Yuxarı

Rac Kapurun təklifindən imtina edən xalq artisti

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto

O, ikiyə bölünən o tay-bu taylı Azərbaycanın qızı idi. Güney Azərbaycanda doğulub boya-başa çatsa da, taleyi onu Arazın bu tayına gətirib çıxarmış, sənət uğurlarını, şan-şöhrətini, böyük xalq sevgisini burada qazanmışdı. Şöhrət zirvəsinə tez yüksəlsə də, qəlbi qübarlı idi. Ruhu, fikri Ərdəbildə qalmışdı. Azərbaycandan Azərbaycana baxıb ağlayırdı. Yurd xiffəti, vətən həsrəti yanğılı səsinə hopmuşdu sanki. Mahnılarında diləgəlməz bir kədər, dərd yükü vardı...

Sürünə-sürünə də olsa gedib doğma evini görmək, sonra ölməyi arzulayan müğənni Rübabə Muradova (1933-1983) könlünün qübarını, həsrətini, taleyinin acısını, nisgilini məlahətli, yanğılı səsi ilə elə təqdim edərdi ki, naləsi ürəkləri dağlayardı. “Öləndə bir ovuc Ərdəbil torpağını qəbrim üstə səpərsiniz” – deyən sənətkar əli çatmayan, ünü yetməyən vətəninə ömrünün sonunadək həsrət qaldı, ürəyindəki nisgili özüylə məzarına apardı...

Fiziki ömrü cəmi 50 il sürən Rübabə Muradovanın xalqımıza verdiyi bəxşiş isə uzunömürlü oldu. Yanıqlı səsi, ölməz xatirəsi yaddaşlarda əbədiləşdi, milli-mədəni irsimizə töhfə etdiyi sənət inciləri sənət tariximizin altın səhifəsinə çevrildi. Milli opera sənətimizin inkişafında əvəzsiz xidmətləri olan Rübabə Muradovanın əsas partiyaları – Üzeyir bəy Hacıbəylinin “Leyli və Məcnun”unda Leyli, “Əsli və Kərəm”ində Əsli, “Koroğlu”sunda Xanəndə qız, Müslüm Maqomayevin “Şah İsmayıl”ında Ərəbzəngi, Zülfüqar Hacıbəyovun “Aşıq Qərib”ində Şahsənəm, Şəfiqə Axundovanın “Gəlin qayası”nda Sənəm və b. dəyərli sənət örnəkləri idi. O, haqlı olaraq, XX yüzil Azərbaycan musiqisinin ən güclü səslərindən hesab olunurdu.

Rübabə Muradova 1933-cü ildə Ərdəbildə Mirzə Xəlilin ailəsində dünyaya göz açmışdı. Nənəsinin himayəsiylə böyüyən Rübabənin uşaqlıq illəri əziz Ərdəbilin təmiz havasından, bulaq suyundan, saf qəlbli insanlarının gözəl ünsiyyətindən, xalq ədəbiyyatı və musiqisindən – bayatılar, qoşmalar və muğamlarımızdan bəhrələnərək keçmişdir. Ərdəbil mühitinin təsiri onun musiqi sənətinə olan sevgi və marağını daha da artırmışdı. 11 yaşında ikən artıq rəngarəng muğamlarımızı oxuyur, müqəddəs “Qurani-Kərim”in ayələrini avazla səsləndirirdi.

Bəli, Ərdəbil toprağı Azərbaycan musiqi mədəniyyətinə, Şərqə özü kimi səsi də gözəl bir sənətkar bəxş etməkdə idi. Ərdəbildə Qızlar məktəbində təhsil alan Rübabə xanım yeniyetmə yaşlarında ailəsiylə birgə Arazın bu tayına köçür. O, təhsilini Salyanda orta məktəbdə davam etdirir. Həmin məktəbdə təhsil aldığı illərdə onun istedadını, məlahətli səsi olduğunu kəşf edirlər. Bundan sonra o, musiqi dərnəklərindən birinə üzv olur və burada tanınmış müğənni Qulu Əsgərovla tanış olur. Onun tamaşalarda, tədbirlərdə çıxışları xüsusi rəğbətlə qarşılanır.

Bir dəfə Bakıdan Dram Teatrın aktyorları Salyana qastrola gedir. Onların arasında xalq artisti Ələsgər Ələkbərov da vardı. Onlar “Vaqif” tamaşasını oynamalıydı, ancaq tamaşanın başlanmasına az vaxt qalmış bəlli olur ki, Xuramanı oynayan aktrisa xəstədir, səhnəyə çıxa bilməyəcək. Bu gözlənilməz durumdan çıxmaq və mümkün olan ən yaxşı variantla çıxmaq lazımdı. Uzun sözün qısası, həmin aktrisanı əvəz etmək Rübabə Muradovaya həvalə olunur. Tamaşadan sonra Ələsgər Ələkbərov Rübabə xanımı Bakıya – Filarmoniyaya dəvət edir. Ərəblər demiş, “bu aləmdə təsadüf yoxdur, nə olsa təvafüklükdəndir”... Beləliklə, Rübabə Muradova 1950-ci ildə Bakıya gəlir. Onun musiqi sahəsində əsas inkişafı da həmin vaxtdan başlayır. 1955-ci ildə A.Zeynallı adına Bakı Musiqi Məktəbininin (indi Azərbaycan Milli Konservatoriyası nəzdindəki Musiqi Kollecinin) Muğam sinfini (Seyid Şuşinskinin sinfini) bitirir. 1954-cü ildən isə Azərbaycan Dövlət Opera və Balet Teatrının solisti olur. Beləliklə, onun həyatında sənət yüksəlişləri, möhtəşəm uğurlar bir-birini əvəz edir. O, muğam, təsnif və xalq mahnılarının mahir ifaçısı, opera sənətinin əvəzsiz səsi kimi böyük sevgi və diqqətlə əhatə olunur.

Fəxri ad almağın bir çox sənətkar üçün əlçatmaz xəyal olduğu illərdə o, 38 yaşında Azərbaycanın xalq artisti (1971) adına layiq görülmüşdü. Keçmiş SSRİ-nin nüfuzlu ordenlərindən olan “Şərəf nişanı” ilə təltif edilmişdi. Güclü səsə, mezzo-soprano səs tembrinə sahib olan Rübabə xanımın istedadı ona Dövlət Opera və Balet Teatrının solisti kimi böyük uğurlara imza atmaq imkanı vermişdi. Leylisi, Əslisi, Şahsənəmi hələ də yaddaşlardan silinməyən müğənninin operada öz dəst-xətti, orijinal sənət istiqaməti vardı.

Rübabə Muradovanın sənətkar taleyi çox uğurlu olsa da, şəxsi həyatında bəxti gətirmir. Çox gənc yaşlarında ailə quran, bir qız övladı dünyaya gələn Rübabə xanımın həyat yoldaşı onun səhnəyə çıxmasını istəmir. Lakin güclü sənət sevgisinin ardınca gedən Rübabə Muradova ərindən ayrılmalı olur. Onun ikinci evliliyi də qısqanclıq üzündən dağılır. (Bu evlilikdən onun ikinci qız övladı dünyaya gəlir).

Sənəti üçün qurbanlar versə də, Rübabə Muradova çıxdığı səhnələrin unudulmaz sənətkarına çevrilə bilir. Üzeyir bəy Hacıbəylinin bütün operalarında baş rolun ifaçısı olmaq isə sanki alın yazısı idi. Dahi bəstəkarın musiqisi ilə Rübabə xanımın səsi gözəl bir ahəng təşkil edirdi. Müğənninin səsi, zahiri gözəlliyi, səhnə ustalığı, aktrisa məharəti bütöv bir sənət möcüzəsi yaradırdı. Operada ilk rolu Leyli olan müğənni 1956-cı ildə Opera və Balet Teatrında növbəti dəfə “Leyli və Məcnun” tamaşasında Leylini canlandırarkən tamaşaya Hindistanın məşhur kino ulduzu Rac Kapur da baxırmış. Konsertdən sonra Rübabə xanıma yaxınlaşan Rac Kapur heyrətlə bildirir: “Siz bütün tamaşa boyu ağladınız, lakin bircə dəfə də olsa, boğazınız qəhərlənmədi”...

