəhmətsiz gəlir, əməksiz
mənfəət, istehsalısz qazanc əldə etmişik, pulla pul almışıq, lakin
əvəzində dövləti özünə işlətmək hər zaman cəzasız qalmalıdır. Bax
belə, "dövlətsiz, yoxsa dövlət sizsiniz" "günahsızlıq qəbzi" olan
adamlar, deyə soruşulucaq, dindiriləcək bir ortam meydana
çıxıb.
Lakin prezident bu mürəkkəb şahmat partiyasının ağırlıqlarını -
yəni, imtiyazlı kreditorlar dairəsini, onların çevrəsindəki sadə
insanları, dövlətin müdaxiləsi haqqındakı ittihamları və ən əsası,
müxtəlif mənbələrdən ictimai fikrə çıxarılan informasiya axınlarını
uğurla, qətiyyətlə dəf edərək 2005-ci ildəki kimi "günahsızlıq
qəbzi" almış heç bir qrupun olmadığını Azərbaycan cəmiyyətinə
göstərməyə çalışır. "Onların arxasında çoxlu himayəçilər var"
deyənlər məntiqlərinin son hadisələrdə işləmədiyini yaxşı görürlər.
İndi sual olunur: həqiqətənmi varlılar mühakimədən kənar qalmaq
üçün xüsusi vauçerlərə malikdilər? Bəs kasıb kreditorlar nə
etsin?
"Bandotdel" adlı qurum yoxdur
Bu yerdə ayrıca vurğulamağa dəyər: burjuaziyaya nifrət aşılayan
bolşevik nəzəriyyələrini təkrarlamaqdan, varlıları hədəfə
çevirməkdən qətiyyən söhbət gedə bilməz. Çünki hamını kasıb və
bərabər edən quruluşların tarixdə aqibətini yaxşı görmüşük. Dövlət
təminatlı insanlarla güclüdür və hər kəsin mal-mülk varlğını
qorumaq müqəddəs vəzifədir, siyasi sabitliyin əsasıdır. Ancaq
ədalət hamı üçündür!
Ölkədə 2.2 milyon nəfərin kredtt borcu 2 milyarddan yuxarıdır.
Bunun nə qədər hissəsinin Beynəlxalq Banka məxsus olduğunu demək
çətin olsa da, son rəqəmlər müəyyən qədər aydınlıq yaradır. Söhbət
ondan gedir ki, korporativ kreditlər - yəni, hüquqi şəxslərə
verilən vəsaitlər yuxarıdakı rəqəmin 90 faizini təşkil edir. İndi
onun nə qədər hissəsini dəyərsizləşmiş, yəni vaxtı keçmiş saymaq
lazım olduğunu yalnız son həbsləri həyata keçiriən Mütəşəkkil
Cinaykarlıqla Mübarizə Baş İdarəsi bilir.
Yeri gəlmişkən, sonuncu qurumun Daxili İşlər Nazirliyinə tabe
olması ən azı iri əməliyyatlarla keçmişdə böyük fırıldaqlar
törətməyə çalışanların qarşısında duran mühüm bir strukturun - sadə
xalq içərisində "Bandotdel" kimi tanınan təşkilatın hüquqi varisi
olduğunu heç də hər kəs bilmir. 1994-cü ildə Ulu Öndər o zamanlar
ölkədə iqtisadi özbaşınalıqların, dövlət əmlakını ələ keçirənlərin
qarşısını almaq üçün məhz belə bir əsaslı qərar vermişdi. Sonralar
dövlət-vətəndaş münasibətlərinin dəyişməsi fonunda təkcə ad deyil,
həm də ciddi struktur yeniləşməsinə gedən İdarənin hazırkı
dindirmələrə bilavasitə, qanunvericilik üzrə hüquqi səlahiyyəti var
və onu "Bandotdel" adlandıranlar sadəcə yeni müdafiə ideologiyası
uydurublar. Guya müasir demokratlar milli təhlükəsizlik orqanına
