2015-ci ildə 65,3 milyon insanın öz ölkələrindən
didərgin düşməsi qaçqın məsələsini çox aktuallaşdırıb.
Axar.az "Mepanyus"a istinadla statistikanı təqdim edir:
Suriya
Bu ölkə vətəndaşlarının 60 faizi evlərindən uzaqlarda yaşayır. 5
il öncə Bəşər Əsəd rejiminə qarşı başlayan etirazlardan sonra
milyonlarla suriyalı başqa ölkələrə köç etməyə başladı. 2011-ci
ildə suriyalı qaçqınların sayı 1 milyondan aşağı idisə, bu gün bu
rəqəm 12,5 milyona yüksəlib. Suriyalılar ABŞ, Türkiyə, Kanada və
Avropa kimi ölkələrə köç edir, sığınacaq istəyirlər.
Somali
Somali qaçqınlarının da sayı hər keçən gün durmadan artır.
BMT-nin məlumatlarına görə, 1990 və 2015-ci illər arasında Somalidə
dünyaya gələn, ancaq ölkə xaricində yaşayanların sayı iki dəfədən
çoxdur. Bu müddət ərzində bu say 850 mindən 2 milyona qədər
yüksəlib. Bir çox somalili qonşu ölkələrdə və ABŞ-da qaçqın
statusunda yaşayır. Bir qismi isə Avropadan sığınacaq almaq üçün bu
ölkələrə səfərlər edirlər. Avropadan sığınacaq tələb edənlərin
əksəriyyəti qaçqın statusu alıb.
Əfqanıstan
Avropaya sığınan qaçqınların təxminən yarısını əfqanlar təşkil
edir. 2008-ci ildən bu yana 198.500 insan sığınma tələbi ilə Avropa
ərazisinə daxil olub. Sığınacaq alanların yarısı ötən il Avropaya
daxil olub.
İsveç ərəbləşir
Miqrantların hesabına əhalisi sürətlə artan ölkələr sırasında
İsveç birincidir. Bu nisbət 2015-ci ildə 16.8 faizidisə, bu il bu
rəqəm 18,3 faizə yüksəlib. Bu müddət ərzində Norveç və Avstriyada
bu statistika 1 faiz təşkil edib. Daha az miqrant qəbul etdikləri
üçün Fransa və Böyük Britaniyada artım az müşahidə edilib.
Avropa üçün marşrut sayı da artır
Qaçqınların Avropaya getmək üçün marşrut sayında da artım var.
2015-ci ildə təxminən 1.8 milyon nəfər qeyri-qanuni yollarla Avropa
Birliyi sərhədlərini keçdi. Bu rəqəm 2014-ci ildə 280.000, 2013-ci
ildə isə 100.000 təşkil edirdi. Türkiyədən Yunanıstana keçmək
istəyənlərin əksəriyyəti də suriyalı, əfqan və iraqlılar olub.
Şərqi Aralıq dənizi marşrutlarından istifadə edənlərin sayı 2014-cü
ildə 50.000 idisə, 2015-ci ildə bu rəqəm 900.000-ə yüksəlib.
İtaliya və İspaniyaya getmək istəyənlər isə Mərkəzi Aralıq
dənizindən istifadə edib.
Avropalılar qorxur
"Pyu" Araşdırma İnstitutu tərəfindən 2016-ci ildə 10 Avropa
ölkəsində aparılan müşahidələrə görə, Avropa ölkələrinin
əksəriyyəti (Yunanlar 94 faiz, isveçlilər 88 faiz, italyanlar
77faiz) AB-nin qaçqın problemini müzakirə etməsini qəbul etmir.
AB-nin qaçqın problemini müzakirə etməsinə ən çox dəstək verən ölkə
isə Hollandiyadır.
ABŞ-a axın istiqaməti dəyişir
Ötən 30 il ərzində ABŞ-a miqrasiya edənlərin əksəri Vyetnam və
Kambocadan olub. ABŞ-a mühacirət edən vətəndaşların sayı 1980-ci
ildə 210.000-a yüksəlmişdi. Sovetlər Birliyindəki siyasi böhran,
Kosovadakı soyqırımla bağlı Avropadan da ABŞ-a böyük miqrant axını
müşahidə edilirdi. 2016-ci ildə ABŞ-a miqrasiya edənlərin
əksəriyyətini Myanma, Demokratik Konqo Respublikası və somalilər
təşkil edib.
ABŞ xalqı narahatdır
Kütləvi şəkildə miqrantların qəbulu Amerika xalqı tərəfindən də
xoş qarşılanmır. 2015-ci ilin noyabr ayında Parisdəki İŞİD
hücumlarından sonra "Blumberq Politiks" tərəfindən keçirilən
sorğuya görə, suriyalı qaçqınları istəməyənlər 53 faiz, yalnız
xristian miqrantların gəlişini dəstəkləyənlər isə 11 faiz təşkil
edib.