Ən böyük arzusu Şuşanı azad edib, ən hündür qalasına
Azərbaycan bayrağını sancmaq olan şəhid qəhrəman!
Onu hərbiyə üz tutduğu zamandan tanıyırdım. Həmişə deyərdi ki,
ən böyük arzum Şuşanı işğaldan azad edib ən hündür yüksəkliyinə
bayrağımızı asmaqdır. "O bayrağı Şuşaya mən asmaq istəyirəm!"
demişdi. Hərb sənətinin dərinliklərini öyrənmək üçün yorulmadan
oxuyur, öyrənir, çalışırdı. Qısa zamanda qeyrət göstərb, öz
üzərində çalışaraq, hərb sahəsində peşəkar kimi tanınmağa
başlamışdı. Haqqında danışdığım şəhid gizir Cəfərov Mirsalam
Təvəkkül oğludur. O, Tovuzun Ermənistana çox yaxın kəndlərindən
sayılan Bayramlıda doğulmuşdu.
Hərbiçi olub ön cəbhədə xidmət etməyi məktəb yaşlarından
qarşısına məqsəd qoymuşdu. Məktəbdəki şəhidlər lövhəsinə diqqətlə
baxdığını görən müəlliminin "Mirsalam, bala, nə fikrə getmisən?"
sualına "Müəllim, şəhidlərimizin qanını almalıyıq. Mən onların
qanını almaq üçün yaşayacam, döyüşəcəm!" - cavabını verəndə o, hələ
azyaşlı uşaq idi.
Sonra hərb sənətinn sirlərini öyrənməyə yollandı, arzusunun
ardınca. Arzusundan isə nəinki heç vaxt vaz keçmədi, əksinə, bu
arzu onun ən böyük xəyalına və amalına çevrildi. Mirsalam tələbəlik
illərində yazırdı ki, hər kəsin içində ən böyük saydığı bir arzusu
olur. Mənim də ən böyük arzum torpaqlarımızı işğaldan azad
etməkdir. Bunun üçün yaşayacam və bu yolda şəhid olsam, özümü ən
xoşbəxt insanı hesab edərəm. Ailəsinə də hər zaman "Mənimlə qürur
duyacaqsınız!" - deyirmiş.
Ömrünün 4 ilini - 1992-96-cı illərdə döyüş bölgələrində keçirən
atası Təvəkkül kişiyə "Mən sizdən daha yaxşı döyüşəcəm,
torpaqlarımızı işğaldan azad edib, geri alacağıq" deyərmiş. Sonuncu
dəfə martin 21-i danışıb ailəsiylə.
"Qismət olsa, aprelin 7-də ad günümə gələcəm, görüşərik" deyib.
Amma özü gələ bilməsə də, onun şəhidlik, qəhrəmanlıq məqamına
çatması xəbəri gəldi. Şəhid Mirsalam elinə-obasına doğum günündən
düz 4 gün sonra gəldi. Bütün el-oba qarşıladı şəhidini o gün.
Xəbəri eşidən hər kəs "Halal olsun sənə, övlad!" dedilər. Onu son
mənzilə yola salmağa gələnlərin sayı-hesabi yox idi. Sanki dəfn
mərasimində insan dənizi yaranmışdı. əvvəllər onu heç vaxt
tanımayan, indi isə şəhidini yola salmağa gələn nə qədər
ziyarətçisi vardı Mirsalamın.
"Oğlumu torpaqlarımızı işğaldan azad etmək üçün Vətənə xidmətə
vermişdim, çünki Vətəndən dəyərli heç bir şeyimiz yoxdur. Vətən
qarşısında özünün və ailəsinin başını uca etdyi üçün oğlumla qürur
duyur, fəxr edirəm. Təki Vətən sağ olsun. Oğlum indi təkcə mənim
yox, bütün Azərbaycan xalqının, millətin övladıdır. O özü də belə
ömür arzulayırdı" deyir mərd, mətanətli ata.
Mirsalamın igidliklərindən ağızdolusu, fəxrlə danışdı döyüş
yoldaşları. Böyük qəhrəmanlıqlar göstərib, düşmənə necə layiqli
cavab verib Mirsalam. Müasir dövrün qəhrəmanlarıdır onlar.
Vətəni necə sevmək nümunəsi, örnəyidir onlar. Qəhrəman bir oğul
olmaqla yanaşı, həm də gözəl insan idi Mirsalam. Şuşa işğaldan azad
olunanda ruhun şad olacaq, bilirəm. Allah nəsib edərsə, arzusunda
olduğun Şuşadan, Çıdır düzündən, İsa Bulağından, lap elə Topxana
meşəsindən torpaq gətirib tökəcəm məzarının üstünə. Bir də sənin
adından bir bayraq sancacam Şuşa qalasına, Gəlin Qayasına, Cıdır
düzünə...
Səni heç bir zaman unutmayacağaıq, qəhrəman qardaşımız. Nur
içində yat, şəhid Mirsalam!