"Yejovun idarəsi" deyəndə onu təhqir edirlər. Halbuki, həbs
olunanlara məhkəmə qərarı ilə cəza verildiyi halda, ictimai əmlakın
ələ keçirilməsinə, çirkli pulların yuyulmasına, həmçiinin dövlət
vəsaitlərinin təyinatından kənar istiqamətdə xərclənməsinə nəzarət
eyni zamanda DİN-in müstəsna haqlarından biridir və bunu şantaj
edərək cəmiyyətə fərqli biçimdə çıxaranlar sahibkarlarda vahimə və
xof hissini gücləndirməyə, iri kapitala guya təhlükə olduğunu
qabartmağa, ən əsası, dövləti reyderlikdə ittiham etməklə
cəzasızlığa şərait yaratmağa ümid bəsləyirlər. Yəni, iqtisadi
deyil, polis qanunlarının tətbiq olunduğunu müstəqli biznes
fəaliyyətinə basqı kimi qələmə vermək sən demə böyük maliyyə
xəyanətlərini gizlətməyin və insanların gözündə immunitet
qazanmağın ən yaxşı vasitəsi olub. Bəs onda sual olunur - məbləği
100 min manatı keçməyən yüklər altında olanların girov qoyduqları
evlərini hərraca çıxararkən həmin insaf hissi, yaxud ədalət
duyğuları harada qalmışdı? Belə çıxır ki, hüquqi cəzalar yalnız
kasıblara tətbiq olunmalı, 100 milyonluq kreditlər üstündə yatanlar
isə ayrı qanunlar ölkəsində yaşamalıdılar?!
Halbuki cəmi 78 milyon dollar borcu olduğunu etiraf edən qədim
Avestanı Xəzər adalarında quran Hacı İbrahimin qaytarmadığı pullar
dövlətin ipoteka yolu ilə evlə təmin etmək istədiyi insanların
pulundan - 50 milyon manatdan 1.5 dəfə çoxdur. O vəsait Elmin
İnkişafı və Bilik Fondunun birlikdə büdcəsindən 7 dəfə artıqdır.
Əgər Beynəlxalq Bankın qaytarılmayan borcları 6 milyard manata
bərabardisə, onu Azərbaycanın birillik büdcəsinin üçdə biri saymaq
olar. Onunla hər il orta məktəbi qurtararaq əmək və ev bazarına
daxil 130 min gəncin həyat qayğılarını tamamilə həll etmək olardı.
Yaxud, Silahlı Qüvvələrdə on ildir növbəsini gözləyən hərbi
qullluqçuların mənzil problemi birdəfəlik yoluna qoyulardı.
Astronomik rəqəmlər üzərində ehtimallarınız yəqin çox uzağa
gedəcək. Lakin varlıların mühakiməsinə qarşı çıxan və onu dövlət
reketi adlandıranların mənəvi–siyasi simasını da görmək pis
olmazdı.
Müasir dövrümüzün bolşevikləri
Bundan ötrü, bütün dənizin suyunu içməyə ehtiyac yoxdur. Son iki
ildə, xüsusilə 2013-cü ilin prezident seçkilərində iqtidar əleyhinə
bir bayraq altına toplaşanların ittiham platformasını xatırlatmaq
kifayətdir. Onlar hətta Hitler Almaniyasının vaxtında nasistlərin
kütlələrə verdiyi vədlərdən belə vaz keçməmişdilər. Məsələn, Arif
Hacılı İctimai radio ilə xalqa səslənərkən bütün bölgələrdə açılmış
"nisyə dəftərlərini və borc kitablarını" bağlamağın, əhalinin
kredit öhdəliyi kimi hallandırılan 5 milyard manat vəsaitinin
varlıların əmlakını müsadirə etməklə qaytaracaqlarını deyirdi.
