Dilin gələcəyi - Millətin
gələcəyidir
Dil də canlı orqanizmdir və onu qorumaq, böyütmək,
zənginləşdirmək, kənar təzyiqlərə və xəstəliklərə qarşı
müqavimətini gücləndirmək, çağın tələblərinə uyğun yeniləşdirmək
lazımdır. Bizdə bu işlərlə məşğul olan konkret bir qurum vardırmı?
Dil siyasətimiz necə qurulub və o, həyata keçirilirmi?
Bu, çox ciddi və üzərində ardıcıl düşünülməli məsələdir.
Yaşadığımız şəhəri necə qoruyur, abadlaşdırır, bu günün
ehtiyaclarına uyğunlaşdırır, nəqliyyat və kommunikasiya
şəbəkələrini yeniləşdirir, köhnə binaları söküb təzələrini ucaldır,
işıqlandırır və təbliğ ediriksə, dil də, təxminən, eyni yanaşmanı
istəyir. Sözlərin ömrü evlərin ömründən qat-qat uzun olsa da...
Mən öz fikirdaşlarımı da başıma toplayaraq, Azərbaycan Dil
Qurumu adlı toplumsal birliyi, onun saytını bu işlərdə yardımçı
olmaq üçün yaratmışam. Təəssüf ki, bizdə toplumun rəyini dinləyən
azdır və yazılanlar, deyilənlər heç bir yerə çatmır. Buna
baxmayaraq, biz işimizi davam etdiririk. Dil Qurumunun
toplantılarında ana dilinə sayğısızlıq, dövlət dili ilə bağlı
tələblərin bir çox hallarda, özəlliklə reklamlarda pozulması, yazı
və danışıq dilimizin sorunları, terminologiya məsələləri, mətbuatın
və dərsliklərin dili və s. kimi çox önəmli məsələləri dəfələrlə
müzakirə etmiş, televiziyalarımızla birgə verilişlər hazırlamışıq.
Sözsüz ki, bu müzakirələrin hamısı eyni xoşgörüylə qarşılanmır:
məsələn, biz bəzi ölkələrdə dil polisinin olduğunu xatırladanda
bizim polisimizdən cana doymuş vətəndaşlarımız əsəbiləşdilər ki,
amandır, bu sözü dilinizə almayın, polis, nəzarətçi, vergiyığan,
"milli təhlükəsizliyi qoruyan", sənəd tələb edən, cibində
doğru-yalan vəsiqə gəzdirən, burnunu, yeri gəldi-gəlmədi,
vətəndaşın hər işinə soxan ələbaxanlar sürüsü az idi, birini də siz
təklif edirsiniz: bircə dilimiz qalmışdı məmur özbaşınalığından
boğaza yığılmasın, onu da təhlükəyə atmaq istəyirsiniz. Onda mən
başqa ölkələrdən də misal gətirdim: polis olmasın, "dil gömrüyü"
olsun, dedim. Çünki dili kənar basqılardan qorumaq üçün bəzi
ölkələrdə bu üsuldan da istifadə edirlər. Ad önəmli deyil, əsas
dilin qorunması və kənardan dilimizə maneəsiz şəkildə axan sözlərə
bir süzgəc qoyulmasıdır. İndiki halda bununla məşğul olan
varmı?
Ana dilinin qorunması və gəlişməsi üçün hüquq bazası var.
2002-ci ilin 30 sentyabrında "Azərbaycan Respublikasının Dövlət
dili haqqında" qanun, 2013-cü il aprel ayının 9-da isə Respublika
Prezidentinin sərəncamıyla "Azərbaycan dilinin qloballaşma
şəraitində zamanın tələblərinə uyğun istifadəsi və ölkədə
dilçiliyin inkişafına dair Dövlət Proqramı" qəbul edilmişdir. Bu
sənədlərin çox böyük tarixi əhəmiyyəti var. Dövlət Proqramında
nəzərdə tutulan işlər görülsə, tapşırıqlar həyata keçirilsə, o
işləri görməli olan təşkilatların uyğun səlahiyyətləri və
yetənəkləri olsa, bizim heç bir qayğımız qalmaz.
Bu proqramın ikinci hissəsi, yəni dilçiliyin inkişafı, ali
məktəblərin dilçilik kafedralarını nəzərə almasaq, daha çox
AMEA-nın Nəsimi adına Dilçilik İnstitutuna aiddir və bu məqsədlə 2
milyon pul ayrılmasına sevinmişdim. Humanitar institutlarımızın
belə proqramlara və yardıma ehtiyacları böyükdür. Ancaq Proqramın
birinci hissəsinin, yəni zamanın tələblərinə uyğun istifadəsinin,
Dilçilik İnstitutuna, demək olar ki, heç bir aidiyyəti yoxdur,
çünki AMEA-nın humanitar institutları daha çox akademik
araşdırmalarla məşğuldur və deyək ki, dilin qorunması və ya
istifadəsi kimi məsələlərə müdaxilə etmək imkanları çox
məhduddur...
Bu iş həyatımızın bütün sahələri ilə bağlıdır və daha praktiki
yanaşma tələb edir. Buna görə də ayrılan vəsaitin Proqramın yerinə
yetirilməsinə ciddi təsir göstərməyəcəyi qabaqcadan bəlli idi. Kaş
yanılmış olaydım, ancaq sonra guya proqrama uyğun, deyək ki,
dialektoloji atlasların çapı kimi məsələlər ortaya qoyulanda
heyrətə gəldim, yəni alim dostlarımız bilmirlərmi bu atlaslar
onların plan işləridir və ana dilinin bu gün bütün cəmiyyəti
narahat edən problemlərinin həllinə heç bir aidiyyəti yoxdur?!
Buna görə də sonralar Dilçilik İnstitutuna ayrılan pulun necə
xərclənməsinin yoxlanıldığını eşidəndə təəccüblənmədim. Ola bilsin
ki, o vəsait qəpiyinə qədər düz xərclənib və yəqin ki, belədir,
lakin onu da bilirəm ki, bu xərclənmənin canlı dilimizin inkişafına
və işlənməsi məsələsinə aidiyyəti çox azdır.
Dilimizin akademik araşdırmaları çox mühüm işdir və davam
etdirilməli, dialektoloji xəritələr də nəşr edilməlidir, ancaq bizi
narahat edən həyatımızda dilimizin yeri, ona yanaşma, anadilli
məktəblərimizin və dərsliklərimizin səviyyəsi, qanunlarımızın və
rəsmi yazışmaların dili, termin yaradıcılığı, rusdilli məktəblərdə
ana dilimizin tədrisinə münasibət, ictimai yerlərdə, reklam işində,
mətbuatda, radio və televiziyalarda ana dilinin durumu, nitq
mədəniyyətimizin səviyyəsi kimi məsələlərdir. Bir az da uzada
biləcəyim bu məsələlərin həllində Akademiyanın Dilçilik İnstitutu
nə edə bilər? Ona qulaq asan olarmı? Əsas məsələ budur! Bu barədə
çox yazılıb, yenə yazılacaq.
Bizim Dil Qurumu könüllülərin, dilini sevənlərin və onu qorumaq
üçün təmənnasız, maaş, yəni öz dilimizdə desək, donluq almadan
çalışanların birliyidir, konkret layihələr üzrə işləyir. Məncə,
Dövlət Proqramının həyata keçirilməsini istəyiriksə, Akademik
institutlarla yanaşı, bu cür qurumlara da yardım etmək və onların
işinə, təkliflərinə daha ciddi yanaşmaq lazımdır.
