Ruhumuzu oxşayan bir deyim varmış. Türk şeirinin
ustadlarından olan Nəcib Fazil müsəlman dünyasının yaşadığı dini
idealları və gerçəkləri görərək, həmin təzadı cəmi bir cümləlik
deyimində əbədiləşdirib. Dahiyanə deyilmiş həmin kəlam belədir:
"Namaz məsciddən çıxınca, həcc Məkkədən dönüncə, Oruc Ramazan
bitincə başlar".
Həqiqətən, hər il dünyada ilahiyə tapınan insanların sayının
statistik cazibəsi göz qamaşdırsa da, onun paralelində tüğyan edən
küfr və ədalətsizliyin miqyası artmaqdadır. Bir milyard yeddi yüz
milyon insanın gözünün qarşısında uca yaradanın adı ilə qanlar
tökülürsə, deməli, min aydan uca olan Ramazanda da insanlıq mənən
təmizlənib ən ali səviyyəyə çata bilmir. Üzü qibləyə sitayiş
edənlərlə başı qibləyə çevrilənlərin arasında qalıb müqəddəs
məkanımız. Quranı göylərdən yerə endirmək gerçəkdən də
peyğəmbərlikdir, lakin onu uca saxlamaq və şərin əlindən alıb
xeyirə xidmət elətdirmək də bir nömrəli vəzifədir. Ona görə
evinizin uca yerində qoruyub hifz etdiyiniz Tanrı kitabını Allahın
evinin başına dolananların zəkasına həkk elətdirməkdən başqa
çarəniz yoxdur.
Səmavi kitabların yerə enməsi ilə qafalara gəlməsi arasındakı
məsafə çox böyük imiş. Çünki ən azı 1400 ildir adamlar Allahın şah
əsərlərini oxuyub da özləri ayrı kitablar yazırlar - Yer üzünə
hökmranlığın, əsarət və köləliyin kitablarını! Dünyada bütün çəki
vahidlərini və ölçü meyarlarını kəşf edən bəşəriyyət ərsəyə
gətirdiyi nailiyyətlərlə insanlığı yeni-yeni təhlükələr qarşısında
qoyub. Ona görə kilsələr, sinaqoqlar və məscidlərin mənən
təmizləyib cəmiyyətə çıxardığı insan materialları ədalət etalonuna
çevrilə bilmir. Fransada saxlanan çəki daşları, İsveçrədəki dəqiq
saatlarla zamanın mizan-tərəzisini quranlar üçün kamil insan modeli
hələ də tapılmır ki, tapılmır. Hər il sayı sürətlə artan hacılar,
kərbəlalar, məşhədilər təkcə mübarək bir dini status olmağa deyil,
həm də toplumda inamı və imanı gücləndirməyə xidmət etməlidir. Bax,
əsil göstərici budur.
Birdən fərz etsəniz ki, bütün islam dünyası Qara daşın
ziyarətindən qayıdıb, gərək onda hamı bütün adları və titulları bir
kənara qoyub dünya daşlarından qardaşlıq, birlik və bərabərlik üçün
evlər inşa etsinlər.
Mübarək Ramazan ayının başa çatması münasibətilə yetimi,
kimsəsizi, yoxsulu daha yaxından dərk edən hər kəsi təbrik edərkən
hər birimiz çevrəmizə sülh və əmin-amanlıq arzulayır, millətimizə
hüzur diləyirik.
İndi göylərdə hamının axtardığı kiçik Ay parçası əslində hər
kəsin içində olmalıdır. Orucluğun əbədi fəlsəfəsi bax budur.
İçərisində Ay və işıq olanlar onu kənarda axtarmırlar! Əziz
müsəlmanlar! Sabah sizin orucunuz başa çatır, mənsə oruc olaraq
qalıram! Böyük Nəcib Fazil Qısakürəyin dediyi kimi!