Postmüharibə dövrünün sindromu və məğlubiyyət
kompleksimizdən irəli gələn qəddarlıq özünü hər addımda nümayiş
etdirir.
Virtual məkanda həkim Rəşad Mahmudovun qiyabi mühakiməsini
görəndə tarixdə çarmıxa çəkilənlərin bəraət üçün zamanı qalmadığını
və son sözlərini demədən edam kötüyünə itələndiklərini indi daha
yaxşı təsəvvür etmək olur. Bir körpənin anadangəlmə ürək qüsurunu
aradan qaldırmaq üçün onun valideynlərinin apardığı mübarizə
övladına görə özünü oda-közə atan biz şərqlilərə görə normal
səhnələrdir. Hər halda, on minlərlə insanımız bədənlərinin bir
üzvünü qurban vermək hesabına da olsa, hər cür fədakarlığa əl
atırlar ki, varisləri yaşasın, həyatda qalsın. O biri yandan
əməliyyatın xərclərini ödəmək imkanları olmadığından Heydər Əliyev
Fondunun da hər zamankı kimi ehtiyaclı bir ailəyə əl uzadaraq
xeyirxahlığını növbəti dəfə ortaya qoyması, Neftçilər
Xəstəxanasının hesabına gərəkən vəsaiti köçürməsi ayrıca yüksək
ehtirama layiq humanizm hadisəsidir. Bundan sonra baş verənlərə
görə hər kəsin tibb dünyasının peşəkar biliciləri kimi hökm
çıxarmaları son dərəcə yanlışdır və səbəbləri Rəşad həkimə deyil,
məcburi tibbi sığorta işini qura bilməyən səhiyyə sistemimizə və
toplumun hazırkı daxili halına bağlıdır.
Neftçilər Xəstəxanasının müayinə və müalicə üçün əvvəlcədən
ödənişləri xüsusi hesaba qoyulması qaydasını kəskin tənqid edə
bilərsiniz. Lakin hər bir həkimi ağ əskiyə büküb atmağa ixtiyarımız
yoxdur. Onsuz da "ağ xalatlı əzrayıl"lar deyib ittiham etdiyimiz on
minlərlə həkim sizlərin-bizlərin evindən çıxıb Tibb Universitetinin
pullu pilləkənləri ilə addımlayıb hər birimizin həyatı ilə bağlı
mühüm şəxslər kimi müxtəlif xəstəxanalara təyinat alırlar. Keçmişdə
ixtisas bölgülərində yaşanan biabırçılıqlara hər halda ermənilər
səbəb olmamışdı. Bakının ortasında aldığımız təhsilin son
akkordlarını hamımız bir neçə min dollarla başa vurmağa çalışaraq,
Hippokratı belə müalicə etməyə hazır olduğumuzu sübut edən
diplomlarla böyük həyata - insanları sallaqxana məxluquna çevirən
binalara yola salırdıq. Dövlət bütün bunları nəzərə alıb
internatura adlı korrupsiya tələsini rezidenturayla əvəzlədi və ora
qəbul prosesi şəffaflığı, dürsütlüyü ilə cəmiyyətdə özünə inam
qazanan TQDK-nın sərəncamına verildi. İndi müxtəlif bölgələrdə və
paytaxtımızda ölkə başçısı tərəfindən açılan diaqnostik mərkəzlərə
və yeni xəstəxanalara gələnlərin sırasında hələ nə 2007-ci ildən
sonra xaricə göndərilənlər qoşulub, nə də yeni qaydada seçilənlər
əsas məqama yiyələniblər.
Lakin Rəşad həkim kimi istedadlı və yüksək dəyərləri özündə
daşıyan çox az həkimimizin üzərinə hər yerdən hücumları görəndə
adam mütəəssir olur. Dostlar, onsuz da İrana və Türkiyəyə üz tutan
yüz minlərlə insanımızı ürək əməliyyatına görə ölkəmizdə qarşılayan
bir neçə bilikli mütəxəssimiz var, siz onları da çirkaba batıranda
bilirsimizmi ən çox kim udacaq? Yox, Təbrizdə on min manatı ödəyib
də sonra reanimasiya masasında can verən, lakin cəsədini geri
qaytarmaq üçün 3 min manatlıq borcunu dumanlı, həsrətli, həsədli
qardaşlarımızın deyil, bizlərin ödədiyi ölkənin, yaxud milyonları
xərclədiyimiz Memorial Klinikasının adını çəkməyəcəm. Bir vaxtlar
tikanlı məftillərlə ayrıldığımız Təbrizin milyonlarla oğlu-qızı
bizim əvəzimizdən müalicə pulu ödəyəsi deyildilər və belə ədəbi
qəhrəmanlıqlar həyatda çox az hallarda təkrarlanır. Onsuz da
insanlar ağrıyanda canlarını götürüb bir ünvana qaçmalıdılar. Lakin
Rəşad həkimi çamura batıranda və onu da görəvindən düşürəndə
peşəkarların yerini dünənə qədər sizi yanlış kəsib-doğrayan
qəssablar tutacaq.
Ölkəni tərk edən alimləri və kütləvi beyin axınlarını belə
davranışla durdura bilməyəcəyinizi bir daha düşünün. Füzuli
rayonundan olan iki köçkün uşaq üçün müxtəlif illərdə şəxsən özümün
müraciətim zamanı indi sizin linç edərək ən ağır suçlandırmalara
məruz qoydugunuz və sağlamlığımızın keşiyində duranlardan olan
qisasınızı almağa çalışdığınız şəxsi sizin kimi ekrandan tanımışdım
və həyatda cəmi bir dəfə qarşılaşmışdıq. Yüksək alicənablıq və
təmənnasızlıqla qəbul olunan o yurdsuz-yuvasızların balalarına
göstərilən münaisbətin sonunda nə yaxşı ki, bütün müayinələr
əməliyyata müsbət göstərişlər vermişdi və uğurlu cərrahiyyənin
nəticəsində indi o uşaqlar sağlam ömür sürürlər. "Cinayətkar və
qansız adam" deyə damğalayıb ən sərt qərar çııxardığınız zaman
bunları unutmayın. Minlərlə insan üçün fədakarlıq göstərən şəxsi
kəsib atarkən düşünün - siz bunu yaxşı ürəkləmi edirsiz?
Bir daha o balaca körpənin halına yanaraq bizim iradəmizdən
kənar olan hallar üçün dua etməliykən hər kəsin yerindən qalxıb
bütün həkimlərin və millət vəkillərinin ünvanına yağdırdığı
təhqirləri, qarğışları görəndə adam düşünür ki, görəsən, İsa
Məsihin dalınca gedən indiki etiqadlılar vaxtilə Məryəmin övladına
dayaq dursaydılar, peyğəmbərin həyatının sonu necə tamamlanardı və
sonralar xaça çevrilən dünyəvi əzabdan ötüşmək mümkün idimi?
Halbuki Rəşad həkim adi bir bəndədir və o, bütün rislləri söylədiyi
istənilən pasient üçün ölüm müjdəçisi deyil, şəfa yetirən bir
missiya sahibi olmağı hamıdan daha çox istəyərdi. Halbuki hər
addımda idellaşdırılan Qərb klinikalarında ən ağır diaqnozu adamın
gözünün içərisinə söyləməyi peşə borcları hesab edirlər. Hər halda,
bir daha şəxslərdən şikayətçi olmamaq üçün "tibbi sığorta" aktının
icrasını yerindən tərpətmək bir-birini didməkdən daha faydalı
olardı.
Adamlar, o körpə üçün Allahdan yardım istəyərkən, əllərimizdəki
aqressiya və qəzəb bıçağını gəlin yerə qoyaq. Axı böyük imamımız
Əli əleyhissəlam da yıxıb boynunu vurmağa hazırlaşdığı düşmənini
onun bir hərəkəti qarışılığında yerindən qaldırmışdı ki, nifrət
qalib gəlməsin!
Fiziki natamamlıqlarla doğulmaq günah və eyib deyil, ən pisi
mənən "ürək qüsurlu"su olmaqdır!