2006-cı ildən bu yöndə çalışan Dil Qurumunun yuxarıda
sadaladığım geniş fəaliyyəti xalq arasında diqqətin bu böyük milli
məsələyə yönəldilməsinə nə qədər böyük təsir göstərsə, bu sahənin
bilim adamlarının tez-tez bir araya yığışmasına şərait yaratsa da,
təəssüf ki, bəzi dairələrin dilimizə münasibətindəki biganəlik
buzunu əritməyə gücümüz çatmamışdır. O cümlədən, Bakının reklam
bazarı dilimizə və qanunlarımıza sayğısızlıq meydanı olaraq qalır.
Buna baxmayaraq, işimiz davam edir və dediklərimin quru söz
olmadığını görmək istəyənlər Azərbaycan Dil Qurumu saytına
girsinlər və mütəxəssislərdən burdakı lüğətlərin sayta
yerləşdirilməsinin nə qədər vaxt apardığını və necə çətin bir iş
olduğunu öyrənsinlər...
Ana dilimizin qayğısı çoxdur. Onlardan biri dilin saflığının
qorunması, milli təməl üzərində gəlişməsi, yeni anlayış və sözlərlə
zənginləşməsidir. Bu, əslində, bütün dillərin taleyini həll edən,
ölüm-dirim məsələsidir. Ana dilinin dünyayla əlaqəsi kəsilsə, ora
axan suların qarşısı alınsa, o, qapalı bir nohura dönər, iylənər,
həşəratla dolar və içilməz hala düşər. Dil də coşqun dağ çayları
kimi daim çağlamalı, yenilənməlidir, ona axarı boyu yeni arxlar,
irmaqlar, bulaqlar qoşulmalıdır. Ancaq bu qoşulmalar Qaradağ
tərəflərdə Araza qatılandan sonra onu bulandıran, yaxud Ermənistan
mis mədənlərinin zəhərini gətirən çaylar kimi olmamalıdır. Kənar
qatqılar çayın öz suyundan artıq olsa, onun tərkibini dəyişər.
Klassik ədəbi dilimiz təxminən bu gündəydi: o qədər ərəb-fars
sözləri dolmuşdu ki, fikrin aparıcı qüvvəsi kimi cümlələri dartıb
aparan feillərimizin gücü çatmırdı: nəfəsi kəsilirdi. Həmin dövrdə
aşağı-yuxarı bölgənin bütün türk ədəbi dilləri eyni durumdaydı:
ədəbi dil xalq dilindən uzaq düşmüşdü, yalnız təhsil almış adamlar,
ziyalılar bir-birlərinin "yazı dilini" anlayırdılar və buna görə
də, deyək ki, Bakıda çıxan "Füyuzat"ı türk dünyasının hər tərəfində
oxuyurdular. Lakin bu, uzun müddət davam edə bilməzdi, çünki
millətin yalnız bir zümrəsinə aid olan dilin gələcəyi yoxdur.
Buna görə də ötən əsrdə Türkiyədə rəsmən, bizdə isə elan
olunmadan, Molla Nəsrəddin ədəbi məktəbinin sayəsində bir dil
devrimi oldu: Anadolu türkcəsi "türkcələşdirildi", bizdə isə böyük
ölçüdə təmizlənmə getdi və ədəbi dil hamının anladığı bir şəklə
düşdü. Bunun yaxşı, ya pis olmasını müzakirəyə çıxarmaq gülüncdür.
Böyük Atatürk türk dilinin gələcəyini xilas etdi. Düzdür, yeni
sözlərin bəzisi yaşaya, işlək dilə girə bilmədi, amma böyük
çoxunluğu yaşadı və türk dilinə bugünkü gözəl səslənməni, enerjini
verdi, dilin damarlarında təmiz türk qanı dolaşmağa başladı.
Hərəkət dayanmayıb, çürük, köhnəlmiş sözlər düşür, yeniləri
yaranır, yabançı sözlərin yerinə düşünülən sözlər qısa müddətdə min
ilin sözləri ilə eyni canlılığı qazanır və ya arxaikləşmiş sayılan
qədim sözlər yeni nəfəs qazanır. Bu iş bütün mədəni xalqların
dilində gedir: bitməz prosesdir və ara vermədən
sürdürülməlidir.
Öz dilini yabançı dillərin basqısından qorumaq, dilin lüğət
tərkibini zənginləşdirmək xalqın bitməz qayğılarından biridir. Bir
xalq min il öncədən başlayıb bu işi, biri yüz il öncədən - fərqi
yoxdur, həyat davam etdikcə, dil yaşadıqca onun sağlamlığının
qayğısı çəkilməlidir.
Azərbaycan ədəbi dili mükəmməl qrammatikası olan, xalqın
anladığı və zəngin bir dildir. Lakin zaman dəyişilir, ölkələr kimi
dillərin də sərhədləri açılır, kürəsəlləşmə deyilən sahiblənmə
siyasəti dillərin də çoxunu kənar kəlmələrin axınıyla, dil işğalı
təhlükəsiylə üz-üzə qoyur: dillərin də yarışı və ya gizli bir
savaşı gedir. Bu savaşda dilin əsas gücü onun lüğət tərkibinin
zənginliyi, ifadə gözəlliyi və imkanları ilə yanaşı, həm də milli
qaynaqlar hesabına daim yenilənmək qabiliyyəti ilə ölçülür.
Dilimizin təmizliyini qorumasaq, dünyanın hər tərəfindən üstümüzə
gələn yabançı kəlmələr onu tanınmaz hala salar, xalqdan qoparar.
Amma yabançı kəlmələr öz-özünə gəlmir, boş yer tapanda gəlir.
Dildəki istilah vakuumları zamanında, uğurlu kəlmələrlə doldurulsa,
yad kəlmələrə yer qalmaz.
Bu yenilənmə prosesi təbii şəkildə, dili zorlamadan və tədricən
aparılmalıdır.
Ədəbi dil üçün yeni söz donorlarından və ya dağarcıqlarından
biri ana dilinin özüdür: folklor, klassik ədəbiyyatımız, dialektlər
və bugünkü Azərbaycan Respublikası ərazisindən kənarda qalmış
tarixi coğrafiyamızın və soydaşlarımızın hələ ədəbi dil axarına tam
qoşulmamış danışıq dili... (Yəni Güney Azərbaycan, Quzey İraq və
Quzey Suriya, Doğu Anadolu, Borçalı və Dərbənd ləhcələri...) Bu
geniş coğrafiyada yaşayan azər türklərinin danışığında minlərlə
işlək söz var ki, ədəbi dilimizə qoşulmalıdır. Bu baxımdan oralarda
yetişən yazıçıların, qələm sahiblərinin əsərləri mühüm rol oynaya
bilər.
İkinci mənbə qardaş türk dilləridir. Avrasiya genişliyinin
sakinləri olan türklərin dilindəki kəlmələrin ümumi sayı bir
milyondan çoxdur. Ancaq türk dilinin ayrı-ayrı qollarında, məsələn,
özbəkcədə, azər türkcəsində lüğət tərkibi yüz mindən, yüz iyirmi
mindən artıq deyil. Bir milyonluq ortaq türk xəzinəsindən
yararlanmaq imkanları genişdir. Örnəyi: azsaylı Altay türklərinin
dillərində onlarla tərtəmiz türk sözü var ki, biz onların yerinə
ərəb, fars kəlmələri işlədirik. Ərəblərlə, farslarla üzləşənə qədər
altaylıların, yaxud tuvalıların, yakutların, Mərkəzi Asiya
türklərinin, uyğurların, tatarların dilində qalan o sözləri biz də
işlətmişik, sonra bir çox dəyərlərimiz kimi, dilimizdəki öz doğma
kəlmələrimizi də "bəyənməmişik", yad sözlərə "aldanmışıq".
