Şəxsiyyətlərin taleyi arasında müxtəlif paralellər
aparanlar Türkiyədə keçirilən son seçkilərlə ikinci dünya
müharibəsini yaşayan Fransadakı hadisələrin xeyli oxşar cəhətlərini
tapa bilərlər. Gəlin, həmin dövrə birgə qayıdaq.
Bütün Avropanı döyüş meydanına çevirən faşistlərə qarşı
"müqavimət hərəkatı"nda birləşmiş fransız xalqının lideri Şarl de
Qoll 1945-ci ildə müvəqqəti hökumətə başçılıq hüququ qazanandan
sonra o vaxtkı parlamentin ziddiyyətləri içərisində yeganə düzgün
yol saydığı prezident üsul-idarəsini bərqərar etmək üçün gərgin
fəaliyyətə başlayır. Lakin Konstitusiyanın dəyişdirilməsi yolunda
həyata keçirilən tədbirləri kəskin etirazla qarşılayan kommunistlər
və sosial demokratlar səlahiyyətlərini əldən verməmək üçün Qollun
başçılıq etdiyi hərəkata qarşı çıxırlar, generalı siyasi səhnədən
kənarlaşdırmağa nail olurlar. Əlbəttə, məsələ təkcə hitlerizmlə
əlində silah vuruşan şəxsi-hərbi sərkərdəni bir vaxtlar Sezarı linç
edən kabinet senatorları kimi mühakiməyə qalxanların nə qədər haqlı
olub-olmamasında deyil. Axı qədim Romadan fərqli olaraq, de Qollun
qarşısına hakimiyyətin bölgüsü prinsipini qoyanlar cani-dildən
hamını inandırmağa çalışırdılar ki, Fransada tiraniyaya yol
verməməyin yeganə çarəsi ənənəvi idarəçilik formasını qoruyub
saxlamaqdır. Halbuki o zamanlar metropoliya kimi mövcud olan Fransa
Afrika qitəsinin böyük və zəngin ərazilərinə sahib idi və onun
koloniyası altında inildəyən xalqların əsarət durumu mütəfəkkir
Monteskyö nəzəriyyələri ilə heç cür izah oluna bilməzdi.
Lakin tarixi ədaləti bərpa edən məzlum xalqlar hərbi səhnəyə
çıxaraq bir qitənin azadlıq mübarizəsini uğurla başa çatdırdılar və
beləliklə, müstəmləkəçiliyi həyata keçirən 4-cü hökumət süquta
uğradı. Əlcəzairdə məğlub olan Fransanın siyasi həyatına təzədən
qayıdan uzunboylu general dövlətinin başına prezident kimi keçərək,
ondan diktator düzəldənlərin hamısına qorxularının əbəs olduğunu,
vahid liderlə xalqın parlamentar təmsilçiliyi arasında uğurlu bir
balans yaratmaq məharətini ibrətamiz şəkildə sübuta yetirdi.
Beləcə, qolizm tarixin ayrılmaz hissəsinə çevrildi.
Müasir Türkiyənin liderinə - imperator və sultan adlandırılsa da
- demokratik bir ölkəyə rəhbərlik edən güclü siyasi generala eyni
aqibəti yaşamaq qismət olacaqmı?
Əslində, Ərdoğan çoxlarının gözləmədiyi 2002-ci ilin siyasi
mübarizəsini qazananda həbsxana keçmişini adlamaq üçün qısa müddət
sərf elədi, amma o, Türkiyəni uzun onillər boyu geri salan
idarəçilik sistemini dəyişmədən irəli getməyin qeyri-mümkünlüyünü
də yaxşı dərk edirdi. İndi çoxları tərəfindən qınanan təkbaşına
hökuməti qurmaq fəlsəfəsi cəmi 34 faizlik bir səslə parlamentdə
çoxluğu əldə etməkdən irəli gəlmirdi, həm də müasir Türkiyə
rəhbərinin öz ölkəsinin yaxın tarixinə dair çıxardığı dərslərdən
doğurdu. Qərbdə uğurla funksiyalanan "uzlaşma kültürü" burada sabit
hökumətlər qurmağa imkan vermirdi. Ona görə də hərbçilərin 1980-ci
il çevrilişindən sonra Cümhuriyyət ideallarının ən qatı
tərəfdarları belə köklü konstitusion dəyişiliklərin zərurətini
yaxşı dərk edirdilər. Lakin Adnan Menderesi hakimiyyətə gətirmiş
qüvvələrin planlarına bunlar daxil deyildi.