Hətta bundan ötrü Badamdardan başlayaraq, bir çox bahalı yerlərdə
konkret siyahıya almaların aparıldığını da söyləyirdilər və Leninin
qolçomaqlara qarşı hücum planını hakimiyyətə gələn kimi tətbiq
etməyə hazır idilər. Mülkiyyətin yenidən bölüşdürülməsini vəd edən
bu siyasətin təhlükəsini nəinki imkanlı şəxslər, eləcə də sadə
adamlar yaxşı dərk edirdilər. Özəlləşdirməni yenidən keçirmək
iqtisadi təhlükəsizliyin altına qoyulmuş bomba olardı. Özü də
dövrümüzün bənzərsiz "sosial demokratları"nın rəhbəri vaxtilə
hakimiyyətdən qovulmuş adamdan ən adi bəxşeyişlər almaqdan imtinaya
gücü çatmamışdı. Alim və deməli, təmiz əqidə adamı libası altında
gizlənmiş Cəmil Həsənli Fərhad Əliyevin onun övladının təhsil
haqlarına yardımını, maşın xərcini və yaşadığı evin zirsəmisini
aktlaşdırıb ona verməsinin qarşısında duruş gətirə bilməmiş, mənsub
olduğu partiyanı regional liderə dəyişərək yeni "partiyaya"
keçmişdi. Çox sonralar bu ittihamlardan qaçmaq üçün Elçibəyin
"kristal müşaviri" belə deyəcəkdi: hamının qazandığı milyonlara
baxanda bunlar nədir ki? Belə yerdə həqiqi alim adına layiq olan və
təmənnasızlıq etalonu kimi tanıdığımız yüksək ziyalı Çapay
Sultanovun indi artıq həyatda olmayan bir hakim partiya
təmsilçisinə dediyi sözlər yada düşür: "Ona şərait yaratsalar,
bütün ölkəni rüşvət kimi qəbul edər və bunu normal sayar. Çünki o,
mədəni korrupsionerdir - yardımları mənzil şəklində natura olaraq
qəbul edir".
İndi bu adamlar kredit milyonçularına sahib çıxmağa çalışır.
Prinsipsizlik buna deyilir. Vaxtilə hakimiyyəti iş adamlarına
qeyri-bərabər şərait yaratmaqda qınayırdılar, proteksiyaçılığı -
dövlət qəyyumluğunu azad bazara təhlükə sayırdılar, indi özəl
mülkiyyətin hakimiyyət tərəfindən yağmalandığını iddia edib öz
"bloqosfer dünyalarında varlılara yardım" cəbhəsi açıblar. Halbuki
bu ölkədə bütün iş adamlarının müttəfiqi ilk növbədə Prezident
İlham Əliyevdir.
Azərbaycanın hər bir vətəndaşınn təhlükəsizliyi onun
çiyinlərində qərarlaşıb. Mühüm beynəlxalq iqtisadi müqavilələr,
hərbi anlaşmalar, Qarabağ cəbhəsində atılan hər güllənin təminatı
xalqın inandığı bir liderin şəxsiyyətində cəmləşib. Adi vətəndaşa
verilən sosial müavinət də, ünvanlı yardım da, böyük iş adamlarının
100 milyonluq layihələri də vahid bir kursun-respublika rəhbərinin
qəraralrının yekunudur. Yetər ki, kimsə özünü əlahiddə statusda və
daimi əvf duyğusu altında, cəzasılıq naturasında hiss eləməsin.
Lider təkcə varlıları kasıblardan deyil, həm də lümpenproletarları
burjuaziyadan qoruduğuna görə xalqını idarə edə bilir.
Vaxtilə Qərbdə uğurlu dövlət formulunu "canavarlar tox olsun,
quzular da şikayət etməsinlər" kimi görənlər vardı. Amma gərək
canavarlar da quzuları yeməklə bərabər, boğazlarından tutub
boğmağa, yediklərindən artıq tələf etməyə çalışmasınlar!
Dörd əsr əvvəl böyük əsərləri ilə dövrünün mürəkkəb hakimiyyət
səlnamələrinə işıq salan iitalyan alimi Nikolo Makiavelli "dövlət
başçısını sevsələr, yoxsa qorxsalar yaxşıdır" dilemması qarşısında
qalmışdı. Ötən yüzildə bu suala ictimai quruluşundan asılı olaraq
hərə bir cür cavab verib. 54 yaşlı İlham Əliyevsə özünün gənc, həm
də uzun ömürlü və dəqiq hədəfləri ilə seçilən siyasətini həyata
keçirərkən millətinin sevgisinə istinad etdiyindən Ona xalqın
etimad krediti misilsizdir, sonsuzdur!
Ona görə də insanlıq naminə hər birinizə azadlıq arzuladığımız
sevgili milyonçular, siz də hər gün daha yeni olan bir dövlətin
tikilən binasına və Ucalan Bayrağının kölgəsinə bir daş qoya
bilmədiyiniz yerdə, heç olmasa, daşnak da qoymayın!