Təəssüf ki, dilimizdə ərəb, fars, rus, Avropa təsiri bu gün də
sürməkdədir, buna heç bir dirəniş yoxdur, halbuki ümumtürk
xəzinəsinə göz yetirsək, yad kəlmələrin çoxuna gərək qalmaz. Ancaq
nədənsə qardaş türk xalqlarının dilindən alınan sözlər çox vaxt
narazılıqla qarşılanır. Bu, anlaya bilmədiyim bir şeydir. Biz
istədik-istəmədik, əlaqələrin genişlənməsi ilə, oxunan kitablar,
baxılan televiziyalar xətti ilə yeni nəslin dilinə Türkiyə
türkcəsindən o qədər də çox olmayan, amma gözəl sözlər gəlir - həm
də daha çox vaxtilə ərəbcədən və farscadan alınmış kəlmələrin
yerinə. Di gəl, dəfələrlə, həm də özünü oxumuş, aydın sayan
adamların dilindən eşitdiyim sözlərdir: "bunlar dilimizi türk
sözləri ilə zibilləyirlər".
Dilimizin türk sözləri ilə zibillənməsi nə deməkdir? Dil öz
doğma sözləri ilə zibillənərmi? Bunu hansı ağılla demək olar?
Adını çəkmək istəmədiyim bir rəsmi qurum yaxşı niyyətlə mətbuat
dilinin yoxlamasını aparmışdı. Bu iş "elmi işçilər"ə tapşırılmış,
yoxlamanın nəticələrini bir bülleten kimi çap etmişdilər. Maraqlı
iradlar tutulmuşdu, ancaq məni heyrətləndirən bu adamların təmiz
türk kəlmələrinə dözümsüzlüyü idi. Önəmli, çağdaş, sorun, baxım,
bilgisayar, yasaq, uçaq, oturum, bağımsız, özəl, özəlləşmə, gəlişmə
və s. kimi sözlər dilimizə təbii şəkildə gəlir. Bəziləri hələ
lüğətlərimizə düşməsə də, doğma sözlərdir və yaşayacaqlar. Bu
sözlərin əhəmiyyət, müasir, problem, nöqteyi-nəzər, kompüter,
xüsusi, privitasiya, inkişaf kimi kəlmələri əvəz etməsini dil
qaydalarının pozulması saymaq olmaz. Niyə monitorinq, plaza, stor,
mol, petrol, hotel, market, kollokvium, penitensiar... kimi sözlər
dilimizə maneəsiz girir, amma türk dilindən gələn ana südü kimi
halal sözlər bəzilərini qıcıqlandırır?
Əlbəttə, mən bunun səbəblərini bilirəm, ancaq bu məsələyə
ictimaiyyətin diqqətini yönəltmək istəyirəm...
Azərbaycan dili tarixən türk dili adlanıb, indi türk dili
deməsək də, o, mahiyyətini dəyişməyib, yenə də eyni dildir, türk
dili və ya türk dili adlanan nəhəng ağacın şah budağıdır. Siyasi
şərait eyni millət olan Türkiyə türkləri ilə bizim ədəbi dilimizdə
müəyyən fərqlər yaratsa da, bu, bizim bir-birimizi anlamağımıza
mane olmur. Dili nə qədər çox anlayan varsa, o qədər böyükdür.
Türkiyə bizim qardaşımız və dünyada ən etibarlı dayağımızdır. Zaman
Türkiyə və Azərbaycanı bir-birinə yaxınlaşdırır və dil fərqləri də
getdikcə aradan qalxacaq. Bu qaçılmazdır. Buna sevinməkdənsə, bəzi
dil "uzmanları" və işin mahiyyətini anlamayan adamlar,
azərbaycançılığı türkçülükdən tam qopmuş düşünənlər və ya qoparmaq
istəyənlər inadla Azərbaycan türkcəsinin "ayrı dil olduğunu"
nümayiş etdirməyə və yaxınlaşmağa aparan yollarda süni əngəllər
yaratmağa çalışırlar. Birgə konfranslarda öz "müstəqilliyimizi"
nümayiş etdirmək üçün, ehtiyac oldu-olmadı, hökmən hansı
kəlmələrisə dəyişirik. Məsələn, Türkiyə tərəfinin yazdığı toplum
yerinə - cəmiyyət, cümhurbaşkanı yerinə - prezident, bakan yerinə -
nazir, yayın evi yerinə - nəşriyyat, ilişgi yerinə - əlaqə, sayın
yerinə - hörmətli... Guya birinci sözləri başa düşmürük və onları
hökmən azərbaycancaya "tərcümə etmək", təmiz ana sözlərimizi
yabançı dillərdən alınma sözlərlə əvəz etməliyik... Görəsən, bu
sözlər Türkiyədə işlənən kimi qalsa, nə baş verər? Bəlkə başqa
yolla getməli, həmin ifadələri tədricən biz də Türkiyədə olduğu
kimi yazmalıyıq. Doğma və anladığımız sözləri qəbul etmədiyimiz
halda, niyə, deyək ki, alman kansleri, ərəb şeyxi, fransız
senatoru, İsrail knesseti, Rusiya duması, Amerika konqresi
sözlərini öz dilimizə tərcümə etmirik? O dəqiqə cavab verəcəklər:
"Yox, olmaz, biz azərbaycanlıyıq və azərbaycanlı olmağımızın da
əlaməti türk kökündən mümkün qədər çox fərqlənməyimizdə,
uzaqlaşmaqdadır!"
Bu qədər məntiqsiz və ağılsız bir düşüncə, iş ola bilməz!
Əlifbamızın eyniləşməsi, dilimizin yaxınlaşması, bir-birimizi daha
yaxşı anlamaq, kitablarımızın həm orada , həm burada oxunması...
Bu, kimə mane olur və millətimizi bu boyda imkandan niyə məhrum
edirik?
Dilin zənginləşməsinin başqa bir yolu yeni terminlərdir. Dilə
yeni terminlər, yəni anlayışlar gəlir və gəlməlidir. Bu işə çeşidli
yanaşma var. Bir çox xalqlar texnoloji yeniliklərin gətirdiyi
sözləri tərəddüdsüz öz dilinə çevirir, daha doğrusu, ona uyğun yeni
söz tapır və ya yaradırlar. Başqaları kənar əşyalarla birgə onların
adlarını da olduğu kimi qəbul edirlər. Biz ikincilərdənik. Bu,
tənbəl millətlərin yoludur. Nəzərə almırlar ki, bu gedişatla dil
yenidən orta əsrlər dövrünə dönə və lüğət fondunun çox hissəsi
əcnəbi sözlər ola bilər.
"Xolodelnik"ə soyuducu deyirik, nəyi pisdir? Onda niyə yüzlərlə
başqa sözün qarşılığını axtarmayaq? Bu işi asanlaşdırmaq üçün
bağımsız türk dövlətlərinin ortaq terminologiya komitəsi
yaradılmalıdır ki, bundan sonra türk dillərinə gələn əcnəbi
kəlmələrin qarşılığı tapılarkən ümumtürk söz fondundan istifadə
edilsin və yeni istilahları bütün türk dövlət və toplumları qəbul
etsinlər. Dövlət başçıları ortaq ünsiyyət dili istəklərində
səmimidirlərsə, bunun bir yolu da ortaq istilahlar və bu yolla hər
il dillərimizə xeyli şərikli kəlmələr gətirməkdir. Bu yolla bəlli
zaman içində türk dilləri daha da yaxınlaşacaq, ünsiyyət imkanları
genişlənəcəkdir...
Azərbaycan bədii dilindən fərqli olaraq ədəbi dilimizin rəsmi,
yəni dəftərxana və protokol qolunda yabançı sözlər daha çoxdur və
bu sahədə heç bir nəzarət, tənzimləmə yoxdur. Bu baxımdan
qanunlarımızın dili daha çox narahatlıq doğurur. Çünki qanunların
yayılma dairəsi genişdir, həyatımızın bütün qatlarını əhatə edir,
rəsmiləşir və cəmiyyət o kəlmələrdən istifadə məcburiyyətində
qalır. Buna görə də vaxtilə Milli Məclisdə qanunların dilinə
nəzarət komissiyasının yaradılması ideyasını irəli sürmüşdüm. Ancaq
bu fikri hər dəfə səsləndirəndə etinasızlıqla qarşılandığımı görüb,
mən də yorulub susmağa məcbur oldum. Qanun yaradıcılığı mexanizmi
bəllidir: tərcümə, montaj, yerli şəraitə uyğunlaşdırma... Yəni daha
çox çevirmə işidir. Bu işlə məşğul olanlar arasında peşəkarlarla
yanaşı, ana dilini pis bilənlər də var. Buna görə də, məsələn, neft
anlaşmalarında "sıroy neft" "xam neft" əvəzinə "çiy neft" kimi
çevrilir. Bircə bu misal əlindəki sənədin ciddiyyətinə inamı
azaldır.
İşin daha qəbuledilməz tərəfi tərcüməçilərin köhnə lüğətlərdən
kənara çıxa bilməmələri, xarici sözlərin qarşılığını arxaikləşmiş
və canlı dildə az işlənən ərəb və fars kəlmələri arasında
axtarmalarıdır. Qanun tərcüməçiliyinin yanlışlıqları qanunların
adlarından başlanır.
Demək olar ki, bütün qanunlarımızda rus dilindən tərcümə
nəticəsində ortaya çıxmış bir "haqqında" sözü işlədilir: Məsələn,
"Təhsil haqqında" qanun, "Yol haqqında" qanun, "Meşə təsərrüfatı
haqqında" qanun... Bu ifadə tərzlərinin heç biri dilimizin
ənənələrindən gəlmir. Əslində, Təhsil qanunu, Yol qanunu, Meşə
təsərrüfatı qanunu... yazılmalıdır. Yaxud, idarə, müəssisə
adlarında yenə rus dilindən tərcümənin, kalkanın "izləri" aydın
görülür. Məsələn, Azərbaycan Respublikasının Diasporla iş üzrə
Dövlət Komitəsi Azərbaycan Respublikasının Dövlət Diaspor Komitəsi
adlandırılmalıdır.
Azərbaycan Respublikasının Korrupsiyaya qarşı mübarizə üzrə
komissiyası, Milli Qvardiya Komandanının maddi-texniki təchizat
üzrə müavini kimi adlarda da rus dilindən mexaniki tərcümənin
nəticəsi olan "üzrə" kəlmələri artıqdır.
Təəssüf ki, həm müəssisə adlarında, həm də rəsmi yazışmalarda
dilimizin qanunauyğunluqlarından doğmayan çoxlu belə sözlər
var.
Yaradıcı yanaşmanın olmadığına görə həm arxaikləşmiş ərəb, fars
sözləri, həm də Avropa sözləri öncə qanunlarımıza, sonra da işlək
dilə çox asanca daxil olur. Bu baxımdan, iki qanunun dilini gözdən
keçirmək yetərlidir. Təhsil qanunu dilimizə - adyunktura,
akkreditasiya, dislant təhsil, informal təhsil, innovasiya, kampus,
nostrifikasiya, rezidentura, eksternat təhsil, kurikulum, təhsil
françayzinqi, tyotor..,
Qiymətli Kağızlar bazarı qanunu isə - anderaytinq, benefisiar,
emitent, listinq, institusional investor, marketmeyker, nettinq,
repo müqaviləsi kimi sözləri zorla pərçimləyib.
Son illərdə qanunlarımız vasitəsi ilə dilimizə keçmiş yüzlərlə
belə söz var. Əslində, bu sözlərin çoxunun ana dilində hamının başa
düşəcəyi, dilə yatımlı qarşılığını tapmaq olar. "Dislant təhsil"
əvəzinə - uzaqdan və ya məsafədən təhsil, "informal təhsil" yerinə
- özeyitim və ya özünütəhsil, "kampus" əvəzinə - tələbə şəhərciyi,
hind quşlarının qurultsuna bənzəyən "kurikulum" yerinə - təhsil
proqramı, "eksternet təhsil" yerinə "vaxtından əvvəl təhsil" desək,
dünya dağılardı?
Təbii ki, mənim atüstü dediklərimdən daha uğurlu variantlar
tapmaq olar. "İnvestisiya", "unifikasiya", "identifikasiya",
"regional", "kollokvium", "miqrasiya", "kvorium", "resurs",
"ombudsman", "prosedur", "monitor", "klerinq", "market", "kvota",
"koalisiya","aksiya","arqument", "bakalavr", "vakansiya",
"vakuum","vizual", "deqradasiya","diskussiya", "instruksiya",
"kontrast", "fraza" və s. kimi dilimizə nəzarətsizlikdən və dəb
xatirinə gətirilən onlarla sözün ana dilində qarşılığı var və ya
yaradıla bilərdi. Bu şəkildə qapıları açıb bütün sözləri içəri
buraxsaq, dilimizin taleyi necə olacaq?
Adətən gəlmə sözləri savunanlar "bunlar beynəlxalq sözlərdir,
dünya belə işlədir, bizdə belə işlədək" deyirlər. Dünyada
"beynəlxalq söz" deyilən bir anlayış yoxdur. Əşya və ya fikir,
ideya harada yaranırsa, ilkin olaraq hansı dildə adlandırılırsa,
oradan yayılmağa başlayır və çox vaxt özü ilə bərabər adını da
aparır. Ancaq dilinin saflığını qorumaq istəyən xalqlar bu
kəlmələrin ana dilində qarşılığını tapıb işlədirlər. Yeni kəlmələr
qulağa yad gəlsə də, zaman keçdikcə alışqanlığa çevrilir və dildə
öz rahat yerini tapır. Amma yuxarıda göstərilən sözlər həmişə ögey
olaraq qalır, yazılışda və deyilişdə çətinliklər yaradır.
Bir sıra ərəb və fars kəlmələri var ki, onların da qarşılığının
bulunması dili artıq və yabançı yükdən xilas edər. Son illərdə bu
işə maraq artıb, hətta istedadlı şairlərimizdən biri belə bir
sözlük də hazırlamışdı. Təəssüf ki, o sözlükdəki yüzlərlə dəyərli
variant nəzərə alınmadı və ictimai müzakirəsi keçirilmədi. Mənə
qalsa, tərəddüd etmədən onlarla realist, müstəmləkə, müştərək,
mütərcim, münasibət, vətənpərvərlik, beynəlmiləlçilik, istiqamət,
inkişaf, beynəlxalq, xarici, daxili, mütəmadi, nazir, region,
vilayət, rayon, müvafiq, müvəffəqiyyət, müqavilə, konstitusiya,
məhkəmə, prokurorluq, icra hakimiyyəti və s. sözü lüğət
tərkibimizdən çıxarıb, yerinə qarşılığını hər hansı yaxşı oxuyan
orta məktəb şagirdinin də bildiyi tər-təmiz sözlərimizi işlədərdim.
Dilin bu şəkildə özləşmək gücü varsa, ondan niyə
yararlanmamalıyıq?
Bakıda reklamların, müəssisə adlarının, soyadlarımızın milləti
və ana dilini saymazlıq səviyyəsində olduğundan çox danışmışıq,
yenə danışmalıyıq.
Bu yazını bitirəndə ölkə dışındaydım, çapına tələsməmişdim.
Sonra AMEA-dakı dəyərli çıxışında ölkə prezidentinin ana dili
barədə söylədiklərini dinləyəndə sevindim. Heç kim Dövlət
Proqramının qəbulu ilə dil məsələlərinin biryolluq çözülüb
bitəcəyini düşünməməlidir. Ana dilinə qayğı hər bir vətəndaşın
işidir, bu, hər evdən, təzə dil açan hər bir körpə ilə ünsiyyətdən,
dil ordusunda hər sözün əsgər kimi qorunmasından, gəlmə kəlmələri
dildən uzaqlaşdırmaqdan başlanır.