Son 50 ildə Türkiyədəki qeyri-sabitliyin başlıca səbəblərindən
birinə çevrilmiş koalisiya-ortaqlıq modelini 21-ci əsrdə arxada
qoymuş bir ölkənin hazırda yaşadıqları xalqın demokratik
prinsiplərə və Atatarük ideallarına sədaqətindən irəli gəlmir.
Tarixən respublika quruluşu üçün xarakterik olan prezidentlik
institutunun simvolik təsisata çevrilməsindən və həmin postu tutan
şəxslərin fəxri təqaüd yaşını Ağ Sarayda keçirməsindən millətin
hansısa faydalar götürdüyünü demək çətindir. Vaxtilə Süleyman
Dəmirəl də baş nazirlikdən prezidentliyə getməli olmuşdu. Lakin
onun üst-üstə 7 dəfə hökumətə rəhbərliyinin zaman müddəti 10 ili
aşmadı. Burada, "nədən" sualını vermək də tam yersiz görünür. Çünki
cavab hər kəsə bəllidir -Türkiyəyə sırınmış Qərb üsul-idarəsi onun
mental, ərazi və etnik-milli varlığı ilə uzlaşmadığından, tam əks
platformalarda duran qüvvələrdən normal işləyən hökumət
formalaşdımaq mümkün olmurdu.
İndi Ədalət və İnkişaf Partiyası onu ölkə birincisi edən
seçkilərin həll etmədiyi intriqanı öz xeyrinə başa çatdırmalıdır.
Ötən 12 ildə diplomatiya və siyasətin gücünü çoxlarına göstərmiş
islam mötədilləri üçün bu o qədər də çətin olmayacaq. Çünki nə
qədər məğlubiyyətdən və ölümcül yara almaqdan danışılsa da, faktiki
olaraq 258 millət vəkilini inkar edən kənar bir iqtidar qurmaq real
görünmür.
Doğrudur, beyinlərdəki siyasi ehtiraslar hələ sönməyib,
qarşlıqılı seçki ittihamları və şəxsi qırğınlar qalmaqda davam
edir. Amma bir azdan bağlanan qapıları açıb parlamentə, gerçək
idarəetməyə, insanların problemlərini həll etməyə, məsuliyyət
götürməyə və verilmiş vədləri yerinə yetirmək üçün hökumətdə yer
tutmağa can atanda partiya başqanlarının verdiyi ötkəm bəyanatlar
kölgədə qalacaq.
Hakimiyyətin bir əldə cəmləşməsinə qarşı olanların millətçilərə
və kürdlərin partiyası adlandırılan HDP-yə səs verdiyini deyənlər
nə qədər haqlıdılar? Əslində tarixin məhək daşlarını yerindən
oynadanlara edam kürsülərindən, mühacirətdan və maddi-mənəvi
məhrumiyyətlərdən başqa aqibət yazılmayıb. Baxın, çarizmi devirən
bolşevik liderini elə öz qurduğu qırmızı hakimiyyət "arzuolunmaz
şəxs"ə çevrmişdi. Yaxud, millətini istibdaddan qurtuluşa apardığı
üçün Qandilər sülaləsinin boynuna hər zaman zəfər çələngi
taxılmamış, onlara əbədi minnətdarlıq duyğusu göstərilməmişdi. Ona
görə də mühafizəkar türk düşüncəsində və dövlət quruluşunda əsil
inqilab etmiş AKP liderinin son 13 ildə açdığı böyük davalardan
sonra da qazandığı 19 milyonluq səsi təkcə öz ölkəsində deyil,
böyük müsəlman dünyasında bir çoxları üçün az qala imam
səviyyəsində qəbul olunmaqda davam etməsi təkrarsız hadisədir və bu
günəşin siyasi qüruba doğru getdiyini deyənlər hələ çox tələsirlər.
Şərqdə və islam aləmində "fatihə" surəsini təkcə ölülər üçün deyil,
həm də dirilərin yolunda oxuyurlar.
Seçkilərin bir ayrı nəticələri üzərindən Türkiyəni gözləyən
təhlükələri daha yaxşı dəyərləndirmək mümkündür. Əgər
"cümhuriyyətçi"lər qalib gəlsəydilər, bu avtomatik olaraq hazırkı
kursun tamamilə geri döndərilməsi demək olacaqdı. Ən azından son 12
ildə ÜDM 3 dəfə artmış və dünyanın 20 güclü iqtisadiyyatı klubuna
daxil olmuş bir ölkəni Kılıçdaroğlunun fərqli bir platforma ilə
irəliyə aparması mümkün deyildi. Qibtə olunacaq sürətlə inkişaf
edən yol sənayesi, texnoloji yeniləşmə və nəqliyyat sistemində
həyata keçirilən qlobal layihələr ölkə vətəndaşının sosial durumunu
köklü dəyişməklə daxili düşmənləri hərəkətə gətirmişdi, eyni
zamanda, köhnə qitənin maraqları da bundan ziyan çəkməyə bilməzdi.
Almaniyanın hava limanına alternativ olaraq qurulması planlanan
yeni nəqliyyat mərkəzi bütün dünyada daşımaların əsas qovşağına
çevrilmək ideyasıdır və onlarla iddialı layihəyə imza atmış bir
hökumət üçün bunları reallaşdırmaq o qədər də çətin deyil. Üstəlik,
regional hökmranlığı getdikcə artan bir dövlətin Osmanlı dönəminə
qayıdışı barəsində xaricdə tirajlanan fikirlər də Türkiyənin yeni
rolu və siyasi çəkisi ilə hesablaşmaq məcburiyyətinin
göstəricisidir.
Bir vaxtlar Vaşinqtonun layihəsi kimi baxılan AKP iqtidarı uzun
illər ərzində Yaxın Şərq, İran və Rusiya vektorunda tam müstəqil
kursu ilə seçilirdi. NATO-nun müttəfiqi kimi tanınmasına
baxmayaraq, ona Qərbin istənilən hərbi-siyasi planlarının müti
icraçısı kimi yanaşmaq qeyri-mümkündür. Xüsusilə ərəb dünyasında
cərəyan edən son 5 ilin hadisələri və diktatura rejimlərinə son
verilməsi fonunda türk siyasi modelinin Afrika qitəsində yayılma
qorxusu açıq-aşkar duyulur. Rusiya ilə Qərbin savaşında da Türkiyə
tam ayrı bir xətti izlədi. Çünki Avrasiyanın iki nəhəngi arasında
nifaq salmaq istəyənlərin planı Türkiyəni Avropa Birliyinin
qapsında daha 50 il gözlətmək, Moskvanı isə Vizantiyanın paytaxtı
olmaq iddiasından çıxarıb idarə olunan vəziyyətə salmaq olub. Hətta
Suriyada gedən ağır müharibə fonunda belə Putinlə Ərdoğanı üz-üzə
qoyaraq iki iddialı ölkəni hərbi meydanda toqquşdurmaq xəyal olaraq
qaldı.
Mötədil islamçıların gəlib bütün sivil quruluşların və dünyəvi
dövlət ideyasının üzərindən xətt çəkəcəyi qorxusu da tamam yanlış
çıxdı. Kim idi belə versiyaları yayanlar? İlk növbədə, Türkiyənin
hərbi, mllətçi və hizmətçi camesi içərisində yer alan və uzun illər
ənənəvi siyasətdən fayda götürənlər. Məgər nümunə göstərilən Avropa
ölkələrində silahlı qüvvələr dövlətin həyatında böhran yarananda
hakimiyyəti götürmək səlahiyyətlərinə malikdilərmi? Yoxsa, müasir
Almaniyanın, yaxud Britaniyanın həyatında siz hərbçilərin partiya
və hərəkatlara yerini göstərdiyini, inqilabi çevriliş etmək bir
yana qalsın, buna konstitusion hüquqi əsaslarla yol verildiyinə
şahidlik etmisiniz? Halbuki Qərb demokratiyalarında hətta
müharibəni təkcə zabit və əskərlərin öhdəsinə buraxmağın
yolverilməz olduğunu təkrarlamağı çox sevirlər. Elə isə Ərdoğan
generalları həbs etməklə 720 minlik ordunun gücünü harada sarsıdıb?
Axı türk əsgərinin gücü təkcə 5-10 nəfərlik yüksək rütbəli
rəhbərlərində deyil.
Ərdoğanın hizmətçilərlə savaşı isə gerçəkdən də təkcə "bir
gəmidə iki kapitan olmaz" davası deyil. Məgər MHP-çiləri Türkiyənin
təhsil dünyasına nüfuz etmiş, maliyyə və bank sektorunda oturuşmuş,
həmçinin, İstanbulun, Ankaranın dini hücrələrindən deyil,
Amerikanın oval kabinetlərindən idarə olunan camaatı narahat
eləmir? İndi koalisiya üçün şərtlər irəli sürənlərin qarşısına
bunları qoymaq təkcə bir partiyanın yox, bütün Türkiyənin
mənafeyinə xidmət etmək demək olardı.
İslamçıların demokratiya ilə uzlaşa bilməyəciyini deyənlərin son
seçkiləri "demokratiyanın qələbəsi" adlandırması bir ayrı
mənzərədir. Vaxtilə "Nyu York Tayms" qəzeti indi yəhudi
rəhbərlərinin dilinin əzbəri olmuş sözləri dövriyəyə buraxanda AKP
lideri onlara "həddinizi bilin" deyə, kəskin etiraz etmişdi.
"İkinci İran istəmədiklərini" dilə gətirənlərin durub okeanın o
tayından Atatürk idealları uğrunda mübarzəyə qatılması əsil absurd
teatrı adlandırıla bilər. Fətullah Güləni həzrəti İsaya çevirib
ətəyində namaz qılanların Türkiyə içində paralel hökumətin sıradan
çıxarılmasını alqışlaması daha doğru olmazdımı? Əgər Almaniyada
xristian demokratlar dünya üçün qorxulu görünmürsə, AKP-nin
demonlaşdırılmasının da heç bir anlamı yoxdur. Çünki din milləti
inkar etmir, lakin əlinə Quran götürüb meydanlara çıxmaq pisdirsə,
onda Amerika prezidentləri nədən İncillə başlayıb Qüdsdə niyyət
divarına sap düyünləməklə böyük siyasi mübarizələrinə start
verirlər?
