Yuxarı

Üzündə qeyri-adi işıq, əlində iri çanta...

Ana səhifə Yazarlar
12 Punto 14 Punto 16 Punto 18 Punto

Özü görünənlərlə sözü görünənlər, özü yaşayanlarla sözü yaşayanlar, özünü sözünə qurban verənlər haqqında fikirləşəndə ilk yadıma düşənlərdən biri çağdaş ədəbiyyatımızın və ictimai fikrimizin görkəmli nümayəndəsi Əlisa Nicat oldu.

Əlisa Nicat cavan yaşlarından üzündə qeyri-adi bir işıq, təbəssüm, əlində iri bir çanta Bakı küçələrində dolaşanda bizim aramızda deyildi, ya uzaq türk tarixində, ya qədim dünya fəlsəfəsində, ya xalqların taleyini yönəldən sirlərin labirintində, ya Xətai sehrində, ya da Vazeh taleyinin ağrısındaydı. Bir əyalət ziyalısı anlayışıyla qətiyyən uyuşmayan bir genişlikdə qanad çalır, xırda maraqlara, ehtiraslara uymadan minillərin havasına köklənmiş böyük fikir və fəlsəfə meyarlarıyla düşünür və yaşayırdı… Hər dəfə görüşəndə Lənkəranda necə topladığı indi də mənə qaranlıq olan nadir kitablardan misallar çəkər, bəzi yazıların surətini çıxarıb verər, dünyanın böyük elm və yaradıcılıq örnəklərindən söz açar, tarix fəlsəfəsi mövzusunda ən maraqlı müsahibə çevrilər, öz bilgi və bəlgələrini həvəslə bölüşərdi.

Bu baxımdan o cavan yaşlarından yetkinləşib; öz dünyası var, bu dünyadan kənarda, xırda adamlar arasında darıxar, gündəlik işlərini görüb qurtaran kimi tələsik öz aləminə qayıdardı. Çox-çox sonralar bəlli oldu ki, ev qayğısı, məişət sıxıntıları içində onu şax saxlayan elə bu imiş. Çünki Əlisa Nicatın daimi dostları və qonaqları vardır. Bunlar sonralar sanballı kitablarda oxucularımıza təqdim etdiyi dünya filosofları, dünyanın və Azərbaycanın dahi insanlarıdır. Mirzə Şəfi Vazeh, Şah İsmayıl Xətai haqqında gözəl tarixi romanları yaza-yaza həm də Yer üzünün ən böyük fikir sahiblərinin həyat və yaradıcılığını öyrənib, araşdırıb dilimizdə ensiklopedik nəşrlər hazırlamaq son dərəcə çətin, böyük qüvvə tələb edən bir işdir.

Əlisa Nicat zərif ruhlu bir şairdir. Yaradıcılığa lirik şerlərlə başlayıb. Bu lirik üsluba bu günə qədər sadiqdir. Lakin illər keçdikcə bu lirikaya böyük fəlsəfi ümumiləşdirmə qabiliyyəti, esse hikməti, ictimai təhlil gücü və kəsəri qarışıb.

Nə qədər sakit, təmkinli görünsə də, iddiasız başıaşağı gəzib dolansa da, onun gözündən cəmiyyətin heç bir dərdi, qüsuru, haqsızlığı yayınmır. Bu cəhətdən Əlisa Nicatın povestləri yaradıcılığında və ictimai-siyasi fikrimizdə xüsusi bir hadisədir və onun fəal vətəndaş mövqeyinin, böyük yurdsevərlik duyğusunun, daim haqqın, ədalətin yanında dayanan, xalqın taleyini düşünən ziyalı prinsipiallığının nümunəsidir.

Əlisa Nicat çörəyini halallıqla qazanan, zəhmətindən başqa heç nəyə və heç kimə güvənməyən, arı kimi çalışqan, ən yüksək mənəvi dəyərlərə sahib parlaq bir şəxsiyyətdir.

Özünün də, sözünün də onu yetişdirən dağların insanları kimi uzun ömürlü olacağına inanır və yoluna aydınlıq, ürəyinə təpər arzulayıram.

2012-ci il.

Tarix
2022.12.09 / 00:42
Müəllif
Sabir Rüstəmxanlı
Digər xəbərlər

Yanımızda olan şəxs səhv etdi…

Lənətə gəlsin o demokratiya ki...

Məni “qandırma” cəhdi? Adamın üzünə tüpürərlər…

Bu ağrı ilə İstanbul xəstəxanasına gəldim

Mentalitetdən uzaq, tərbiyəsizliklə dolu...

Harınlığın, qudurğanlığın göz deşdiyi məkan…

İran gölməçəsində quruldayanlara Bozqurd cavabı

Ordumuzdakı “5-ci kolon”: başda yüksək çinli şəxs dayanır

Türklüyün beşiyi buradır! Turan burdan başladı

Amilinin şiri və dünyanın fikri

KULT
<>
Xəbər xətti
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla