Yuxarı

Güneydə əfsanəyə çevrilən ad

Ana səhifə Yazarlar
12 Punto 14 Punto 16 Punto 18 Punto

O, hünəri, qəhrəmanlığı, cəsarəti ilə kişilərdən geri qalmayan, öz dövrünün aslanürəkli qadını idi. Çox gənc ikən qəhrəmanlığı dillərə düşmüş, 1850-ci ildə Zəncandakı xalq hərəkatına rəhbərlik etmişdi. Əsil adı qaynaqlarda Hökumə, bəzən də Zeynəb kimi yazılan bu cəsur qadını dövrünün adamları Rüstəmə kimi tanıyırdılar. Onun doğum və vəfat tarixləri haqqında da dəqiq bilgi yoxdur. Tarixdə qalan isə el-obasının dinc yaşaması üçün gördüyü işlər, göstərdiyi hünərdir.

Rüstəmə kişi paltarı geyinər, qılınc qurşayar, silahdan məharətlə istifadə edərdi. Atdığı güllələrin biri də boşa çıxmazdı. Onun adı Güney Azərbaycan türklərinin mübarizə tarixinin önəmli bir hadisəsi olan Babilər hərəkatı ilə bağlı xatırlanır. Bu həmin vaxtlar idi ki, şah üsul-idarəsi və yerli feodalların Azərbaycanda zülmü ərşə dayanmış, sosial zülm, dövlət məmurlarının yerlərdəki özbaşınalığı xalqı təngə gətirmişdi. Əhalinin narazılığı günbəgün artırdı. Vəliəhdin iqamətgahının Güney Azərbaycanda yerləşməsi vilayətin ölkə miqyasında önəmli mövqeyini göstərməklə yanaşı, başda vəliəhd olmaqla, vilyətin müxtəlif inzibati orqanlarına təyin olunmuş şahzadələrin yerli əhalini daha qəddarcasına incitməsi ilə nəticələnmişdi.

Azərbaycan valisi və ətrafındakı məmurların özbaşına artırdığı vergilər xalqı yoxsulluq və fəlakətə sürükləyirdi. Belə acınacaqlı bir sosial mənzərənin olduğu XIX yüzilin birinci yarısında yerli xanların və hakim xanədanın Azərbaycandakı zülm siyasəti əhalinin narazılığını artıraraq kütləvi çıxışlara və üsyanlara səbəb olmuşdu. “Azərbaycan tarixi” kitabında, eləcə də digər elmi qaynaqlarda göstərildiyi kimi, XIX yüzilin 30-cu illərinin sonu, 40-ci illərinin başlanğıcında belə həyəcanlı çıxışlar Təbrizdə dərhal yatırılsa da, bir neçə dəfə təkrarlandı. 1847-ci ildə Zəncanda sənətkarlar, xırda tacir və şəhər yoxsullarının hakimə qarşı çıxıb onu şəhərdən qovması, 1848-ci ildə Təbrizdə şəhər yoxsulları və sənətkarların çıxışları zülmə uğrayan xalqın etirazlarını əks etdirirdi.

1850-ci ildə Zəncanda üsyana qalxan babilər də mövcud siyasi zülmlə barışmaq istəməyənlər idi. Həmin vaxt Zəncanda babilərin sayı 15 min nəfərə çatırdı. Üsyana Zəncan babilərinin başçısı Molla Məhəmməd Əli, tacir Hacı Abdulla, çörəkçi Hacı Abdulla, dəmirçi Kazım, Din Məhəmməd və Məşədi Süleyman rəhbərlik edirdi. Bundan başqa, yaxınlıqdakı kəndlərin əhalisi də onlara qoşulmuşdu. Şəhər qalasını tutan babilər Zəncanın yarıdan çox hissəsini ələ keçirmişdi. Vuruşlarda ailə üzvləri də iştirak edən babilərin sıraları əsasən kəndli və sənətkarlardan ibarət olsa da, çoxlu tacir və xırda ruhanilər də üsyana qatılmışdı. Ətraf kəndlərin əhalisi üsyançıları gizli şəkildə ərzaqla təmin edir, onlardan köməklərini əsirgəmirdi.

Şahın üsyanı yatırmağa göndərilən qoşun dəstələri iyunun əvvəlində Zəncanı mühasirəyə alsa da, ciddi müqavimətə rast gəlib geri çəkilmişdi. Dekabr ayında 30 minlik şah qoşunu və feodal dəstələri Zəncanı yenidən mühasirəyə alıb hər tərəfdən hücuma keçəndə isə üsyançıların çoxu həlak oldu, onun başçısı Məhəmmədəli ağır yaralanıb üç gündən sonra vəfat etdi. Babilərdən sağ qalan cəmi 100 nəfər beş gün vuruşandan sonra şəhəri tərk etməyə imkan vermək şərtilə mübarizəni dayandırmağa razı olduqlarını bildirdi. Bu təklifi qəbul edən, sağ qalmış döyüşçülərin şəhərdən salamat çıxmasına şərait yaradılacağına dair Qurana and içmiş şah ordu başçıları silahı yerə qoyan üsyançıların hamısını öldürdü.

1850-ci il dekabrın sonunda Zəncan üsyanı qəddarlıqla yatırılsa da, önəmli tarixi rol oynadı.

1848-1852-ci illərdə bütün İranda Babilər hərəkatı məğlub edilsə də, ölkədə, o cümlədən, Güney Azərbaycanda babilərin tərəfdar sayı günbəgün artdı, şah hökumətinin babilərə qarşı ümumxalq rəğbətinin qarşısını almağa gücü yetmədi. Bu üsyan gələcəyin inqilabçılarını yetişdirdi.