Ərdoğanı kənar rəylərlə hesablaşmayan avtoritar idarəçilkdə
ittiham edənlərin hamısı gedib HDP-yə səs veribsə, bu elə kürd
açılımı proqramına dolayısı ilə xidmətə çevrilib. Bir hökumət
sözçüsünün dediyi kimi, dağlardan gəlib demokratiya öyrənmək,
PKK-nı silahlarını buraxmağa çağırmaq indi kürd millətçilərinin,
onların parlamentdəki təmsilçilərinin bir nömrəli işi olacaq. Başqa
yol dağlarda-dərələrdə gedən 35 illik müharibəni davam etdirmək,
külli miqdarda büdcə vəsaitlərini, savaş gedən yararlı ərazilər
üzərində dinc iqtisadi fəaliyyəti və ən başlıcası, türk oğullarını
itirmək demək olardı. Hər halda dövləti zəiflədən və xarici
təxribatın yeminə çevrilən bir milli-etnik savaşı silahla həll
etmək AKP-yə qədərki iqtidarların heç birinə müyəssər olmayıb. Ona
görə də HDP-yə qapıları bağlamaq deyil, onun gerçəkdən də ümumtürk
siyasi qüvvəsinə çevrilməsi üçün üzərinə məsuliyyət götürməsinə
çalışmaq lazımdır. Separatçıların parlamentə dolduğu və
terrorçulara millət vəkilliyinin tanındığı haqda bəlli ittiham
makinalarını bir kənara ataraq anlaşmanın və çözümün yollarını
tapmaq gərəkdir. Xalqa lazım olan məhz budur. Bütün seçkilər boyu
türk bayrağına sarılmış kürdlərin uğur qazanandan sonra meydanlara
Atatürklə yanaşı Öcalanı çıxarmalarına dözümlə yanaşmayanların
hislərini başa düşmək o qədər çətin deyil. Çünki biri milli lider,
digəri hörgüt başçısıdır. Lakin tarix heç zaman birxətli və
birsifətli olmayıb: Rusiya çarları milli əyalətlərə rəhbər təyin
edəndə, bolşeviklər fərqli bir cəmiyyət quranda, Amerika və
koalisiya qüvvələri İraqda, Suriyada müharibə aparanda düşmənlərini
belə öz ssenarilərinə qoşa biliblər. Öcalanı öldürmək onu bir
xaqlın separatçı mübarizəsinin simvoluna çevirmək demək olardı.
Kürdlərin partiyasının üzərinə bütün millətin yükü düşdükcə
onların vəzifələri muxtariyyətdən, mədəni hüquqlar uğrunda davadan
çıxıb da daha böyük hədəflər uğrunda mübarizəyə çevriləcək. Güclü
dövlətlər siyasi təşkilatlardan qorxmurlar. Hər halda Türkiyənin
gələcək hökumətləri içərisində HDP-yə yer tanımayan partiyalar
bəribaşdan parlamenti terrorla savaş meydanı elan etməklə növbəti
qanlı vuruşların anonsunu vermis olurlar. Halbuki milli-etnik
xəritəsi çox zəngin olan Qərb dövlətlərində hökumətdə yer alanların
ari irqin daşıyıcısı olmasına baxmazlar.
Ona görə də konstitusion islahatlar qarşısında olan Türkiyədə
xalqın təkbaşına hakimiyyət vermədiyi heç bir partiyanın qapılarını
başqasının üzünə bağlamağa ixtiyarı yoxdur. Məgər seçkilərə
qatılanlar milli iradəni təmsil edərkən bir firqənin marağına
özlərini tabe etdirəcəklərini söyləmişdilər?
Bir ölkəni hökumətsiz qoymağın məsuliyyəti indi uğur
hekayələrindən bəhs edən liderlərin hamısının çiynindədir.
Yeni Türkiyəni keçmişə qaytarmaq istəyənlərin adları qarşıdakı
günlərdə bəlli olacaq. Hər halda Kılıçdaroğlunun, Baxçalının və
Dəmirdaşın prezident sarayına getməsi özünəinamın ifadəsi olardı,
nəinki təslimçilik aktı imzalamağa yollanan siyasətçilərin işi.
Ərdoğanı Britaniya monarxına çevrimək istəyənlər, yaxud onu
səlahiyyətsiz yapon imperatoruna döndərməyə çalışanların xalqdan
aldığı mesaj "uzlaşın" çağırışıdır. Ona görə "hökmdar" dediyinizin
ayağına getməyə məhkumsunuz!