Yuxarı

Ordumuzdakı “5-ci kolon”: başda yüksək çinli şəxs dayanır

Ana səhifə Yazarlar
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Tərtər işi"nin təşkilatçıları aşkarlanmalı və cəzalandırılmalıdır.

Azərbaycan 44 günlük savaşda qazandığı parlaq qələbə ilə dünya hərb tarixinə öz imzasını atdı. Bu savaş Azərbaycan ordusunun həm mənəvi, həm də taktiki və texniki qüdrətini tam şəkildə ortaya çıxartdı.

Ən önəmli olan və qələbədə ən müasir silahlardan da üstün şərt hərbçilərimizin dünyanı heyrətləndirən cəsarəti, ölümün üzərinə qorxmadan getmələri, çox çətin şəraitdə savaşmaq bacarıqları və nəhayət, bənzərsiz Vətən sevgisi idi. Biz qələbəmizin gətirdiyi iftixar hissindən danışan zaman şirin canlarından keçmiş 3 min şəhidimizin müqəddəs ruhları qaşısında baş əyir, qazilərimizə Uca Allahdan tezliklə sağlamlarını arzu edirik və bunu bir ömür boyu etməliyik.

İstər sülh, istərsə də savaş zamanı soyuq səngərlərdə millətimizin və dövlətimizin təhlükəsizliyini qoruyan əsgər və zabitimiz hamımızın qürur yeridir və onların adını, şərəfini göz bəbəyi kimi qorumaq hər kəsin vətəndaşlıq borcudur.

Bəlli olur ki, torpaqlarımızı savaşla geri ala biləcək gücümüzün ilk təsdiqi olan Aprel döyüşlərindən sonra Azərbaycan ordusunda başlayan “Tərtər əməliyyatı”nın əsas niyyəti Silahlı Qüvvələrin onurğa sütununu qırmaq, onun döyüş ruhunu sarsıtmaq və torpaqları güc yolu ilə almaq iqtidarında olduğu həqiqətinə şübhə yaratmaq, ordumuzu kürəyindən vurmaq olub. Bu baxımdan Ali Baş Komandan İlham Əliyevin 2017-ci ildə baş vermiş Tərtər hadisələrinin yenidən araşdırılmasına göstəriş verməsi, Baş Prokurorluğun bu hadisələrlə bağlı istintaq işini yeniləməsi əslində Ordumuzun daha da güclənməsinə hesablanmış bir addımdır. Bu gün artıq bu addımın nəticələri ortaya çıxır. Təbii ki, istintaqın əsas vəzifəsi bu işi araşdırarkən hələ də Ordunun içərisində maskalanmağa müvəffəq olmuş “5-ci kolon” təmsilçilərini üzə çıxarmaqdır. Çünki indiki həssas dönəmdə bu, ölüm-qalım məsələsidir və Ordumuzun qüdrətini zəiflətmək niyyəti güdən çoxsaylı məkrli qüvvələrin mövcudluğu kimsəyə sirr deyil.

2017-ci ildə baş vermiş bu xain əməliyyatın zərəri hələ də orduya dəyməkdədir. Azərbaycan əsgəri, giziri, zabiti və s. bilərəkdən üz-üzə qoyulub. İşgəncələrə bilərəkdən çoxlu sayda hərbçi cəlb olunaraq, onlardan cinayətkar “düzəldilib”. Məqsəd Azərbaycan əsgərini bir-birinə qırdırmaq, düşmən etmək, qarşılıqlı zülm və aşağılamaqdır.

Hansımızın qarşısına gətirib birilərini qoysalar və desələr ki, bu, vətən xainidir, satqındır, səninlə çiyin-çiyinə vuruşmuş əsgərləri qırğına verib, ermənilərə satıb və s. – buna necə reaksiya verərik, həmin şəxsə nə edərik? İndi bir tərəfdəkilər qətlə yetirilib, sındırılıb, şikəst edilib, həbsə atılıb, qarşı tərəfdəkilər isə cinayətkara çevrilib.

Mənim gördüyüm budur ki, hər iki tərəfdə hədət Ordunun peşəkar, döyüşlərdə şücaət göstərmiş kadrları olub. Hər iki tərəf bədbəxt edilir və sıradan çıxarılır. Bütün bu oyunu quranlar, işgəncə, qətl əmrini verənlər ictimaiyyət üçün aşkarlanmalıdır və hər kəs bu xain layihənin, planın başında duran yüksək çinli şəxslərin cəzalanmasını gözləyir. Həqiqət üzə çıxarılmayınca, əsl təşkilatçılar və sifarişçilər ifşa olunub, cəzalandırılmayınca, onların adları cəmiyyətə açıqlanmayınca, “Tərtər işi” Azərbaycan Ordusuna, onun nüfuzuna qarşı məlum dairələr tərəfindən istifadə olunacaqdır. İnanıram ki, 44 günlük savaşda qazandığımız qələbə “Tərtər işi”nin açılmasında əsas açar rolunu oynayacaqdır.

Tarix
2022.02.11 / 21:32
Müəllif
Sabir Rüstəmxanlı
Digər xəbərlər

Yanımızda olan şəxs səhv etdi…

Lənətə gəlsin o demokratiya ki...

Məni “qandırma” cəhdi? Adamın üzünə tüpürərlər…

Üzündə qeyri-adi işıq, əlində iri çanta...

Bu ağrı ilə İstanbul xəstəxanasına gəldim

Mentalitetdən uzaq, tərbiyəsizliklə dolu...

Harınlığın, qudurğanlığın göz deşdiyi məkan…

İran gölməçəsində quruldayanlara Bozqurd cavabı

Türklüyün beşiyi buradır! Turan burdan başladı

Amilinin şiri və dünyanın fikri

KULT
<>
Xəbər xətti
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla