Karen Mirzoyanın Amerika səfəri zamanı hansı dildə
danışdığının sizin üçün bir fərqi varıydımı? Əslində olmamalıdır.
Çünki Krıma sanksiya tətbiq edənlərin Rusiyaya görə ingiliscə,
Azərbaycanı cəzalandırmaq istəyənlərinsə ermənicə danışması bizim
üçün daha əhəmiyyətlidir.
Uolrikin Ararat konyakının təsiri altında "Sarı gəlin"i qədim
Hayastan mahnısı kimi ifa etməsindən danışmayıb, ABŞ-ın
skripkaçıları olan sözçülərinə diqqət kəsilməyiniz də bir ayrı
mənəviyyat qabarmasıdır.
"Dağlıq Qarabağ" nazirinin müstəqil dövlətin təmsilçisi kimi
okeanın o tayına hansı pasportla getməsini Federal sərhəd
xidmətindən soruşan heç bir virtual və real qəhrəmanımız olmayıb.
Hər halda, iki gündür Qənirə Ataşovanın üstünə süngü ilə gedənlərin
Azərbaycan sərhədindən və səngərindən qopub Kirbiyə köklənməsi
Mirzoyanın səfərinin ən uğurlu nəticəsi sayılmalıdır. Artıq
çoxlarına müharibənin tankı-topu və itkiləri deyil, qanlı
savaşların teatral quruluşu, sənətkarlıq keyfiyyəti və incəsənət
növü əhəmiyyətlidir. Sən demə, düşmənin doğurduğu təhlükə yox, onun
vurduğu zərbələrin estetik mahiyyəti önəmliymiş.
Adamlar, siz Depatamentə ingiliscə bir məktub yazıb bakolarla,
nairalarla amerikalı diplomatların eyni ağızla danışmalarını və
yemələrini qınamamısızsa, onda nə haqla başqasını ittiham
edirsiz?
Karenə vizanı siz vermiş oldunuz. Qəzəbiniz o qədər artıb ki,
torpaqları tutduğuna və işğala beynəlxalq təqdimatlar keçirdiyinə
görə düşmənə heç bir nifrət hissiniz qalmayıb. Məğlubiyyətlə
barışmaq buna deyərlər.
Güclü ermənini qoyub uduzmuş həmvətəninizə qarşı köklənmək daha
asandır. Siz soydaşınızın səhvini düzəltməklə məşğul deyilsiniz,
əksinə, müharibədəki gücsüzlüyümüzə görə öz millətimizə yüklənməklə
əlinizə keçən hər fürsətdən, yaxud qandaşınızdan və qardaşınızdan
intiqam almağa hazırsınız.
Yəqin, bir gün Qarabağın müstəqilliyini tanıyacaq dövlətin
günahını da Qənirənin üstünə yıxmaq üçün Ağ Evdən ələdüşməz bəhanə
tapmısınız. Kirbilərin anlamadığı sualın arxasında dayanan işğalı
qoyub hamınız ingilisin dilində danışırsız.
Bir vaxtlar eynən rus dilindən kəsilənlər də ictimai
repressiyanın hədəfinə tuş gəlirdilər. Lakin 70 il sonra millətin
azadlığı uğrunda canını fəda edənlər birdillilər oldu. Ona görə də
Vətənin bir parçasının öz əlimizdə olmadığına görə bizə daha çox
tənə edildiyindən danışmalıyıq, nəinki kiminsə linqvistik
"xəta"sından!
Son günlər Azərbaycana sanksiya tətbiq edən Konqres üzvlərinə
İrəvandan gedən ianələrdən və raportlardan danışanları Qənirə
xanımı linç etməyə hazırlaşanlarla tutuşduranda Kris Smitə
Azərbaycandan daha çox kömək edildiyinə əmin oluram. Ölkədən
şikayətçi düşənlər indi əsəb içərisində hakimiyyətin əleyhinə olan
hər kəsə - o hətta erməni də olsa, yardım etməyə hazırdırlar, təki
bu iqtidardan xilas olsunlar. Bolşeviklər də beləcə Nikolayı
devirmək naminə Rusiyanın Avropadan olan bütün düşmənlərinə
sığınmışdılar.
Bir gün Qarabağı de-yure tanıyacaq dövlət qarşınıza çıxanda indi
bütün növ qılınclarınızı sınadığınız bir xanım jurnalisti
xatırlamağa başlayacaqsınız. Bax onda mərdliyi və cəsarəti ilə
hərbi-siyasi-informasiya meydanında seçilən Qənirə ən sərrast
ATƏŞ-lərini sizə deyil, düşmənə vuracaq. Bəli, sizin arzuladığınız
ingilisin dilində!