Bu üsyan kişilərlə yanaşı qadınların da iştirak etdiyi, yeri gələndə üsyançıların paltarlarını yuyan, xörəklərini bişirən, yeri gələndə də qəhrəmanca döyüşən qadınların hünər salnaməsi yazdığı bir tarixi hərəkat idi. Üsyana böyük qatqısı olan qadınlardan biri də 18-20 yaşlı Rüstəmə olmuşdu. 1848-1852-ci illərdə Şərqdə ən böyük xalq hərəkatına çevrilən, İran taxt-tacını, səltənətini lərzəyə salan babilər üsyanının bu qadın iştirakçısı böyük qəhrəmanlıqlar göstərərək ad-san qazanmışdı. Tarix elmləri doktoru, professor Zülfəli İbrahimov bu qəhrəman qız haqqında yazırdı: “...Son dərəcə şücaətli olduğuna görə insanlar bu qıza ”Şahnamə” poemasının qəhrəmanı Rüstəmin (bəzi qaynaqlarda “Rüstəm Əli”) adına uyğun olaraq “Rüstəmə” adı vermişdi. Xalq ona “Rüstəmə” deyirdi”.

Daim kişi geyimində gəzib dolanan Rüstəmənin at minməyi, qılınc oynatmağı, güllə atmağı, digər döyüş bacarıqları dillərdə dastan olmuşdu. Babilər hərəkatında Rüstəmə ilə yanaşı, döyüşlərdə iştirak edən minlərlə qadın ərlərinə, oğullarına kömək etmiş, şücaətlə vuruşmuş, doqquz ay şah qoşununa müqavimət göstərmişdi. Rüstəmə həmin üsyanda öz igidliyi ilə seçilən, döyüşçü şöhrəti hər tərəfə yayılan öncül qadın döyüşçülərdən idi.

Zəncan üsyanının rəhbəri Məhəmməd Əli özünün ən yaxın silahdaşı hesab etdiyi bu qəhrəman qızı məhz hünərinə görə üsyançılar dəstəsinə başçı təyin etmiş, böyük bir istehkamın müdafiəsini ona tapşırmışdı. Şah qoşunları dəfələrlə hücum edib Rüstəmənin müdafiə etdiyi istehkamı tutmağa cəhd göstərsə də, buna nail ola bilməmişdi. Rüstəmənin dəstəsi yalnız öz mövqelərini müdafiə etməklə qalmayıb, dəfələrlə istehkamdan irəli çıxaraq ildırım sürəti ilə qoşunun üzərinə hücum etmiş, onlara ardıcıl sarsıdıcı zərbələr vurmuşdu.

Olduqca cəsarətli, döyüşdə qorxmaz bir qadın kimi hünər göstərən Rüstəmə dəfələrlə qılınc davasında düşməni yenmişdi. Çağdaşları qəhrəman Rüstəməni Fransanın igid qızı Janna Darkla da müqayisə etmişlər. Çox təəssüf ki, bu mərd qadın namərdəcəsinə, yatdığı yerdə bir casus tərəfindən öldürülmüşdür. (Bəzi qaynaqlarda isə bu cəsur qadının döyüşdə həlak olduğu qeyd edilir). Xalqın azadlıq fədaisi olan Rüstəmənin həyat və fəaliyyəti uzun müddət elmi düşüncədən qıraqda qalmışdır. Onun həyatının və ümumilikdə babilər hərəkatının ciddi elmi tədqiqinə ehtiyac var. Unutmaq olmaz ki, babilər hərəkatı Güney Azərbaycan türklərinin özünəməxsus mübarizlik tarixidir.

Bu gün Güney Azərbaycanın istiqlaliyyəti, demokratik azadlığı və bütövlüyü uğrunda mübarizə aparan bütün qadın fədailər Rüstəmənin layiqli varisləri hesab oluna bilər. Bütöv Azərbaycan eşqi, inamı məhz belə övladların, onun yolunda qılınc çalan, haqqını qanı ilə alan qəhrəmanların sayəsində yaşayır və əlbəttə gerçək olacaqdır!

Tüklük, turançılıq ülküsünün böyük savaşçısı, düşüncə, fikir adamı Hüseyn Nihal Adsız necə deyirdi?

“Qəhrəmanlıq nə yalnız bir yüksəliş deməkdir,

Nə də yıldızlar kimi parlayıb sönməməkdir.

Bunun üçün ölümə bir atılış gərəkdir.

Atıldıqdan sonra bir daha dönməməkdir”…

Tarix
2023.02.05 / 13:54
Müəllif
Qənirə Paşayeva
Şərhlər
Digər xəbərlər

Antiterror tədbirinin nəticələri

Prezident xatırlatdı: Duyğulu anlardı…

Ermənilər bu dəvəti qəbul etmirlərsə…

“Lissabon 5”: ermənilər hansı tarixi "qeyd" edirlər...

Bu Hərəkat Azərbaycana nə qazandırıb?

Prezidentin Şuşadan “Bu qədəri bəsdir” mesajı…

Erməni zabitin xatirəsi: Bu qırğınla məqsədimizə çatdıq!

Rac Kapurun təklifindən imtina edən xalq artisti

Bakıya kənardan ordu yeritmək nəyə lazım idi?

Əri qorxub Əlincəyə sığındı, özü döyüşə girdi…

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla