Ana səhifə Yazarlar |
İldə iki dəfə Türkiyədən incikliyim olur: 30 avqust Zəfər bayramı və 29 oktyabr Cümhuriyyət günündə. Heç vaxt Türkiyənin Bakıdakı səfirliyindən bu bayramlara dəvət almamışam.
Törəndən paylaşılan şəkillərə baxandan sonra isə sakitləşmişəm. Görmüşəm ki, Zəfər bayramını qutlamağa gələnlərin çoxu elə Fransanın, Amerikanın, Rusiyanın səfirliklərindəki tədbirlərdə də ön cərgədə dayanıb, şəkil çəkdirənlərdir. Onda da yersiz incidiyimə görə özümdən inciyirəm.
Türkiyənin bu iki gözəl bayram günündə iki kəlməlik təbrik paylaşımlarım çox uzun vaxt aparır, uzun-uzadı Atatürkün rəsmlərini özənlə seçərəm, ən gözəl rəsmini axtararam, təkrar-təkrar baxaram, istəyirəm bu günü daha dolğun ifadə edim. Çünki bu iki gün mənə görə məhz Atatürkün əsəridir, onun Zəfəridir, onun Cümhuriyyətidir.
Bu gün Türkiyənin timsalında, bütün Türk Dünyasının zəfər günüdür, Atatürkün əsgəri olanların, ola bilənlərin, onun yoluna sadiq qalanların günüdür, onların Zəfəridir. Ona görə də sadəcə Zəfəri qutlayanların yanında yox, Zəfərin mahiyyətinə uyğun yaşayanların yanında olanda rahatlıq tapıram.
Atatürklə bağlı bir paylaşım həmişə xoşuma gəlib: "Çarəsiz qaldığında Atatürk kimi düşün”.
Bu düşüncə mənə ruh verir, cəsarətləndirir, yenilməz edir. Çünki doqquz cəbhədə savaşan və çarəsiz qalan türk milləti yüz il əvvəl Mustafa Kamal kimi düşündü, çıxış yolu olmadığı düşünülsə belə, Qurtuluşunu, Zəfərini qazandı. Çarəsiz qalan, heç bir çıxış yolu olmayan, təpədən-dırnağa silahlanmış, zirehlənmiş düşmənin qabağında əliyalın qalan türk əsgərinə “Mən sizə ölməyi əmr edirəm!” deməklə, əslində bir yolun daha olduğunu göstərdi Qazi Paşa! Türk milləti Musfata Kamalın bu əmri ilə Qurtuluşunu qazandı.
Türk əsgərini fərqləndirən, yenilməz edən məhz budur, bu ruhdur, inancdır. Yolunda ölə biləcəyi komutanı və Vətəni varsa, türk əsgəri üçün gerisi təfərrüatdır.
Zəfər günün mübarək! Zəfərin əbədi olsun, TÜRK!
Tarix
2023.08.30 / 16:15
|
Müəllif
İlqar İlkin
|