Fars dilini gözəl bilən Rac Kapur Rübabə xanımla bu dildə danışaraq onun sənətinə rəğbətini ifadə edir və müğənniyə onunla Hindistana gedib “Leyli və Məcnun” filmində baş rola çəkilməyi təklif edir. Lakin Vətənindən bir dəfə ayrılan və bu həsrətlə yaşayan müğənni bir daha ayrılıq acısını dadmamaq üçün bu təklifi qəbul etmir.

Rac Kapuru heyrətləndirməsi isə heç də təsadüfi deyildi. O, nəinki operada, muğam sənətində də tamaşaçısını böyük ustalığı ilə heyrətləndirməyi bacarırdı. Rübabə xanım qadın xanəndələrin səsinə uyğun olmayan, bir çox sənətkarların oxuya bilmədiyi muğamları oxuyurdu. Tanınmış müğənni Əli Mirəliyev bu haqda qeyd edir: “Çox çətin muğamlar oxuyurdu. Qadınlar içində “Humayun” muğamını Rübabədən başqa heç kim oxumayıb. Bu onun şah əsəridir. “Çahargah” və “Zəminxarə”ni də qadınlar arasında ondan başqa heç kim ifa etməmişdi”.

Muğamlarımızda qəlbinin bütün duyğularını dilə gətirən Rübabə Muradova qədim xalq sənətinin bütün gözəlliyini dinləyiciyə çatdıra bilirdi. Bu muğamları dinləyəndə qeyri-ixtiyari, Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın muğam haqqında fikirlərini xatırlayırıq: “Muğam bizim qəlbimizin xüsusi məqamıdır… Muğam dəryasının sualtı cərəyanları çoxdur, bu cərəyanlara daldıqca biz insan hisslərinin sirli yelpazəsinin istiliyini hiss edə bilirik, varlığı onun bütün müxtəlifliyində dərk edirik”. Rübabə xanım öz muğam ifaçılığı ilə həmin dəryanın sualtı axınlarında məharətli qəvvas kimi üzür, qiymətli sənət incilərini tapıb üzə çıxarırdı.

Sənətkar şöhrəti elə yüksək bir zirvəni fəth etmişdi ki, Rübabə xanımın tərəf müqabili olmaq, onunla eyni səhnəni bölüşmək, bir teatrda rol almaq hər bir müğənni üçün böyük şərəf idi. 1975-ci ildə Mehdi Məmmədovun rejissorluğu ilə hazırlanan “Leyli və Məcnun”da Rübabə xanımın rol partnyoru olmaqdan qürurla xatırlayan Xalq artisti Canəli Əkbərov onunla bir səhnədə oxumağın bütün müğənnilərin arzusu olduğunu dilə gətirirdi: “Mənə deyəndə ki, Leylin Rübabə Muradova olacaq, əlim-ayağım həyəcandan əsdi. Çünki o vaxtlar Rübabə yanğılı səsi ilə çox sevilirdi və insanlar onun avazından ötrü ölürdülər. Nə başınızı ağrıdım, biz səhnəyə çıxanda, zal dağılırdı alqış sədalarından. Tamaşada “Şam” səhnəsi var, orda Rübabə necə nalə çəkirdisə, tamaşaçılar ağlaşırdı. Rübabə özü də ağlayırdı. Bəzən səhnədə göz yaşı tökmək üçün müəyyən vasitələrdən istifadə olunur, amma Rübabə o qədər təbii oynayırdı ki... Hətta deyərdim ki, səhnədə olduğunu, rol oynadığını unudurdu”.

Muğamlarımızı, təsniflərimizi qəlbini yandıran vətən dərdinin təsirilə daha yanıqlı oxuması, hamını onun Ərdəbil xiffətindən xəbərdar edirdi. Onu dinləyəndə sanki tarixin dərinliklərindən gələn bir fəryadı eşidirdin. Bu fəryadda yaralı bir ürəyin çırpıntıları ilə yanaşı, həm də parçalanmış xalqın ağır hüznü, kədəri vardı. Ərdəbil gözəlinin ən dərin, gizli hisslərinin tərcümanı olan bu səs öz sahibinin könül sirrini və təlatümünü neçə-neçə ürəklərə daşıyırdı. Bu səsdə nə yox idi? Gələni-gedəni olmadığından ot basmış Xudafərin körpüsü, Arazın sularının qəmli hekayəsi, sərhəddəki ağacların şikayəti, nakam məhəbbətin ağrısı-acısı...

Novxanı bağlarında dənizlə üzbəüz tikdirdiyi evini də Ərdəbildə qoyub gəldikləri evlərinə bənzətməklə sanki bir təsəlli tapmaq istəmişdi. “Xəstə bülbül kimi heç yerdə gümanım yoxdur” deyə nalə çəkən sənətkarın tək tutalğacı isə sənət sevgisi idi. Elə bir sevgi ki, bütöv bir xalqı özünə heyran qoymuş, düşündürmüş, ağlatmış, həyəcanlandırmışdı. O, öz Ərdəbil həsrətini bütün Azərbaycanın Güney dərdinə çevirə bilmişdi. Ecazkar səsi ilə bütöv Azərbaycan sevgisini ürəklərdə alovlandırmışdı...

Görkəmli sənətkar 1983-cü il avqustun 28-də, 50 yaşında Bakıda vəfat edəndə də həmin həsrət, dərd bitmədi... 50 illik ömrü boyunca yalnız Ərdəbili görmək arzusu ilə yaşayan müğənninin son vəsiyyəti məzarına Ərdəbil torpağının səpilməsi oldu... 37 il xəyallarında küçə-küçə dolaşdı Ərdəbili, həyətlərindəki gül-çiçəyin ətrini xatırlayıb kövrəldi, yurdunun hər qarışını göz yaşıyla xatırladı. Həyat verdiyi mahnıların qanadında o taydakı evləri gəzib dolandı. Onun qəlbi Ərdəbil həsrəti ilə yanarkən “Qara gilə”, “Heydər babaya salam”, “Unuda bilmirəm”, “Nədən oldu”, “Gəl bizə yar” kimi neçə-neçə nəğməsi hər evin qapısını sevgiylə döydü...

Bu bitməyən həsrətlə ürəyi səsində döyündü, ürəklə oxuduqları onu hamıya sevdirdi...

Cismani yoxluğundan uzun illər keçsə də, Rübabə Muradova Azərbaycanın qəlbində yaşayır, xatirəsi sevgiylə anılır. Bu yanıqlı səsi bu gün də sevgi ilə dinləyir, kövrəlir, təsirlənirik. Həyatı 50 yaşında bitən müğənninin səs ömrü davam edir...

Tarix
2023.01.25 / 13:15
Müəllif
Qənirə Paşayeva
Şərhlər
Digər xəbərlər

Cənubi Qafqazda “bir dövlət” silinə bilər - Tarasov

Qərb İrəvanda buna imkan verməyəcək – Ekspert

Nikol Tavuşda izah etdi: Bakı 4 kəndi istəyir, biz isə...

Stoltenberqin Bakı səfərinə Rusiyadan baxış

Bakı və İrəvan üçün sülh çox vacibdir - Video

Azərbaycan çox əhəmiyyətli ölkədir - Stoltenberq

Bu gün İlaxır çərşənbə qeyd olunur

Hikmət Hacıyev Çin rəsmiləri ilə görüşdü

Azərbaycan-İraq əlaqələri müzakirə olundu

Əliyev niyə Putinə təbrik zəngi etdi? – “Unudanların” diqqətinə

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla